21 may 2026 22:36
117

Bakı dünyada səhərsalmanın və memarlığın unikal təcrübə məktəbi kimi

İradə Hüseynova,
Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor,
Azərbaycan Respublikasının  Əməkdar müəllimi  

44 günlük Vətən müharibəsində şanlı Qələbəsi ilə  dünyaya səs salan, ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək yeni dövrə qədəm qoyan Azərbaycan yaratdığı reallıqlar fonunda istər regionda, istərsə də dünya siyasətində yol açdığı  yeniliklərlə diqqətdədir. Yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə Azərbaycan hər zaman olduğu kimi, sülh, təhlükəsizlik, əməkdaşlıq çağırışlarını davam etdirir, bunu real addımları ilə təsdiqləyir. Ölkəmiz təkmil sülh modelini dünyaya təqdim etməklə bir daha göstərdi ki, sülh və ədalət uğrunda güclü siyasi iradə, cəsarət və sadiqlik nümayiş etdirmək kifayətdir ki, məqsədə nail olunsun.  Ermənistan  əzəli torpaqlarımızın 20 faizini  işğal etdikdən somra suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası  30 il çəkdi. İşğal altında olan  ərazilərimizi güc vasitəsilə azad etdik və sülhə siyasi yollarla nail olduq. Beləliklə, tam əminılikə deyə bilərik ki, bu gün Azərbaycan beynəlxalq miqyasda  sülhün və təhlükəsizliyin təmin olunması sahəsində bütütn dünyaya nümunə olan nadir təcrübəyə malikdir. Şübhəsiz, uğurlarımızın təməlində Lider və düşünülmüş siyasət amilləri dayanır. Ümummilli Lider Heydər Əliyevin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə başlanan inkişaf yolunu 2003-cü  ildən başlayaraq uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı bugünkü inkişaf səviyyəsinə yüksəltdi. Məhz bütün bunlara görə bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı iqtisadi, siyasi, humanitar, diplomatik mərkəzə çevrilən güclü, qüdrətli, qalib Azərbaycanla qürur duyur. Ölkəmizin ev sahibliyi etdiyi qlobal tədbirlərin coğrafiyasının günbəgün genişlənməsi Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, dünyada söz sahibliyinin, qlobal problemlərin həllinə verdiyi töhfələrin, sabit, təhlükəsiz ölkə kimi tanınmasının nəticəsidir. Ən əsası, dünyaya təqdim edilən nümunəvi inkişaf modeli bütün sahələrdə qazandığımız zəngin təcrübəni, hədəflərə doğru inamla addımlamağa stimul verən yol xəritəsini özündə təcəssüm etdirir.

Bu gün Azərbaycan milli inkişaf strategiyamızın əsas tərkib hissəsi olan şəhərsalma sahəsində qazandığı təcrübəni paytaxtımız Bakıda 182 ölkədən 45 mindən artıq nümayəndə ilə bölüşür. Bəli, dünyanın diqqəti növbəti dəfə  Azərbaycana, onun paytaxtı Bakı şəhərinə  yönəlib. Mayın 17-də başlayan və bu ayın  22-dək davam edəcək, BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilən  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusu ətrafında şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi ilə dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Şəhərlərin gələcəyini müzakirə etmək üçün Bakıda bir araya gələn 182 ölkədən 45 mindən artıq iştirakçı arasında ölkəmizdə ilk dəfə olanlar az deyil. Azərbaycanla yaxından  tanışlıq onlar üçün  təəssüratlarının gerçəkliklərlə əvəzlənməsi deməkdir. Bu baxımdan dövlət başçısı İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimindəki çıxışında  “Düşünürəm ki, Bakıda bu günlər ərzində, ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və şəhərimizi daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində Azərbaycanda görülən işləri öz gözləri ilə görmək imkanını qazanacaqlar” söylədi və əlavə olaraq onu bildirdi ki, Azərbaycan Avropa ilə Asiya arasında yerləşir və hər zaman Şərqin Qərb ilə qovuşduğu məkan olub. Bu, həmçinin ölkəmizin memarlığında əks olunub. Beləliklə, əgər qonaqlar Bakıda İçərişəhərin qədim divarları arasında gəzsə, sonra bircə küçəni keçsə, özünü tamamilə müasir mühitdə hiss edəcək.

Prezident İlham Əliyev bu fikirləri ilə qədimliklə müasirliyin vəhdətini yaradan Bakımızın  gözəl şəhərlər sırasında yer almasını şərtlləndirən amillərə diqqəti yönəltmiş olur. Görünən reallıqlarımızdan biri də budur ki, şəhərsalma və davamlı inkişaf Prezident İlham Əliyev tərəfindən Azərbaycanın sosial-iqtisadi gündəliyinin əsas strateji prioritetləri kimi müəyyən edilib. Müasir şəhər ekosistemlərini inkişaf etdirərkən memarlıq irsinin qorunması dövlət siyasətinin əsas sütunu olaraq qalır. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə  2026-cı ilin ölkəmizdə  “Şəhərsalma və Memarlıq İli” elan edilməsi bu sahəyə diqqətin bariz nümunəsidir.

Bakı həm qədimliyi, həm də müasirliyi özündə birləşdirən nadir şəhərlərdəndir.  Bu gün Bakı küçələrini qarış-qarış  gəzən hər bir qonaq Şərq və Qərb mədəniyyətinin harmoniyasını, sürətli urbanizasiya ilə tarixi irsin qorunması arasındakı balansı öz gözləri ilə görür. Eləcə də digər Azərbaycan şəhərləri özünəməxsus memarlığı ilə seçilir. Azərbaycanda şəhərsalma  və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır. Azərbaycanın şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərləri ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır. Azərbaycan milli memarlığı qədim tarixə, zəngin ornamentlərə və unikal şəhərsalma ənənələrinə malik çoxəsrlik irsdir. Bu ənənələr Şərq və Qərb mədəniyyətlərinin sintezindən yaranaraq, özündə əsrlərin memarlıq təcrübəsini birləşdirir.  Qız qalası və Şirvanşahlar Sarayı kimi möhtəşəm abidələr milli memarlıq məktəbinin zirvəsini təşkil edir. Sovet dövründə və sonrakı illərdə milli memarlıq ənənələri unudulmayıb, əksinə geniş vitrajlar, minimalist formalar və milli ornamentlərin vəhdəti ilə müasir binalarda yaşadılıb. Qədim dövrlərdən bəri həyata keçirilən şəhərsalma modeli ekoloji prinsipləri və milli texnologiyaları mükəmməl birləşdirir. Müasir dövrdə tarixi ənənələr hazırda  işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında, Böyük Qayıdış Proqramının uğurlu icrasında və şəhərlərin Baş planlarında, müasir çağırışlara cavab verən  dayanıqlı yaşayış məskənlərinin qurulmasında  öz əksini tapır.

Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyaının  açılış mərasimində Bakıda aparılan müasir şəhərsalma prosesindən nümunələri diqqətə çatdırdı. Dövlətimizin başçısı  bildirdi ki,  Bakı hələ 1846-cı ildə dünyada ilk dəfə neft hasil etmiş şəhər olub və sonra 180 il ərzində demək olar ki, bütün illərdə ətraf mühitin qorunmasına sıfır dərəcə riayət edilib: “Beləliklə, Bakı çox çirklənib və Bakının Qara şəhər, Bibiheybət və Böyükşor kimi bəzi hissələrini qeyd etsəm, ola bilsin, əcnəbilər üçün bu, bir məna kəsb etmir. Lakin əgər vaxt tapıb həmin yerləri ziyarət etsəniz, bəzi videomateriallara və ya şəkillərə baxsanız, onların 20 il öncə və indi necə göründüyünü başa düşərsiniz və Bakıda ətraf mühitə uyğun məkanın yaradılması üçün görülmüş işləri təsəvvür edərsiniz. Çox çirklənmiş Qara şəhər əvəzinə bu gün şəhərsalmanın nümunəsi olan Ağ şəhəri görə bilərsiniz. Yeri gəlmişkən, o, çirkləndiyinə görə Qara şəhər adlanırdı. Bu, şəhər daxilində bir şəhər idi. Şəhərsalmanın digər təzahürü “Sea Breeze” istirahət məkanıdır və mən müsafirlərimizə, xüsusən də soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm.” Prezident İlham Əliyev çəhərsalma və memarlıq sahəsində bu günümüz və gələcəyimizlə bağlı çağırışlarını özündə ehtiva edən  həmin proqram xarakterli çıxışında bu məqamı da xüsusi qeyd etdi ki, biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq. Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki, növbəti nəsil də eyni cür edəcək.

Bu gün azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri yeni şəhər modelinin təqdimatıdır. Görülən işlərə diqqət yetirsək, tarixi və dini abidələrimizin bərpasına xüsusi diqqət yetirildiyini daha aydın  görə bilərik. Baxmayaraq ki, ermənilər 30 ildə bu torpaqlarda Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi yerlə-yeksan etmiş, bi dənə də olsun tikili saxlamamışdılar. Lakin qurucu, tarixinə, milli-mənəvi dəyərlərinə, milli irsinə sahib çıxan və qoruyan xalqımız bu torpaqlarda ilk olaraq tarixi və dini abidələrimizin bərpasından başladı. Tarixi və dini abidələrimiz xalqımızın tarixi keçmişinə və mədəniyyətinə verilən dəyərin ən bariz nümunəsidir. Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu hər bir addımında nümayiş etdirir.  Bu ali dəyərlər milli kimliyimizin göstəricisidir. Azad edilmiş ərazilərimizdə erməni işğalı zamanı dağıdılmış tarixi və dini abidələrin bərpası istiqamətində genişmiqyaslı işlər aparılır. Bu prosesdə müstəsna rol oynayan Heydər Əliyev Fondu dini məbədlərin, məscidlərin və tarixi abidələrin əvvəlki görkəminə qaytarılmasını təmin edir. Fond tərəfindən Ağdam Cümə məscidi, Şuşa şəhərindəki Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidləri, həmçinin Zəngilan və digər rayonlardakı məscidlərdə əsaslı bərpa və restavrasiya işləri həyata keçirilir. Abidələrin yenidən qurulması zamanı onların tarixi, orijinal memarlıq üslubu və milli kimliyi tam qorunur, müasir texnologiyalar və konservasiya üsulları tətbiq olunur. Bu mühüm addım gələcəyimizə çağırışdır- Tariximizi unutmayaq, indiki və gələcək nəsillərə  daha dolğun şəkildə çatdıraq. Ümummilli Lider Heydər Əliyevin  çağırışlarında qeyd olunduğu kimi, Azərbaycanın gələcəyi  gənclərə nəyi  və necə öyrətməyimizdən asılıdır. 

  Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına yüksək səviyyədə ev sahibliyini şərtləndirən amillər ölçüyəgəlməzdir. Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilib. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır. Dövlətimizin başçısı İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycanın əsrlərdən bu gündək gəlib çatan abidələrimizdən, daş yaddaşımızdan  qonaqlara geniş bəhs etdi. Bildirdi ki,  nəinki Bakı, o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər. 

Forum Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi, şəhərsalma sahəsində əldə etdiyi uğurların dünya ictimaiyyətinə təqdim olunması və ölkəmizin dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfənin daha geniş şəkildə nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.  Bu reallığı da xüsusi qeyd etməliyik ki, müasir dövrdə şəhərsalma və ətraf mühit gündəlikləri bir-biri ilə sıx bağlı olduğundan, şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşdırılması və dayanıqlı inkişaf məsələləri beynəlxalq müzakirələrin əsas istiqamətlərindən birinə çevrilib. Bu səbəbdən COP platformalarında şəhərsalma mövzularına maraq və diqqət ildən-ilə artır. WUF13-ün uğuru həm də COP29-da əldə edilən nailiyyətlərin məntiqi davamıdır. 2024-cü ildə  Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim diplomatiyasında dönüş nöqtəsi olaraq qəbul edildi.  Bu qlobal zirvə çoxtərəfliliyi və həmrəyliyi gücləndirərək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynadı. COP29-un hər bir iştirakçısı tədbirin yüksək səviyyədə təşkilini, Azərbaycanın sözün əsl mənasında yaşıl keçidin güclü carçısı olduğunu təqdir etdi. COP29-un fərqliliyi xüsusi vurğulandı. Real olan budur ki, Azərbaycan qlobal problemlərin həllinə dəstəyini əsirgəmir, hər bir ölkəyə kömək etməkdə maraqlıdır və bunu atdığı addımları ilə təsdiqləyir. Ümumdünya Şəhərsalma Forumu da ekoloji gündəliyə sadiq qalaraq şəhərlərin daha yaşıl, davamlı və inklüziv olması üçün yeni yol xəritələri təqdim etdi. Forumun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu, ilyarım əvvəl Azərbaycanda keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir və Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq.

   WUF13 çərçivəsində, Forum tarixində ilk dəfə olaraq Liderlər Sammitinin   proqrama daxil edilməsi Bakı sessiyasının qlobal idarəetmədəki xüsusi çəkisini nümayiş etdirdi.  Liderlər Sammitində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsi, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri yüksək dəyərləndirildi.  Çıxışlarda  WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğu vurğulandı,  tədbirin mühüm əhəmiyyəti qeyd edildi. Çıxışlarda bu məqam dönə-dönə vurğulandı ki, Prezident İlham Əliyev  Bakını elə bir məkana çevirib ki, burada hər kəs gələcəkdən bəhs edir. Azərbaycan bu Forum vasitəsilə təkcə öz nailiyyətlərini nümayiş etdirmir, həm də qlobal mənzil böhranı, iqlim dəyişikliyinin şəhərlərə təsiri və inklüziv planlaşdırma kimi kəskin çağırışların həllində beynəlxalq birliyi həmrəyliyə çağırır. Azərbaycan regional çərçivələri aşaraq qlobal şəhərsalma gündəliyini formalaşdıran aparıcı aktora çevrilib.

 Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız memarlıq və infrastruktur layihələrinin müzakirəsi üçün deyil, həm də şəhərlərin sosial məsuliyyəti, mənzil təminatı, inklüzivlik və dayanıqlı gələcək məsələləri üçün mühüm platforma oldu. Qeyd etdiyimiz kimi, mənzil böhranı, qeyri-rəsmi yaşayış məkanları, iqlim çağırışları və insanların təhlükəsiz həyat şəraitinə çıxışı əsas mövzular sırasında yer aldı. Əlçatan, təhlükəsiz və keyfiyyətli mənzilə təminat müasir dünyanın əsas çağırışlarından biridir. Bu gün şəhərlər iqtisadi inkişafın, innovasiyaların və insan kapitalının mərkəzinə çevrilir. Eyni zamanda, şəhərlər iqlim dəyişikliklərinin nəticələri, infrastruktura artan təzyiq, mənzil problemləri və təhlükəsizlik məsələləri ilə ilk üzləşən məkanlardır. Forumdakı çıxışlarda bu əminlik ifadə olundu ki, tədbirin  nəticələri şəhər inkişafının gələcəyini formalaşdıracaq və ölkələrimizin dayanıqlı rifahını təmin edəcək, qabaqcıl həllərin hazırlanması üçün möhkəm zəmin yaradacaq. İndiyədək bu xarakterli heç bir sessiya WUF13 qədər geniş və müxtəlif qlobal auditoriyanı bir araya gətirməyib. Bu isə mənzil və dayanıqlı şəhər inkişafının ortaq gələcəyimizin mərkəzində dayanmasını bir daha təsdiqləyir. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın bu qlobal gündəliyə öz şəhərsalma təcrübəsi ilə töhfə verdiyini göstərdi.

 Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi çağırışlar  Azərbaycanın yeni inkişaf mərhələsinin strateji mahiyyətini nümayiş etdirdi.  Cənab İlham Əliyevin çıxışında diqqət göstərdiyi  əsas məqamlardan biri müasir şəhərsalma modelinin tərkib hissəsi olan  azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri oldu. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Azərbaycan dövlətinin şəhərsalma sahəsində strateji baxışını və icra imkanlarını nümayiş etdirir. Otuz il ərzində şəhər və kəndlər tamamilə viran edilmiş, tarixi-mədəni irsimiz dağıdılmış, torpaqlar geniş miqyasda mina çirklənməsinə məruz qalmış, bir milyondan artıq azərbaycanlı öz yurd-yuvasından didərgin salınmışdır. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər sayəsində həmin ərazilərin işğaldan azad edilməsi ölkəmiz üçün bərpa, yenidənqurma və dirçəliş dövrünün əsasını qoydu. Böyük Qayıdış Proqramının uğurlu icrası nəticəsində artıq 10 şəhər- Füzuli, Laçın, Cəbrayıl, Kəlbəcər, Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam və Zəngilan sakinlərinə qovuşub. Şəhər və kəndlərimiz Baş plan əsasında bərpa edilir. Burada şəhərsalmanın müasir təcrübəsi tətbiq edilir. Prezident İlham Əliyevin  çıxışında da bu çağışlar xüsusi   vurğulandı ki, müasir şəhər modeli artıq sadəcə binaların və infrastrukturun qurulması ilə məhdudlaşmır. Yeni dövrün şəhərləri rəqəmsal idarəetmə, yaşıl enerji, ekoloji təhlükəsizlik, sosial inklüzivlik və milli-mədəni identiklik prinsipləri üzərində formalaşmalıdır. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” layihələri də məhz bu strateji baxışın təqdimatıdır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Hökumətinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafatı – “Bakı Şəhərsalma Mükafatı”nı təsis etməsi gələcəyimizlə bağlı mühüm çağırışların təqdimatında əhəmiyyətli rol oynayır.

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının mövzusu özündə biri-birindən mühüm məsələlərin müzakirəsini birləşdirdi. Həm iştirakçıların say tərkibi, həm tədbirin mövzusu, həm də keçirildiyi məkan Forumun əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Təbii ki, Azərbaycanın yüksək səviyyədə təşkilatçılığı ilə yüksək səviyyədə keçirilən Bakı Forumu ilə bağlı fikirlərimizi bir yazıda əhatə etməyimiz mümkün deyil. Hər bir məsələnin həllində Azərbaycanın yanaşması, nümayiş etdirdiyi təcrübə ayr-ayrı yazıların mövzusudur. Bununla belə qısa təhlil əsasında bu ümumiləşdirməni apara bilərik ki,  Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına 182  ölkədən qatılan 45 mindən çox iştirakçı qabaqcıl ekoloji və innovativ şəhər həllərini təqdim edir. Bu, ölkəmizdə infrastruktur və memarlıq sahəsində ən son yeniliklərin tətbiqinə yol açır. Azad Qarabağda və azad Şərqi Zəngəzurda  bərpa proseslərində tətbiq olunan “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları kimi təcrübələr beynəlxalq səviyyədə təqdir  edilir. Forum zamanı Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat təsis etdi. Bu, ölkəmizin urbanizasiya sahəsində qlobal mərkəzlərdən birinə çevrilməsini təmin edir. Forum çərçivəsində müxtəlif dövlətlərlə, xüsusilə urbanizasiya və infrastruktur layihələrinə ehtiyacı olan ölkələrlə  əməkdaşlıq perspektivləri genişlənir. Bu sessiya həm də Azərbaycanın dayanıqlı inkişaf və iqlim dəyişikliklərinə qarşı mübarizə hədəflərinə şəhərsalma kontekstində böyük töhfələr verir. Forumun ən diqqətəlayiq məkanlarından biri WUF tarixində indiyə qədər təşkil edilmiş ən böyük sərgi olan 3,5 hektarlıq “Şəhər sərgi zonası”dır. Sərgidə dünyanın 217 təşkilatı iştirak edir, 66 ölkə isə innovativ şəhər həlləri, mənzil layihələri və davamlı inkişaf təşəbbüslərini nümayiş etdirən milli pavilyonlar vasitəsilə təmsil olunur.

 Bir sözlə, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakı şəhərində keçirilməsi olduqca rəmzidir. İştirakçıların rəylərində də qeyd edildiyi kimi, Bakı müasir urban infrastruktur və qlobal rabitənin təzahürüdür. Bakının tarixi İçərişəhəri sivilizasiyalararası əlaqələri əks etdirir. Forumun əhəmiyyətindən bəhs edərkən qonaqlar bu məqamı da xüsusi vurğuladılar ki,  Prezident İlham Əliyevin çıxışını dinləmək çox ruhlandırıcı idi. Azərbaycan Prezidenti dayanıqlı inkişaf və dayanıqlı şəhərlər haqqında maraqlı fikirlərini paylaşdı. Cənab İlham Əliyevin Liderliyi Bakını və Azərbaycanı dəyişir, Azərbaycan qlobal səviyyədə əlaqələrə malik, çevik bir məkana çevrilir. Bakı dayanıqlılıq, transformasiya və təkamülün təcəssümüdür. Forumun Azərbaycanda keçirilməsi qərarı ölkəmizin əsas qlobal tədbirləri təşkil etmək qabiliyyətinə olan güclü beynəlxalq inamı və müasir şəhərsalma siyasətinin tanınmasını əks etdirdi. WUF13-ə uğurlu ev sahibliyi Azərbaycanın qlobal şəhər problemlərinin həllinə və dünyada təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin təşviqinə artan töhfəsini nümayiş etdirdi. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyev Bakını hər kəsin gələcəkdən bəhs etdiyi məkana çevirib.