Təbii ki, səbir, məsuliyyət, vicdan, peşəkarlıq yaxşı müəllimin xarakterik xüsusiyyəti olmalıdır
Müəllimlik sadəcə peşə deyil, cəmiyyətin gələcəyini formalaşdıran müqəddəs missiyadır. Hər bir insanın həyat yolunda iz qoyan, ona yalnız bilik deyil, həm də düşüncə tərzi, mənəvi dəyərlər və həyat sevgisi aşılayan müəllimlər cəmiyyətin ən böyük sərvətlərindəndir. Çünki müəllim bir ömrü dəyişən sözün, doğru istiqamət göstərən məsləhətin, insanı həyata hazırlayan zəhmətin sahibidir.

Əsl müəllim auditoriyaya yalnız dərs deməyə yox, qəlblərə toxunmağa gəlir. O, şagirdinin uğuruna öz uğuru kimi sevinən, hər bir nailiyyətin arxasında gecəsini gündüzünə qatan, məsuliyyətini peşəsindən daha böyük anlayan ziyalıdır. Məhz belə pedaqoqların fəaliyyəti təhsilin inkişafına işıq tutur, gələcəyin savadlı və vətənpərvər nəslinin yetişməsində mühüm rol oynayır.
Belə fədakar, peşəsinə bağlı, pedaqoji fəaliyyətini böyük sevgi və məsuliyyət hissi ilə davam etdirən müəllimlərdən biri də Səbail rayonu R. Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Elçin Manafovdur.
Elçin müəllim uzun illərdir ki, Azərbaycan dili və ədəbiyyatının incəliklərini şagirdlərinə sevdirərək öyrədən, onların dünyagörüşünün formalaşmasına xüsusi həssaslıqla yanaşan pedaqoqlardandır. O, müəllim adının məsuliyyətini daim yüksək tutan, şagirdlərinin hər bir uğurunda öz əməyinin bəhrəsini görən, peşəsinə sevgi və əzmlə yanaşan ziyalı müəllim obrazını təcəssüm etdirir. Şagirdlərinə qarşı diqqəti, qayğıkeş münasibəti, işinə bağlılığı və pedaqoji ustalığı onu həm kollektiv, həm də şagirdləri arasında xüsusi hörmət sahibi edib.

Elçin müəllim üçün müəllimlik yalnız dərs keçmək deyil, eyni zamanda gənc nəslin mənəvi formalaşmasına töhfə vermək, onlarda ədəbiyyata, ana dilinə və milli dəyərlərə sevgi aşılamaqdır. O, fəaliyyətində daim yenilikçi yanaşmaya üstünlük verir, şagirdlərinin bilik və bacarıqlarının inkişafı üçün yorulmadan çalışır.
Təqdim etdiyimiz müsahibədə Elçin Manafovun pedaqoji fəaliyyəti, qazandığı uğurlar, müəllimlik amalına yanaşması, bu müqəddəs peşəni seçərkən qarşısına qoyduğu məqsədlər, həmçinin gələcək hədəfləri barədə ətraflı söhbət açacağıq. Müsahibəni sizə təqdim edirik.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz?-Sadəcə, müəllim kimi. 25 ildir ki, Azərbaycan dili və ədəbiyyat fənnini tədris edirəm. Həyatımın böyük hissəsini uşaqların təlim-tərbiyəsinə, onların savadlı, vətənpərvər və milli dəyərlərə bağlı bir şəxsiyyət kimi formalaşmasına həsr etmişəm. Çalışmışam ki, şagirdlərimə yalnız elmi bilikləri deyil, eyni zamanda düzgün həyat yolu, insanlıq və mərhəmət kimi bəşəri dəyərləri də aşılayım.
-Uzun illərdir təhsil sahəsində fəaliyyət göstərirsiniz. Müəllimlik yolunda qazandığınız uğurlar və pedaqoji fəaliyyətiniz barədə nələri bölüşmək istərdiniz?
-Bu illər ərzində minlərlə şagirdlə çalışmışam və onların uğurlarını özüm üçün ən böyük nailiyyət hesab edirəm. Şagirdlərimin nüfuzlu ali məktəblərə qəbul olması, müxtəlif müsabiqə və olimpiadalarda uğur qazanması mənə hər zaman qürur hissi yaşadıb. Pedaqoji fəaliyyətim boyunca çalışmışam ki, hər bir şagirdin daxili potensialını üzə çıxarım və onların özlərinə inamını artırım. Fəaliyyətimdə motivasiyam isə əməyimin dəyərləndirilməsi olub. Pedaqoji fəaliyyətə Masallı rayonunun Qəriblər kəndində başlamışam. İlk uğurlarım da həmin məktəbdə olub desəm, yanılmaram. Qısa müddətdə şagirdlərimin qazandığı uğurlara görə RTŞ tərəfindən fəxri fərmanlarla təltif olunmuşam.2004-2005-ci tədris ilindən fəaliyyətimi Bakı şəhəri Səbail rayonu R. Hüseynov adına 49 nömrəli “İntellekt” məktəb-liseydə davam etdirmişəm. Fəaliyyətimin ilk illərində Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən müsabiqələrdə uğurla iştirak etmiş və Səbail Rayon İcra Hakimiyyəti tərəfindən fəxri ada layiq görülmüşəm. Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Kurikulum layihəsində milli məsləhətçi, “Məktəb uşağın dostudur” layihəsində isə işçi qrupun üzvü olmuşam. Müəyyən müddət Dərslikləri qiymətləndirmə komissiyasının üzvü kimi də çalışmışam. Həmçinin 2007-2008-ci illərdə nəşr olunan V, VI, VII, VIII sinif Azərbaycan dili dərsliklərinin redaktoru və XI sinif ədəbiyyat dərsliyinin rəyçisi olmuşam. Dövri mətbuatda təhsil mövzusu ilə bağlı məqalələrlə çıxış etmişəm. TİKA təşkilatı tərəfindən Türkiyə Cümhuriyyətində keçirilən “Türk təhsili, türk mədəniyyəti və milli təhsil sistemini tanıtma” seminarında, həmçinin ölkəmizdə yerli və beynəlxalq təşkilatların təşkil etdiyi treninqlərdə, konfranslarda fəal iştirak edərək müvafiq sertifikatlarla təltif edilmişəm.
2009-cu ildə keçirilən “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərindən biri olmuşam. 2015-ci ildə isə cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Bu təltifləri əməyimə verilən yüksək dəyər hesab edirəm.
-Uğurlarınız sizdə hansı məsuliyyət hissini formalaşdırıb?-Qazandığım uğurlar məndə daha böyük məsuliyyət hissi yaradıb. İnsan dövlət, cəmiyyət tərəfindən dəyər gördükcə daha yaxşı işləməyə və daha çox faydalı olmağa çalışır.
-Niyə məhz müəllimlik peşəsini seçdiniz?
-Həmişə müəllimlərimə böyük hörmətim və sevgim olub. Məktəbdə müəllimlərimin danışığını, davranışını özümə nümunə bilmişəm. Amma bu ixtisası seçməyimdə Aslan Qəhrəmanovun romanı əsasında çəkilmiş “Unuda bilmirəm” tamaşasının da böyük rolu oldu. Həmin filmdə mərhum aktyorumuz Yaşar Nurinin çox böyük sənətkarlıqla yaratdığı Elçin müəllim obrazı var idi. Xarakterik bir obraz idi. Tamaşanı ilk dəfə seyr edəndə hələ ibtidai sinifdə oxuyurdum. Amma sanki Elçin müəllim obrazı onsuz da müəllim sənətinə olan məhəbbətimi birə-beş artırdı və sonradan məhz müəllim olmağıma səbəb oldu.
-Sizin fikrinizcə, yaxşı müəllimi fərqləndirən əsas xüsusiyyətlər hansılardır?
-Yuxarıda qeyd etdiyim kimi, şagird müəllimin davranışından, danışığından və münasibətindən nümunə götürür. Ona görə də müəllim ilk növbədə yaxşı insan olmalı və şagirdə sevgi ilə yanaşmalıdır. Təbii ki, səbir, məsuliyyət, vicdan, peşəkarlıq yaxşı müəllimin xarakterik xüsusiyyəti olmalıdır. Eyni zamanda, müəllim daim öz üzərində işləməli, yeniliklərə açıq olmalıdır.
Pedaqoji fəaliyyətim boyunca çalışmışam ki, hər bir şagirdin daxili potensialını üzə çıxarım və onların özlərinə inamını artırım
-Müəllimlik peşəsinin görünməyən tərəfləri və ən böyük çətinlikləri nələrdir?
-Müəllimlik yalnız dərs keçmək deyil. Bu peşənin görünməyən tərəfləri də var. Müəllim həm də psixoloq, tərbiyəçi və yol göstərən rolunu oynayır. Müəllim şagirdlərini düşünür, onların problemləri ilə maraqlanır və hər birinin gələcəyi üçün narahat olur. Ən böyük çətinliklərdən biri isə hər bir şagirdin xarakterinə və dünyagörüşünə uyğun fərqli yanaşma tapmaqdır.
-İlk dərs gününüzü necə xatırlayırsınız?
-Həmin gün sinifə daxil olduğum an həm qürur, həm də məsuliyyət hissi yaşayırdım. İlk dəfə müəllim kürsüsündə dayanmaq mənim üçün unudulmaz bir an idi. Şagirdlərin diqqətlə mənə baxması və mənim onlara ilk sözlərimi deməyim yaddaşıma həkk olunub: 25 il keçsə də…
-İlk illərlə müqayisədə, bugünkü təhsil sistemində hansı dəyişiklikləri müşahidə edirsiniz?
-Bu gün müasir texnologiyanın tətbiqi, interaktiv dərslər, elektron resurslar və yeni tədris metodları təhsilin inkişafına öz töhfəsini verir. Dövlət qayğısı nəticəsində məktəblərdə yaradılan şərait şagirdlərin informasiya əldə etmək imkanlarını da genişləndirib. Məhz bu səbəbdən müəllimdən daha çevik, hazırlıqlı və yeniliklərə uyğunlaşan biri olmaq tələb olunur.
-Şagirdlərdə kitaba və ədəbiyyata maraq oyatmaq üçün hansı metodlardan istifadə edirsiniz?
-İlk növbədə çalışıram ki, dərsləri daha maraqlı və canlı keçim. Bədii nümunələri həyat hadisələri ilə əlaqələndirərək, şagirdlərlə müzakirələr aparıram. Əsərləri təhlil edərkən şagirdlərin sərbəst fikir bildirməsinə şərait yaratmaq onlarda xüsusi maraq oyadır. Həmçinin onlara mütaliənin nitq inkişafı üçün faydalarını da anlatmağa çalışıram.
-Məktəbdə keçirilən tədbirlərin təlim-tərbiyə prosesində rolunu necə dəyərləndirərdiniz?-Çox mühüm məsələyə toxundunuz. Qeyd etdiyiniz tədbirlər şagirdlərin təşkilatçılıq qabiliyyətinin, auditoriya qarşısında müstəqil fikir yürütmə bacarığının formalaşmasına təkan verir. Eyni zamanda, tarixi günlərimiz, tarixi şəxsiyyətlərimiz, milli bayramlarımız və sair haqqında tədbirlər, qazilərlə, tanınmış söz sənətkarları, ictimai xadimlərlə görüşlər, diskussiyalar onların dünyagörüşünün formalaşmasında, vətənpərvərlik ruhlarının yüksəlməsində müstəsna rol oynayır. Məktəbimizin direktoru Elza Bağırzadə məhz bu amili nəzərə alaraq tədris ili ərzində əvvəlcədən hazırlanmış plana əsasən, qeyd edilən tədbirlərin keçirilməsini diqqətdə saxlayır.
-Müasir dövrdə texnologiyanın inkişafı tədris prosesinə necə təsir göstərir?
-Tədris prosesinin ayrılmaz hissəsinə çevrilən müasir texnologiya müəllim üçün də böyük imkanlar yaradır və dərsləri daha dinamik edir. Dərslərimdə mümkün qədər elektron təqdimatlardan, videomateriallardan və müxtəlif interaktiv platformalardan istifadə edirəm. Bu üsullar şagirdlərin diqqətini daha çox cəlb edir və mövzunu daha yaxşı mənimsəmələrinə kömək edir.
-Şagirdlərinizə həyat yolunda ən çox hansı tövsiyələri verirsiniz?-İnsanı yüksəldən əsas amil gözəl əxlaq və savaddır. Şagirdlərimə dürüst olmağı, zəhmətdən qorxmamağı və daim öz üzərlərində işləməyi, yeni biliklər əldə etməyi tövsiyə edirəm. Onlara milli-mənəvi dəyərlərimizi qorumağı, eyni zamanda, açıq düşüncəli insanlar kimi formalaşmağı məsləhət bilirəm. Qarşılarına hansı çətinlik çıxsa belə, öz məqsədlərindən vaz keçməsinlər və heç vaxt inamlarını itirməsinlər.
Bir şagirdimin “Hansı ixtisası seçəcəksən?”- sualıma “Sizin kimi müəllim olmaq istəyirəm,”- deməsi xoş xatirə kimi yadımda qalıb
-Müəllim–şagird–valideyn əməkdaşlığı hansı rolu oynayır?
-Uğurlu nəticənin əsasında qarşılıqlı hörmət və düzgün ünsiyyət dayanır. Sağlam təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığı çox vacibdir. Valideyn məktəblə sıx əlaqədə olduqda, müəllim və valideyn birlikdə çalışdıqda şagirdin inkişafı daha müsbət istiqamətdə irəliləyir.
-Yaddaşınızda silinməz iz qoyan bir xatirə?
-Bir şagirdimin “Hansı ixtisası seçəcəksən?”- sualıma “Sizin kimi müəllim olmaq istəyirəm,”- deməsi xoş xatirə kimi yadımda qalıb.
-Ailənizin və həmkarlarınızın dəstəyi sizin üçün nə qədər önəmli olub?
-Ailəmin və həmkarlarımın dəstəyi mənim üçün hər zaman böyük motivasiya olub. Müəllimlik kimi çətin peşədə insanın mənəvi dəstəyə ehtiyacı daha çox olur. Məktəb rəhbərliyinin və kollektivin etimadı mənə daha həvəslə çalışmağa stimul verib.
-Azərbaycan dilinin saflığının qorunması barədə fikirləriniz?
-Milli varlığımızın simvolu olan Ana dilimizin saflığını qorumaq hər birimizin müqəddəs borcudur. Müasir texnologiyalar və sosial şəbəkələr dilimizin inkişafına həm müsbət, həm də mənfi təsir göstərir. Sevindirici haldır ki, gənclər daha çox informasiya əldə edirlər. Amma bəzən ədəbi dil normalarına əməl olunmaması narahatlıq doğurur. Bu məsələdə xüsusilə ədəbiyyat müəllimlərinin üzərinə böyük məsuliyyət düşür.
-Ana dilimizin qorunması üçün gənclərə nə tövsiyə edərdiniz?
-Gənclərə daha çox kitab oxumağı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı, dilimizə tərcümə edilmiş dünya ədəbiyyatı nümunələri ilə də yaxından maraqlanmağı tövsiyə edirəm. İnsan çox oxuduqca nitqi zənginləşir və fikrini daha düzgün, səlis ifadə etməyi bacarır. Bu isə dilin qorunmasına öz töhfəsini verir.
-Gənc müəllimlərə hansı tövsiyələri vermək istərdiniz?
-Gənc müəllimlərə tövsiyəm budur ki, müəllimlik peşəsinə yalnız iş kimi yanaşmasınlar. İşlərini sevərək və məsuliyyətlə yerinə yetirsinlər. Daim öz üzərlərində işləsinlər, yeniliklərə açıq olsunlar və şagirdlərin qəlbinə yol tapmağı bacarsınlar.
Gənclərə daha çox kitab oxumağı, klassik və müasir Azərbaycan ədəbiyyatı ilə yanaşı, dilimizə tərcümə edilmiş dünya ədəbiyyatı nümunələri ilə də yaxından maraqlanmağı tövsiyə edirəm
-Azərbaycan təhsilinin gələcəyi barədə nə düşünürsünüz?
-Azərbaycan təhsilinin parlaq gələcəyinə inanıram. Düşünürəm ki, müasir texnologiyaların tətbiqi, müəllimlərin peşəkar inkişafı və milli dəyərlərə əsaslanan təhsil sistemi gələcəkdə təhsilimizə daha böyük uğurlar qazandıracaq. Bu şərəfli yolda bütün təhsil işçilərinə uğurlar arzulayıram.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz?
-Açığı, bu suala indi cavab verməyim bir az tələsiklik olar. Çünki hələ görəcəyim çox işlər var…
Beləliklə, müsahibəmizin sonuna gəlib çatırıq. Elçin müəllimlə söhbətimiz bir daha göstərdi ki, müəllimlik yalnız peşə deyil, böyük məsuliyyət, mənəvi zənginlik və insan taleyinə toxunan müqəddəs missiyadır. Bu müsahibə zamanı onun pedaqoji fəaliyyətə sevgisinin, şagirdlərinə olan xüsusi həssas münasibətinin, müəllim adına verdiyi yüksək dəyərin və gələcək nəsillərin yetişməsinə olan səmimi bağlılığının şahidi olduq.
Elçin müəllimin fikirlərində həm müəllim məsuliyyəti, həm də bir ziyalının cəmiyyət qarşısındakı vətəndaş mövqeyi aydın şəkildə hiss olunurdu. Şagirdlərinin uğurunu öz uğuru hesab edən, onların inkişafı üçün yorulmadan çalışan belə pedaqoqlar təhsilimizin ən böyük dəyərlərindəndir.
Maraqlı və səmimi müsahibə, dəyərli fikirlər və bizimlə bölüşdüyünüz həyat təcrübəsi üçün sizə təşəkkürümüzü bildiririk. İnanırıq ki, sizin kimi müəllimlərin fəaliyyəti gələcək nəsillərin formalaşmasında daim mühüm rol oynayacaq.
Elçin müəllim, sizə gələcək pedaqoji fəaliyyətinizdə yeni uğurlar, möhkəm can sağlığı, tükənməyən enerji və bol nailiyyətlər arzulayırıq. Arzu edirik ki, hər zaman şagirdlərinizin sevgisini qazanan, peşəsinə böyük sevgi və məsuliyyətlə yanaşan müəllim olaraq fəaliyyətinizi uğurla davam etdirəsiniz. Səbriniz, zəhmətiniz və əməyiniz daim bəhrəsini versin. Allah Sizi qorusun, yolunuzu daim açıq etsin.
Bir daha təşəkkür edir, fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.