22 may 2026 16:27
111

Sevinc Fətəliyeva: Qadınların şəhər mühitinin formalaşdırılmasında iştirakı şəhərləri daha inklüziv edir

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Qadınlar ümidləri yenidən qurur: postmünaqişə ərazilərində yaşayış, inklüzivlik və dayanıqlı icmalar” mövzusunda panel müzakirəsi keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, “Azərbaycan Şəhər Kampaniyası” və “Qadın İslahatçıları və İnnovasiyalar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə postmünaqişə dövründə bərpa prosesləri, əhalinin doğma torpaqlara qayıdışı, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılması, eləcə də qadınların sülh quruculuğu və sosial dayanıqlığın təmin olunmasındakı rolu müzakirə olunub.

“İki sahil” xəbər verir ki, panel müzakirəsində çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, bu gün dünya silahlı münaqişələr, humanitar böhranlar, məcburi köç və bütöv icmaların dağıdılması kimi ciddi çağırışlarla üz-üzədir. Onun sözlərinə görə, müasir dövrdə bərpa anlayışı yalnız yolların, binaların və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır: “Əsl bərpa insanların normal həyata qayıtması, təhlükəsizlik hissinin, etimadın və ümidin yenidən formalaşdırılması deməkdir”. Deputat vurğulayıb ki, postmünaqişə cəmiyyətlərində qadınlar ailələrin qorunması, uşaqlara və yaşlılara qayğı göstərilməsi, təhsil və sosial bağların saxlanılması baxımından mühüm missiya daşıyırlar: “Bu səbəbdən qadınlar yalnız münaqişənin qurbanı və ya humanitar yardım alan tərəf kimi deyil, bərpa və sülh quruculuğu proseslərinin əsas liderləri kimi qiymətləndirilməlidir”.
Çıxış zamanı BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə də toxunan deputat qeyd edib ki, sənəddə qadınların postmünaqişə bərpası və qərar qəbuletmə proseslərində tam iştirakının vacibliyi xüsusi vurğulanır. S.Fətəliyeva Dayanıqlı İnkişaf Məqsədləri (DİM) çərçivəsində gender bərabərliyi ilə dayanıqlı şəhərlər arasında sıx əlaqənin mövcud olduğunu söyləyib. O bildirib ki, DİM-in 5-ci məqsədi qadınların hüquq və imkanlarının genişləndirilməsini, 11-ci məqsədi  isə təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlərin formalaşdırılmasını nəzərdə tutur: “Qadınların şəhərsalma və qərar qəbuletmə proseslərində iştirakı olmadan həqiqətən dayanıqlı şəhərlər qurmaq mümkün deyil”.

Deputat vurğulayıb ki, qadınlar şəhərlərin inkişafında yalnız sakin kimi deyil, həm də memar, urbanist, mühəndis, sahibkar və icma lideri kimi iştirak etməlidirlər. Onun fikrincə, qadınların şəhər mühitinin formalaşdırılmasında iştirakı şəhərləri daha təhlükəsiz, inklüziv və insan yönümlü edir.
S.Fətəliyeva çıxış zamanı Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma prosesini də xüsusi qeyd edib. O, diqqətə çatdırıb ki, ölkəmizdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında yeni inkişaf modeli formalaşdırılır, yaşıl enerji və rəqəmsal texnologiyalar tətbiq edilir. Deputat qeyd edib ki, əsl bərpa yalnız infrastruktur layihələri ilə ölçülmür: “Həqiqi bərpa insanlar öz doğma torpaqlarına qayıtdıqda başlayır. Məktəb həyətlərində yenidən uşaqların səsi eşidildikdə, ailələr özlərini təhlükəsiz hiss etdikdə və qadınlar regionların inkişafında aktiv iştirak etdikdə uzunmüddətli sabitlik formalaşır”.

Bundan əlavə, S.Fətəliyeva qadınların iqtisadi fəallığının, sahibkarlıq və rəqəmsal bacarıqlarının da dayanıqlı inkişaf baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O, eyni zamanda qadınların yaşıl transformasiya və ekoloji məsuliyyət istiqamətində aparıcı qüvvələrdən birinə çevrildiyi vurğulayıb.
Çıxışının sonunda deputat “Daha yaxşı şəkildə yenidən qurmaq” prinsipinə toxunaraq qeyd edib ki, bu anlayış yalnız yeni binaların tikilməsi deyil, daha inklüziv, humanist və dayanıqlı cəmiyyətlərin qurulması anlamına gəlməlidir. “İnklüziv şəhər bərpası yalnız urbanistika məsələsi deyil, həm də sülh quruculuğu məsələsidir. Çünki qadınlar şəhərləri bərpa edərkən yalnız infrastrukturu deyil, etimadı, icmaları və ən əsası ümidi yenidən qururlar”, - deyə deputat vurğulayıb.