Filippinin Anxeles şəhərində tikilməkdə olan doqquz mərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb, daha 14 nəfər isə itkin düşmüş hesab olunur.
“İki sahil” xəbər verir ki, bu barədə hadisənin baş verdiyi Mərkəzi Luzon regionunun Yanğından Mühafizə Bürosu məlumat yayıb.
Xilasetmə xidmətləri axtarış-xilasetmə əməliyyatı çərçivəsində uçmuş tikilinin dağıntılarını təmizləməyə davam edir.
Bina mayın 24-nə keçən gecə uçub, həmin vaxt dörd nəfərin həlak olduğu barədə məlumat var idi. Dağıntılar altında onlarla fəhlə qalıb, 10-a yaxın insan fərdi qaydada xilas ola bilib, daha 26 nəfəri isə fəlakətdən sonrakı ilk saatlarda dağıntılar altından çıxarmaq mümkün olub.
Bundan əlavə, yaxınlıqdakı oteldə olan Malayziya vətəndaşı xəsarət alıb və daha sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.