Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyasının artıq 5-ci günündəyik. Bu günədək bir sıra mötəbər tədbirlər, sessiyalar, görüşlər və mətbuat konfransları keçirilib.
Bu fikirləri WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media Əlaqələri üzrə meneceri Eldar Rəsulov bildirib.
O qeyd edib ki, forum çərçivəsində görülən işlərin geniş ictimaiyyətə çatdırılmasında media nümayəndələrinin rolu xüsusi əhəmiyyət daşıyır: “Fürsətdən istifadə edərək bütün media nümayəndələrinə apardıqları işıqlandırma və maarifləndirmə fəaliyyətinə görə təşəkkür edirəm. Gün ərzində 150-dən çox tədbir işıqlandırılır”.
E.Rəsulov diqqətə çatdırıb ki, media nümayəndələrinin rahat fəaliyyəti üçün forum ərazisində bütün zəruri şərait yaradılıb: “Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən media mərkəzində canlı yayım otaqları, müsahibə otaqları, standart mövqelər və bəyanat zonaları təşkil olunub”.
O, həmçinin vurğulayıb ki, WUF13 əvvəlki sessiyalardan bir sıra mühüm xüsusiyyətlərinə görə fərqlənir: “Bu sessiyanın əsas fərqləndirici cəhətlərindən biri rekord göstəricilərlə yadda qalmasıdır. İlk növbədə iştirakçı qeydiyyatı üzrə rekord qeydə alınıb. Belə ki, sessiyada iştirak etmək üçün 40 mindən çox şəxs qeydiyyatdan keçib”.
Media Əlaqələri üzrə Menecer nəzərə çatdırıb ki, builki forumda əvvəlki sessiyalarda olmayan bir sıra yeniliklər də tətbiq edilir: “WUF Akademiyası, Biznes və İnnovasiyalar Mərkəzi yaradılıb. Bundan əlavə, Yeni Şəhərsalma Gündəliyinin icra vəziyyətinin müzakirəsi məqsədilə tədbirin ilk günündə yüksək səviyyəli nazirlər görüşü təşkil olunub. Bütün bunlar WUF13-ü fərqləndirən mühüm məqamlardır”.
Yaqut Ağaşahqızı, “İki sahil”