İsveç hökuməti cinayətkarlığın, radikalizmin və ekstremizmin qarşısının alınması üçün mədəniyyətdən alət kimi daha fəal şəkildə istifadə etmək niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə ədliyyə naziri Qunnar Strömmer və mədəniyyət naziri Parisa Lilyestrand ölkənin mədəniyyət sektoru, polisi və silahlı qüvvələrinin nümayəndələri ilə görüşdə bildiriblər.
Hakimiyyət orqanları İsveç Cinayətkarlığın Qarşısının Alınması Şurasına mədəni layihələrin insanların, xüsusən də gənclərin cinayətkar dəstələrə və ekstremist hərəkatlara qoşulmasının qarşısını necə ala biləcəyini araşdırmağı tapşırmağı planlaşdırır.
Müzakirə zamanı həmçinin islah müəssisələrində gənc hüquqpozucular üçün yaradıcı və mədəni proqramların hazırlanması məsələsi də qaldırılıb. Lakin hökumət nümayəndələri hələlik bu cür təşəbbüslər üçün əlavə maliyyələşdirmə planlarını açıqlamayıblar.
P. Lilyestrandın sözlərinə görə, əhalinin mədəni həyatda iştirakının genişləndirilməsi həll olunmamış bir problem olaraq qalır. O, həmçinin vurğulayıb ki, bütün hökumətlər indiyə qədər mədəni həyatda əhalinin daha geniş iştirakına mane olan çətinlikləri azaltmaq cəhdlərində uğursuzluğa düçar olublar.
Hökumət görüşdə səsləndirilən təklifləri təhlil etdikdən sonra əlavə dəstək tədbirlərini araşdırmaq niyyətindədir.