27 may 2026 15:25
109

Cənubi Koreya Hörmüz boğazındakı insidentə görə İran səfirini çağıracaq

Cənubi Koreya bu ayın əvvəlində Hörmüz boğazında Cənubi Koreya gəmisində baş verən partlayışla əlaqədar İranın Seuldakı səfirini çağıracaq.

“İki sahil” CNN-ə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya XİN-i məlumat verib.

Qurumun məlumatına görə, mayın əvvəlində gəmidə partlayış və yanğın baş verib. Daha əvvəl ABŞ prezidenti Donald Tramp İranın gəmiyə "atəş açdığını" bəyan etmişdi, lakin Tehran bu ittihamları rədd edib.

Cənubi Koreya xarici işlər nazirinin birinci müavini Pak Yun Çu bildirib ki, aşkar edilmiş mərmi fraqmentlərinin təhlili daxil olmaqla aparılan araşdırma nəticəsində müəyyən edilib ki, gəmi, ehtimal ki, İran istehsalı olan Noor seriyasından olan gəmiəleyhinə raketlərlə iki dəfə zərbəyə məruz qalıb. Onun sözlərinə görə, yalnız bir raket partlayıb.

Bununla yanaşı, Pak Yun Çu qeyd edib ki, hücumun qəsdən olub-olmadığını müəyyən etmək çox çətindir.

Panama bayrağı altında üzən gəmi altı Cənubi Koreya vətəndaşı daxil olmaqla 24 ekipaj üzvünü daşıyırdı və partlayışdan əvvəl BƏƏ sahillərində yerləşirdi.

Cənubi Koreyalı diplomatın sözlərinə görə, raketin gövdəsi Noor seriyasının raketləri ilə üst-üstə düşən xarakterik açıq-mavi rəngdə olub, bəzi detalların üzərində isə güman edilən İran istehsalçısı ilə əlaqəli həkklər aşkar edilib.

İran hələlik araşdırmanın nəticələrinə reaksiya verməyib, lakin daha əvvəl ölkənin Cənubi Koreyadakı səfirliyi hadisəyə hər hansı aidiyyəti olduğunu inkar edib.