Firuzə Abdullayeva: Müəllimin ən böyük uğuru şagirdin yaddaşında yalnız öyrədən insan kimi deyil, həm də gözəl duyğular bəxş edən bir insan kimi qalmasıdır
Müəllimlik bəşər tarixinin ən qədim, ən müqəddəs və ən şərəfli peşələrindən biridir. Çünki müəllim insanın həyat yoluna işıq salan, cəmiyyətin gələcəyini formalaşdıran və elm ilə mənəviyyəti bir araya gətirən müqəddəs missiya sahibidir. Hər bir insanın yaddaşında ona yol göstərən, həyata baxışını dəyişən, bilik və qayğısı ilə iz qoyan bir müəllim olur. Müəllim yalnız dərs keçən insan deyil, o, şagirdinin qəlbinə toxunan, ona inam aşılayan, düzgün yol göstərən və gələcəyə hazırlayan mənəvi rəhbərdir. Buna görə də müəllim adı hər zaman böyük hörmət və ehtiramla çəkilir.
Cəmiyyətin inkişafı, ölkənin gələcəyi və gənc nəslin formalaşması müəllim əməyindən başlayır. Çünki bu gün məktəb partası arxasında əyləşən şagirdlər sabahın alimləri, həkimləri, mühəndisləri, müəllimləri və dövlətə faydalı vətəndaşlarıdır. Onların savadlı, vətənpərvər və yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət kimi yetişməsində müəllimin rolu əvəzsizdir. Müəllimin söylədiyi hər fikir, aşıladığı hər dəyər və göstərdiyi hər doğru yol gələcək cəmiyyətin formalaşmasına təsir edir. Buna görə də müəllimlik yalnız peşə deyil, böyük məsuliyyət, sonsuz səbir və yüksək mənəviyyat tələb edən şərəfli həyat yoludur.
Əsl müəllim şagirdlərinin yaddaşında yalnız öyrətdiyi fənn ilə deyil, insanlığı, qayğıkeşliyi, davranışı və peşəsinə olan sevgisi ilə qalır. O, şagirdlərinə yalnız bilik vermir, eyni zamanda onları həyata hazırlayır, mübarizə aparmağı, düşünməyi, düzgün qərar verməyi və cəmiyyətə faydalı insan olmağı öyrədir. Belə müəllimlərdən biri də 23 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Firuzə Abdullayevadır.
Firuzə müəllim özünü ilk növbədə müəllimlik peşəsini sevən, işinə böyük məsuliyyətlə yanaşan, Vətəninə bağlı və səmimi insan kimi xarakterizə edir. O, artıq 35 ildir ki, təhsil sahəsində fəaliyyət göstərir və bu illər ərzində əsas məqsədinin şagirdlərinə yalnız bilik vermək deyil, onları vətənpərvər, savadlı, dürüst və yüksək mənəvi keyfiyyətlərə malik insan kimi yetişdirmək olduğunu bildirir. Firuzə müəllim üçün müəllimlik sadəcə bir peşə deyil, həm də müqəddəs və mənəvi bir missiyadır. Şagirdlərinin qazandığı uğurlar, əldə etdikləri nailiyyətlər və cəmiyyətdə layiqli yer tutmaları onun üçün ən böyük sevinc və qürur mənbəyidir.
Firuzə müəllimin həyat yolunun ən dəyərli hissəsi məktəb, şagirdlər və təhsillə bağlı olmuşdur. O, müxtəlif nəsillərin yetişməsində az da olsa əməyinin olmasını həyatının ən böyük xoşbəxtliklərindən biri hesab edir. İllər keçsə də, müəllimlik peşəsinə olan sevgisinin və məsuliyyət hissinin dəyişmədiyini vurğulayan Firuzə müəllim üçün hər bir şagirdin uğuru ən böyük nailiyyətdir.
Pedaqoji fəaliyyəti boyunca daim öz üzərində işləməyə, yenilikləri öyrənməyə və şagirdlərinə daha faydalı olmağa çalışan Firuzə müəllim hesab edir ki, müəllimin əsas vəzifəsi yalnız dərs keçmək deyil, həm də cəmiyyət üçün layiqli, savadlı və vətənpərvər vətəndaş yetişdirməkdir. Onun uzunillik pedaqoji fəaliyyəti, peşəsinə olan sevgisi və şagirdlərinə göstərdiyi qayğı həm həmkarları, həm valideynlər, həm də şagirdləri tərəfindən daim yüksək qiymətləndirilir.
Firuzə müəllimin pedaqoji fəaliyyəti dövründə qazandığı uğurlar arasında onu ən çox qürurlandıran nailiyyətlərdən biri 2012-ci illərdə kurikulum təlimçisi kimi Ağdam və Tərtər rayonlarında keçdiyi təlimlər olmuşdur. Müəllimlərlə bilik və təcrübəsini bölüşmək, onların peşəkar inkişafına töhfə vermək onun üçün həm məsuliyyətli, həm də olduqca dəyərli bir fəaliyyət idi. Bu təlimlər Firuzə müəllimə yalnız pedaqoji sahədə deyil, insanlarla ünsiyyət, təcrübə paylaşımı və müəllim həmrəyliyi baxımından da böyük təcrübə qazandırmışdır.
Bununla yanaşı, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olması da onun pedaqoji fəaliyyətinin ən yaddaqalan uğurlarından biridir. Bu nailiyyət Firuzə müəllim üçün sadəcə bir mükafat deyil, uzun illər ərzində müəllimlik peşəsinə sevgi, məsuliyyət və böyük fədakarlıqla yanaşmasının, şagirdlərinin təhsil və tərbiyəsinə verdiyi əməyin yüksək qiymətləndirilməsi olmuşdur. O, bu uğuru müəllim əməyinə verilən böyük dəyərin və etimadın göstəricisi hesab edir.
-Özünüzü oxucularımıza necə təqdim edərdiniz? Həyat yolunuz və pedaqoji fəaliyyətiniz haqqında nələri bölüşmək istərdiniz?
-Mən özümü ilk növbədə müəllimlik peşəsini sevən, işinə məsuliyyətlə yanaşan,Vətəninə bağlı, səmimi bir insan kimi təqdim edərdim. Artıq 35 ildir ki, təhsil sahəsində çalışıram və bu illər ərzində əsas məqsədim şagirdlərimə yalnız bilik vermək deyil, onları vətənpərvər, savadlı və dürüst insan kimi yetişdirmək olub. Mənim üçün müəllimlik sadəcə peşə deyil, həm də mənəvi bir missiyadır. Şagirdlərimin uğuru, qazandıqları nailiyyətlər və cəmiyyətdə layiqli yer tutmaları mənim ən böyük sevincimdir.
Həyat yolumun ən dəyərli hissəsi məktəblə, şagirdlərlə və təhsillə bağlı olub. Müxtəlif nəsillərin yetişməsində az da olsa əməyimin olması mənim üçün böyük qürur və xoşbəxtlikdir. İllər keçsə də, müəllimlik sevgim və məsuliyyət hissim dəyişməyib. Hər bir şagirdin uğuru mənim üçün ən böyük nailiyyətdir.
Pedaqoji fəaliyyətim boyunca daim öz üzərimdə işləməyə, yenilikləri öyrənməyə və şagirdlərə daha faydalı olmağa çalışmışam. İnanıram ki, müəllimin əsas vəzifəsi yalnız dərs keçmək deyil, həm də cəmiyyət üçün layiqli vətəndaş yetişdirməkdir.
-Niyə məhz Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı seçdiniz? Müəllimlik sizin üçün nə ifadə edir və bu sahəyə marağınız necə formalaşıb?
-Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı seçməyimin əsas səbəbi ana dilimizə, ədəbiyyatımıza və milli-mənəvi dəyərlərimizə olan sevgimdir. Mən həmişə düşünmüşəm ki, xalqın dili onun kimliyi, ədəbiyyatı isə mənəvi sərvətidir. Bu sevgini və dəyərləri gənc nəslə çatdırmaq istəyi məni müəllimlik yoluna gətirdi.
Ədəbiyyat insanın dünyagörüşünü, düşüncəsini və mənəviyyatını formalaşdırır. Mən də şagirdlərimdə kitaba maraq yaratmaq, onları düzgün və səlis danışmağa, düşünməyə və öz fikirlərini ifadə etməyə təşviq etmək istəmişəm. Bu peşəni seçdiyim üçün hər zaman qürur hissi keçirmişəm.
Müəllimlik mənim üçün nə ifadə edir və bu sahəyə marağım necə formalaşdı sualı məni çox uzaqlara apardı. Bu sahəyə marağımın formalaşmasında atamın müəllim olması mühüm rol oynayıb. Onun şagirdlərlə münasibəti, peşəsinə olan sevgisi və insanlara faydalı olmaq istəyi məndə müəllimlik peşəsinə böyük rəğbət yaradıb. Uşaqlıqdan müəllim əməyinin nə qədər dəyərli və müqəddəs olduğunu görərək böyümüşəm. Buna görə də mən də gələcəkdə bilik və dəyərləri şagirdlərə sevə-sevə çatdıran bir müəllim olmağı seçmişəm.
-Müəllimlik yolunuzda sizə ən çox təsir edən müəlliminizin hansı tövsiyəsi və ya həyat dərsi bu gün də yaddaşınızda yaşayır?
-Müəllimlik yolumda mənə ən çox təsir edən insanlardan biri ədəbiyyat müəllimim Afət müəllimə olub. Onun tez-tez dediyi “Ədəbiyyat insanı tərbiyə edir” fikri bu gün də yaddaşımdadır və fəaliyyətimdə mənə yol göstərir. Afət müəllimə bizə yalnız əsərləri öyrətmirdi, eyni zamanda insanlıq, mərhəmət, düzgünlük kimi mənəvi dəyərləri də aşılayırdı. Mən də müəllim kimi çalışıram ki, şagirdlərə yalnız bilik verməyim, eyni zamanda onları yaxşı insan kimi formalaşdırmağa töhfə verim.
-Sizcə, yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi necə olmalıdır? Özünüzü bu baxımdan necə qiymətləndirirsiniz?
-Məncə, yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi yalnız fənnini yaxşı bilən insan deyil, eyni zamanda düşünən, incə qəlbə sahib olan bir şəxs olmalıdır. Belə müəllim həyata real baxmalı, hər kəsi olduğu kimi qəbul etməyi bacarmalıdır. Çünki ədəbiyyat insanın duyğularını, düşüncəsini və dünyagörüşünü formalaşdıran bir sahədir. Müəllim şagirdlərə təkcə qayda və əsərlər öyrətməməli, onlara nikbin olmağı, sevgi və xoşbəxtlik hissi də aşılamağı bacarmalıdır.
Özümü də bu baxımdan daim inkişaf etdirməyə çalışan bir müəllim kimi qiymətləndirirəm. Şagirdlərimlə səmimi münasibət qurmağa, onları anlamağa və hər birinə fərdi yanaşmağa çalışıram. Mənim üçün ən vacib məqamlardan biri şagirdlərin özlərini dəyərli və rahat hiss etmələridir.
-Pedaqoji fəaliyyətinizin ilk illərində şagirdlərlə münasibətdə sizə ən çox təcrübə qazandıran hadisə hansı olub?
-Pedaqoji fəaliyyətimin ilk illərində mənə ən çox təcrübə qazandıran hadisələrdən biri şagirdlərin hər birinin fərqli xarakterə və yanaşmaya ehtiyac duyduğunu anlamağım oldu. Bir şagirdin dərslərə maraqsız yanaşdığını görürdüm və əvvəlcə bunun sadəcə məsuliyyətsizlik olduğunu düşünürdüm. Daha sonra onunla söhbət etdikcə müəyyən çətinliklər yaşadığını anladım. Ona qarşı daha anlayışlı və dəstəkləyici yanaşdıqdan sonra dərsə münasibəti tamamilə dəyişdi.
Bu hadisə mənə öyrətdi ki, müəllim yalnız dərs keçən insan deyil, eyni zamanda şagirdi anlayan, ona güvən verən və motivasiya edən bir şəxs olmalıdır. Hər bir şagirdə fərdi yanaşmağın nə qədər vacib olduğunu məhz həmin dövrdə daha dərindən dərk etdim.
-İlk dərs gününüzü necə xatırlayırsınız? O gün yaşadığınız hisslər yaddaşınızda necə qalıb?
-İlk dərs günümü həyəcan və məsuliyyət hissi ilə xatırlayıram. Məktəbdə müəllimlik fəaliyyətinə başlayanda 26 yaşım təzəcə tamam olmuşdu. Sinfə ilk daxil olduğum an ən çox düşündüyüm məsələ uşaqları necə sakitləşdirəcəyim və diqqətlərini dərsə necə yönəldəcəyim idi. O an həm böyük həyəcan, həm də müəllim olmağın qürurunu yaşayırdım.
Zaman keçdikcə şagirdlərlə ünsiyyət qurduqca aramızda səmimi münasibət formalaşdı və ilk günkü həyəcanım yavaş-yavaş öz yerini inama verdi. Bu gün həmin günü xatırlayanda anlayıram ki, müəllimlik yalnız bilik vermək deyil, eyni zamanda sevgi, səbir və anlayış tələb edən çox dəyərli bir peşədir.
7. Pedaqoji fəaliyyətinizdə xüsusi iz qoyan bir şagird və ya hadisə varmı?
Pedaqoji fəaliyyətimdə xüsusi iz qoyan hadisələrdən biri ilk illərdə dərs dediyim 6-cı siniflə bağlı olub. Mənə çox çətin bir sinif verilmişdi — həm dəcəl, həm də çox səs-küylü bir sinif idi. Sinfə ilk daxil olduğum zaman gözüm bir şagirdə sataşdı — Mehtiyev Pərvizə. İlk baxışdan hiss etdim ki, sinfi o idarə edir və həmin sinfə yol tapmaq üçün əvvəlcə onun etimadını qazanmalıyam. Elə də oldu.
Zaman keçdikcə həmin siniflə çox səmimi və mehriban münasibət qurduq. Pərvizin mənə görə Azərbaycan dili və ədəbiyyat fənnini sevdiyini və maraq göstərdiyini hiss etmək mənim üçün çox dəyərli idi. Bu münasibət təkcə məktəb illəri ilə bitmədi. O siniflə aramızda elə doğma bağ yarandı ki, bu günə qədər davam edir.
Hazırda həmin şagirdlərdən biri olan Mirzəyeva Elnurə ilə çiyin-çiyinə çalışırıq. Aramızda artıq müəllim-şagird münasibətindən daha çox doğma ana-bala sevgisini xatırladan səmimi bir bağ var. Bu, müəllimlik peşəsinin mənə qazandırdığı ən böyük mənəvi dəyərlərdən biridir.
-Pedaqoji fəaliyyətiniz dövründə qazandığınız uğurlar və nailiyyətlər arasında sizi ən çox qürurlandıran hansıdır?
-Pedaqoji fəaliyyətim dövründə qazandığım uğurlar arasında məni ən çox qürurlandıran nailiyyətlərdən biri 2012-ci illərdə kurikulum təlimçisi kimi Ağdam və Tərtər rayonlarında keçdiyim təlimlər olub. Müəllimlərlə bilik və təcrübə paylaşmaq, onların peşəkar inkişafına töhfə vermək mənim üçün çox dəyərli və məsuliyyətli bir təcrübə idi. Bu fəaliyyət mənə həm müəllim, həm də insan kimi böyük təcrübə qazandırdı.
Bundan əlavə, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmaq da həyatımın ən unudulmaz uğurlarındandır. Bu nailiyyət mənim üçün yalnız bir mükafat deyil, illərlə göstərdiyim zəhmətin, müəllimlik peşəsinə olan sevgimin və şagirdlərimə verdiyim əməyin qiymətləndirilməsi idi.
-Unutmadığınız, sizə ən çox təsir edən bir şagird xatirəsini bizimlə bölüşə bilərsinizmi?
-Unutmadığım və mənə ən çox təsir edən şagirdlərdən biri sinif rəhbəri olduğum 5-ci sinifdə oxuyan Leyla idi. Leyla ərköyün, dəcəl, amma eyni zamanda çox mehriban və səmimi bir qız idi. Onu həqiqətən anlayan insanlar çox az idi. Mən isə düşünürdüm ki, hər bir uşağın daxilində kəşf olunmağı gözləyən gözəl bir tərəf var.
Leylanı daha yaxından tanımaq və ona özünü ifadə etmək imkanı yaratmaq üçün onu sinif nümayəndəsi təyin etdim. Ona məsuliyyət və etibar verdim. Hiss etdim ki, bu yanaşma onun özünəinamını artırdı və davranışlarında müsbət dəyişiklik yaratdı.
2003-cü ildə ona verdiyim o kiçik öhdəlik əslində illərlə davam edən bir mənəvi bağın başlanğıcı oldu. Leyla bu günə qədər məni unutmur, daim əlaqə saxlayır. O, mənim ən vəfalı şagirdlərimdən biridir. Bu münasibət mənə bir daha göstərdi ki, müəllimin şagirdə göstərdiyi inam və sevgi onun həyatında silinməz iz buraxa bilir.
-Uzun illər təhsil sahəsində fəaliyyətiniz sizdə hansı məsuliyyət hissini və yeni hədəfləri formalaşdırıb?
-Uzun illər təhsil sahəsində fəaliyyət göstərmək məndə müəllimlik peşəsinə qarşı daha böyük məsuliyyət hissi formalaşdırıb. İllər keçdikcə anlayıram ki, müəllim yalnız dərs deyən insan deyil, həm də şagirdin həyatına, düşüncəsinə və gələcəyinə təsir edən bir şəxsdir. Bu məsuliyyət mənə hər zaman öz üzərimdə işləməyi, yenilikləri öyrənməyi və şagirdlərə daha faydalı olmağı vacib hesab etdirib.
Uzun illərin təcrübəsi məndə yeni hədəflər də formalaşdırıb. Ən böyük məqsədlərimdən biri şagirdlərdə oxumağa, düşünməyə və ədəbiyyata sevgi yaratmaq, onların yalnız savadlı deyil, həm də yüksək mənəvi dəyərlərə sahib insan kimi formalaşmasına töhfə verməkdir. Eyni zamanda gənc müəllimlərlə təcrübəmi bölüşmək, onlara dəstək olmaq və müəllimlik peşəsinin dəyərini daha da yüksəltmək istəyirəm.
-Müəllimlik peşəsinin görünməyən və ən çətin tərəfləri nələrdir? Bu çətinliklərin öhdəsindən necə gəlirsiniz?
-Müəllimlik peşəsinin görünməyən və ən çətin tərəflərindən biri hər bir şagirdin daxili dünyasını anlamağa çalışmaqdır. Çünki müəllim təkcə dərs keçmir, eyni zamanda fərqli xarakterə, fərqli ailə mühitinə və fərqli düşüncəyə sahib uşaqlarla işləyir. Bəzən şagirdin bir davranışının arxasında görünməyən problemlər, qayğı və ya diqqət ehtiyacı dayanır. Bu isə müəllimdən böyük səbir, anlayış və həssas yanaşma tələb edir.
Digər çətin tərəf isə müəllimin öz hisslərini kənarda saxlayaraq daim nikbin və güvənverici olmağa çalışmasıdır. Çünki şagird müəllimin davranışından, səs tonundan, münasibətindən çox təsirlənir.
Mən bu çətinliklərin öhdəsindən sevgi, səbir və səmimi münasibətlə gəlməyə çalışıram. Hər zaman şagirdləri dinləməyə, onları olduğu kimi qəbul etməyə və onlara inam göstərməyə üstünlük verirəm. İnanıram ki, müəllimin şagirdə verdiyi dəyər və qayğı ən çətin vəziyyətlərdə belə müsbət nəticə verir.
-Sizcə, yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi necə olmalıdır? (özünüzü yenidən dəyərləndirmə baxımından)
-Məncə, yaxşı Azərbaycan dili və ədəbiyyat müəllimi ilk növbədə səmimi, duyğulu və incə qəlbə sahib olmalıdır. Ədəbiyyat insanın ruhuna təsir edən bir sahə olduğu üçün bu fənni tədris edən müəllim də hiss etməyi və hiss etdirməyi bacarmalıdır. O, şagirdlərə yalnız qayda və mövzular öyrətməməli, eyni zamanda dürüstlük, doğruluq, mərhəmət və insanlıq kimi mənəvi dəyərləri də aşılamalıdır.
Belə müəllim şagirdlərin qəlbinə yol tapa bilir, onları düşünməyə, hiss etməyə və həyata daha həssas yanaşmağa sövq edir. Məncə, müəllimin ən böyük uğuru şagirdin yaddaşında yalnız öyrədən insan kimi deyil, həm də gözəl duyğular bəxş edən bir insan kimi qalmasıdır.
-Azərbaycan dili və ədəbiyyat fənninin şagirdlərin düşüncə tərzinin və dünyagörüşünün formalaşmasında rolu nədən ibarətdir?
-Azərbaycan dili və ədəbiyyat fənni şagirdlərin düşüncə tərzinin və dünyagörüşünün formalaşmasında çox böyük rol oynayır. Bu fənn eyni zamanda şagirdlərdə düşünmək, hiss etmək, analiz aparmaq və öz fikrini düzgün ifadə etmək bacarığı formalaşdırır.
Ədəbiyyat vasitəsilə şagirdlər müxtəlif insan taleləri, həyat hadisələri və mənəvi dəyərlərlə tanış olur, yaxşı ilə pisi ayırmağı öyrənirlər. Oxuduqları əsərlər onların dünyaya baxışını genişləndirir, empatiya hissini gücləndirir və həyata daha həssas yanaşmalarına kömək edir.
Azərbaycan dili isə şagirdin nitq mədəniyyətini, fikrini aydın və düzgün ifadə etmək bacarığını inkişaf etdirir. Düşünürəm ki, bu fənn şagirdlərin yalnız savadlı deyil, həm də milli-mənəvi dəyərlərə bağlı, geniş dünyagörüşlü və düzgün düşünən insan kimi formalaşmasına böyük təsir göstərir.
-Şagirdlərdə Azərbaycan dili və ədəbiyyata marağı artırmaq üçün hansı üsulları daha effektiv hesab edirsiniz?
-Şagirdlərdə Azərbaycan dili və ədəbiyyata marağı artırmaq üçün ilk növbədə dərsləri onların həyatına yaxın və maraqlı şəkildə qurmağı daha effektiv hesab edirəm. Şagird yalnız məcbur olduğu üçün deyil, hiss edərək və anlayaraq öyrənəndə fənnə marağı artır.
Məncə, bədii əsərlərin sadəcə məzmununu danışmaq yox, obrazların hisslərini, hadisələrin həyatla əlaqəsini müzakirə etmək çox vacibdir. Şagird özünü əsərdəki qəhrəmanın yerində görəndə ədəbiyyata münasibəti dəyişir. Eyni zamanda ifadəli oxu, müzakirələr, səhnəciklər, yaradıcı yazılar və şagirdlərin sərbəst fikir bildirməsinə şərait yaratmaq dərsləri daha maraqlı edir.
Şagirdə sevgi və inamla yanaşmaq da böyük rol oynayır. Müəllimin fənnə olan sevgisi şagirdə də keçir. Mən həmişə çalışıram ki, şagirdlər dərsdə özlərini rahat hiss etsinlər, fikirlərini çəkinmədən ifadə edə bilsinlər və ədəbiyyatı yalnız bir fənn kimi deyil, həyatın özü kimi qəbul etsinlər.
-Dərslərdə şagirdlərin ən çox çətinlik çəkdiyi mövzular hansılardır və bu çətinlikləri necə aradan qaldırırsınız?
-Əslində, dərslərdə şagirdlərlə ciddi çətinliklər yaşamırıq. Amma bəzi mövzular var ki, şagirdlər onları mənimsəməkdə bir qədər çətinlik çəkirlər. Xüsusilə qrammatik qaydalar, dilin incəlikləri, sintaktik təhlillər və bəzi ədəbi əsərlərin ideyasını dərindən anlamaq şagirdlər üçün ilk baxışda mürəkkəb görünə bilir.
Belə hallarda çalışıram ki, mövzuları sadə, həyatla əlaqəli və şagirdin anlayacağı dildə izah edim. Daha çox nümunələrdən, müzakirələrdən və yaradıcı yanaşmalardan istifadə edirəm. Şagird mövzunu qorxu ilə deyil, maraqla qəbul edəndə öyrənmək daha asan olur.
Məncə, müəllimin səbirli və dəstəkləyici münasibəti də burada çox vacibdir. Şagird hiss etməlidir ki, səhv etmək normaldır və müəllim onun yanında dayanır. Bu zaman onlar özlərinə daha çox inanır və dərsə maraqları artır.
-Müasir dövrdə Azərbaycan dili və ədəbiyyat dərslərini daha maraqlı etmək üçün hansı metod və texnologiyalardan istifadə edirsiniz?
-Müasir dövrdə Azərbaycan dili və ədəbiyyat dərslərini daha maraqlı və yadda qalan etmək üçün müxtəlif metod və texnologiyalardan istifadə etməyə çalışıram. Düşünürəm ki, şagirdin diqqətini cəlb edən və onu dərsə fəal qoşan üsullar daha effektiv nəticə verir.
Dərslərdə təqdimatlar, videoçarxlar, elektron resurslar və interaktiv tapşırıqlardan istifadə edirəm. Bədii əsərlərlə bağlı səhnəciklərin hazırlanması, rollu oyunlar, müzakirələr və debatlar da şagirdlərin dərsə marağını artırır. Eyni zamanda şagirdlərin sərbəst fikir bildirməsinə, yaradıcı yazılar yazmasına və öz düşüncələrini ifadə etməsinə geniş imkan yaratmağa çalışıram.
Texnologiyadan istifadə isə dərsləri daha canlı və müasir edir. Şagirdlər vizual materialları daha maraqla qəbul etdikləri üçün mövzular onların yaddaşında daha yaxşı qalır. Mənim üçün əsas məqsəd şagirdlərin Azərbaycan dili və ədəbiyyatı yalnız dərs kimi deyil, düşüncə və həyat məktəbi kimi sevmələridir.
-Şagirdlərinizə həyat və təhsil yolu ilə bağlı ən çox hansı dəyərləri aşılayırsınız?
-Şagirdlərimə həyat və təhsil yolu ilə bağlı ən çox aşıladığım dəyərlər igidlik, doğruluq, vətənpərvərlik, mehribanlıq və insanlara sevgi hissidir. Məncə, təhsil yalnız bilik vermək deyil, eyni zamanda düzgün insan formalaşdırmaqdır.
Şagirdlərə hər zaman doğru danışmağın, vicdanlı olmağın və çətinliklərdən qorxmamağın vacibliyini izah edirəm. Vətənə bağlılıq və onu sevmək hissinin isə hər bir insanın ən böyük mənəvi borcu olduğunu düşünürəm. Eyni zamanda insanlara hörmət və sevgi ilə yanaşmağın cəmiyyət üçün nə qədər dəyərli olduğunu vurğulayıram.
Mənim üçün ən böyük məqsəd şagirdlərin yalnız savadlı deyil, həm də mənəvi cəhətdən zəngin, xeyirxah və insanpərvər bir şəxsiyyət kimi formalaşmasına töhfə verməkdir.
-Sağlam təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığını necə qiymətləndirirsiniz?
-Sağlam təhsil mühitinin formalaşmasında müəllim–şagird–valideyn əməkdaşlığını çox yüksək qiymətləndirirəm və bunu təhsilin əsas dayaqlarından biri hesab edirəm. Çünki şagirdin inkişafı yalnız məktəbdə deyil, həm də ailə mühitində və müəllimlə qurulan münasibətlərdə formalaşır.
Müəllim şagirdi daha yaxından tanıyır, onun təlim prosesini istiqamətləndirir, valideyn isə uşağın gündəlik davranışlarını və xarakterini daha yaxşı müşahidə edir. Bu üç tərəf bir-biri ilə sıx əməkdaşlıq etdikdə şagird daha sağlam psixoloji mühitdə böyüyür və daha uğurlu nəticələr əldə edir.
Məncə, bu əməkdaşlıqda ən vacib məqam qarşılıqlı anlayış, hörmət və etibardır. Valideynin dəstəyi, müəllimin yönləndirməsi və şagirdin səmimi münasibəti birləşəndə təhsil prosesi daha effektiv və məqsədyönlü olur.
-Təcrübəli Azərbaycan dili və ədəbiyyat müəllimi kimi gənc müəllimlərə nə kimi tövsiyələr verərdiniz?
-Təcrübəli Azərbaycan dili və ədəbiyyat müəllimi kimi gənc müəllimlərə ən əsas tövsiyəm səbirli, səmimi və daim öyrənməyə açıq olmalarıdır. Müəllimlik elə bir peşədir ki, burada hər gün yeni bir şagird xarakteri, yeni bir vəziyyət və yeni bir təcrübə ilə qarşılaşırsan. Buna görə də çevik düşünmək və hər şagirdə fərdi yanaşmaq çox vacibdir.
Gənc müəllimlərə tövsiyə edərdim ki, şagirdləri dinləməyi bacarsınlar. Çünki bəzən bir şagirdin davranışının arxasında böyük bir ehtiyac və ya emosional vəziyyət dayanır. Müəllimin diqqəti və anlayışı şagirdin həyatında böyük dəyişiklik yarada bilər.
Eyni zamanda dərslərdə yaradıcı olmaq, ənənəvi üsullarla yanaşı müasir metodlardan istifadə etmək də çox önəmlidir. Ən vacibi isə fənnə və şagirdlərə sevgi ilə yanaşmaqdır. Sevgi olmayan yerdə nə tədris, nə də nəticə tam olur. Məncə, yaxşı müəllim olmaq üçün ilk növbədə yaxşı insan olmaq lazımdır.
-Bugünkü gənclərdə ən çox görmək istədiyiniz əsas xüsusiyyətlər hansılardır?
-Bugünkü gənclərdə görmək istədiyim əsas xüsusiyyətlər böyüyə hörmət, dilimizə sevgi, vətənə bağlılıq və milli dəyərlərimizə sədaqətdir. Məncə, bir gəncin formalaşmasında bu dəyərlər çox mühüm rol oynayır.
Böyüyə hörmət insanın tərbiyəsini və mədəniyyətini göstərir. Dilimizə sevgi isə milli kimliyimizin qorunması deməkdir. Vətənə bağlılıq hər bir gəncin içində olmalı olan ən vacib hisslərdən biridir. Eyni zamanda milliliyimizin qorunması bizi tariximizə, adət-ənənələrimizə və köklərimizə bağlayan əsas amildir.
Düşünürəm ki, bu dəyərlərə sahib gənclər həm savadlı, həm də yüksək mənəvi keyfiyyətlərə malik vətəndaşlar kimi cəmiyyətə daha çox fayda verə bilərlər.
-Azərbaycan təhsilinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini necə dəyərləndirirsiniz?
-Azərbaycan təhsilinin hazırkı vəziyyətini ümumilikdə inkişaf mərhələsində olan bir sistem kimi dəyərləndirirəm. Son illərdə təhsil sahəsində islahatlar, yeni yanaşmaların tətbiqi, kurikulum sisteminin təkmilləşdirilməsi və rəqəmsal resurslardan istifadənin genişlənməsi müsbət irəliləyişlərdən xəbər verir. Bu dəyişikliklər tədrisin keyfiyyətinin yüksəlməsinə və daha müasir təhsil mühitinin formalaşmasına şərait yaradır.
Eyni zamanda, təbii ki, həll olunmalı məsələlər də mövcuddur. Şagirdlərin fərdi inkişafına daha çox diqqət yetirilməsi, müəllimlərin peşəkar inkişafının davamlı dəstəklənməsi və təhsil mühitinin daha da optimallaşdırılması bu sahədə vacib istiqamətlərdəndir.
Gələcək inkişaf perspektivlərinə isə ümidlə baxıram. Düşünürəm ki, rəqəmsallaşma, innovativ tədris metodlarının geniş tətbiqi və müəllim–şagird–valideyn əməkdaşlığının gücləndirilməsi Azərbaycan təhsilinin daha da inkişaf etməsinə ciddi töhfə verəcək. Ən əsası isə təhsil prosesində şagirdin mərkəzdə dayanması gələcək uğurlar üçün əsas amil olacaqdır.
-Müasir dövrdə sosial şəbəkələrin, telefon və internetin geniş yayılması, eləcə də televiziya məkanının hazırkı vəziyyəti fonunda Azərbaycan dilinin düzgün üslub və qrammatik normalarının qorunmasını necə qiymətləndirirsiniz? Sizcə, dilimizin saflığının və ədəbi üslub xüsusiyyətlərinin qorunması üçün nə kimi addımlar atılmalı, məktəb, media və cəmiyyət bu prosesdə hansı məsuliyyəti daşımalıdır?
-Müasir dövrdə sosial şəbəkələrin, mobil telefonların və internetin geniş yayılması Azərbaycan dilinin həm inkişafına imkanlar yaratdığı, həm də müəyyən risklər formalaşdırdığı bir reallıqdır. Bir tərəfdən dil daha geniş auditoriyaya çıxır, daha sürətli yayılır, digər tərəfdən isə yazı mədəniyyətində sərbəstlik, qısaltmalar və ədəbi dil normalarından uzaqlaşma halları artır. Bu isə dilin düzgün üslub və qrammatik normalarının qorunmasını daha da aktual edir.
Məncə, Azərbaycan dilinin saflığının və ədəbi üslub xüsusiyyətlərinin qorunması üçün ilk növbədə ailədən və məktəbdən başlanmalıdır. Məktəbdə şagirdlərə yalnız qrammatik qaydalar deyil, həm də düzgün nitq mədəniyyəti, ədəbi dilə hörmət və yazı mədəniyyəti aşılanmalıdır. Müəllimlər bu məsələdə nümunə olmalı, şagirdlərə düzgün dil istifadəsini praktik şəkildə göstərməlidirlər.
Media və televiziya məkanında isə ədəbi dil normalarına ciddi riayət olunmalıdır. Jurnalistlər və aparıcılar dilin daşıyıcıları kimi məsuliyyət daşıyırlar və onların nitqi cəmiyyət üçün nümunə rolunu oynayır. Sosial şəbəkələrdə isə maarifləndirici yanaşmalar artırılmalı, düzgün dil istifadəsini təşviq edən kontentlər hazırlanmalıdır.
Cəmiyyət olaraq hər birimiz dilimizə sahib çıxmalı, onu qorumağı bir vəzifə kimi qəbul etməliyik. Çünki dil yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyimizin və mədəniyyətimizin əsas göstəricisidir.
-Gələcək planlarınız və həyata keçirmək istədiyiniz yeni layihələr barədə nə deyə bilərsiniz?
-Gələcək planlarım əsasən Azərbaycan dili və ədəbiyyat fənninin tədrisini daha da təkmilləşdirmək və şagirdlərdə bu fənnə olan marağı daha da artırmaq istiqamətindədir. İstəyirəm ki, dərslər yalnız nəzəri biliklər üzərində qurulmasın, eyni zamanda şagirdlərin yaradıcı düşüncəsini, tənqidi yanaşmasını və nitq bacarıqlarını inkişaf etdirən bir mühit formalaşsın.
Yeni layihələr sırasında ədəbiyyat gecələrinin təşkili, şagirdlərin yaradıcılıq işlərinin (esse, şeir, hekayə) toplanaraq təqdim edilməsi və debat klublarının yaradılması kimi ideyalar var. Eyni zamanda gənc müəllimlərlə təcrübə mübadiləsi aparmaq, onlara dəstək olmaq və kurikulum yanaşmalarını daha effektiv şəkildə tətbiq etmək də prioritetlərimdəndir.
Ümumilikdə məqsədim təhsil mühitini daha canlı, maraqlı və inkişafyönümlü etmək, şagirdlərin isə həm bilikli, həm də düşünən və yaradıcı fərdlər kimi yetişməsinə töhfə verməkdir.
-Ömrünü təhsilə və şagirdlərin inkişafına həsr etmiş bir müəllim kimi necə xatırlanmaq istərdiniz?
-Ömrünü təhsilə və şagirdlərin inkişafına həsr etmiş bir müəllim kimi ən böyük istəyim odur ki, məni şagirdlərini sevən, onları anlayan və onlara dəyər verən bir insan kimi xatırlasınlar. Mənim üçün ən böyük qiymət şagirdlərimin yaddaşında yalnız dərs öyrədən deyil, həm də onlara həyat yolunda düzgün istiqamət verən bir müəllim kimi qalmaqdır.
İstəyirəm ki, adım çəkiləndə şagirdlərimin qəlbində isti bir hiss oyansın, onların həyatına kiçik də olsa müsbət bir iz qoya bildiyimi xatırlasınlar. Müəllimlik mənim üçün bir peşədən daha çox bir missiyadır və bu missiyanın nəticəsi olaraq insanlarda yaxşı xatirə və dəyərli iz buraxmaq ən böyük arzumdur.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz?
-Son dərs günümü çox sakit, amma eyni zamanda duyğulu bir atmosferdə təsəvvür edirəm. Sinfə son dəfə daxil olduğum an illərlə birlikdə yol getdiyim şagirdlərin gözlərində həm kədər, həm də minnətdarlıq hissini görməyi düşünürəm. O gün dərsdən çox xatirələr, yaşanmış illər və birgə keçilən yol danışılacaq.
İstərdim ki, həmin gün şagirdlərimlə aramızda səmimi bir vida yox, daha çox “bu yolun davamı var” hissi olsun. Onlara yalnız bilik deyil, həyat dəyərləri də verdiyimi düşünərək məmnunluq hissi yaşamaq istərdim.
Ən böyük arzum isə budur ki, son dərs günüm bir son kimi yox, yetişdirdiyim şagirdlərin həyatında davam edən bir başlanğıc kimi xatırlansın.
Söhbətimizin sonuna yaxınlaşdıqca bir daha aydın olur ki, Firuzə müəllim üçün müəllimlik sadəcə bir peşə deyil, ömrünün mənasına çevrilmiş müqəddəs bir həyat yoludur. Bu yol zəhmət, səbir, məsuliyyət və böyük mənəvi dəyərlərlə yoğrulmuş şərəfli bir missiyadır. Onun uzunillik pedaqoji fəaliyyətinə nəzər saldıqda aydın görünür ki, Firuzə müəllim müəllim adını yalnız daşıyan deyil, bu ada öz fəaliyyəti, şəxsiyyəti və yüksək insani keyfiyyətləri ilə dəyər qazandıran nümunəvi pedaqoqlardandır.
O, şagirdlərinə yalnız Azərbaycan dili və ədəbiyyatını tədris etmir, eyni zamanda onlara sözün dəyərini, milli-mənəvi dəyərlərə bağlılığı, vətən sevgisini və insanlıq keyfiyyətlərini aşılayır. Firuzə müəllimin dərslərində ədəbiyyat sadəcə bir fənn deyil, düşüncə, mənəviyyat və həyat məktəbinə çevrilir. O, hər bir şagirdinə fərdi yanaşır, onların daxilindəki potensialı üzə çıxarmağa çalışır və gələcəyə inamla addımlamaları üçün onlara mənəvi dayaq olur.
Firuzə müəllimin fəaliyyəti bir daha sübut edir ki, həqiqi müəllimlik yalnız bilik ötürmək deyil, həm də şəxsiyyət formalaşdırmaqdır. O, şagirdlərinin uğurunu öz uğuru kimi qəbul edən, onların sevincinə ürəkdən sevinən, problemlərinə isə həssaslıqla yanaşan fədakar müəllimdir. Uzun illər ərzində yetişdirdiyi şagirdlərin müxtəlif sahələrdə qazandıqları uğurlar onun zəhmətinin, peşəsinə olan sevgisinin və müəllim adına olan sədaqətinin ən gözəl göstəricisidir.
Firuzə müəllimin həyat və fəaliyyət yolu bir daha göstərir ki, müəllimlik izləri insan taleyində və cəmiyyətin gələcəyində yaşayan ən ali peşələrdən biridir. O, fəaliyyəti ilə gənc nəslin savadlı, vətənpərvər və yüksək mənəvi keyfiyyətlərə malik vətəndaş kimi yetişməsinə böyük töhfə verən dəyərli ziyalılardandır. Firuzə müəllimin adı təkcə bir müəllim kimi deyil, həm də insanlara yol göstərən, ümid və inam aşılayan nümunəvi bir şəxsiyyət kimi yaddaşlarda qalır.
Siz müəllim adını yalnız daşıyan deyil, onu öz fəaliyyəti, pedaqoji ustalığı və insani keyfiyyətlərinizlə ucaldan dəyərli ziyalılardansınız.
Hər bir şagirdiniz üçün siz yalnız müəllim deyil, eyni zamanda yol göstərən, inam verən və həyata hazırlayan mənəvi bir dayaqsınız. Onların uğuru sizin zəhmətinizin, səbrinizin və peşənizə olan sonsuz sevginizin ən gözəl nəticəsidir.
Sizə gələcək fəaliyyətinizdə daim uğurlar, möhkəm can sağlığı, tükənməz enerji və yeni nailiyyətlər arzulayırıq. Arzu edirik ki, yetişdirdiyiniz hər bir şagird ölkəmizin gələcəyinə işıq saçan savadlı, vətənpərvər və dəyərli insanlar kimi formalaşsın. Sizin kimi müəllimlər cəmiyyətimizin ən böyük mənəvi sərvəti, gələcəyimizin isə ən etibarlı təminatıdır.