01 iyun 2026 00:44
79

Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib

Rumıniya Prezidenti Nikuşor Dan sosial şəbəkələrdə mayın 29-na keçən gecə Rumıniyanın Qalats şəhərində yaşayış binasına düşən pilotsuz uçuş aparatının qalıqlarının fotosunu dərc edib.

“İki sahil” xəbər verir ki, tapılmış fraqmentlərdə kiril əlifbası ilə "Geran-2" yazısı aşkar edilib.

Rumıniya liderinin sözlərinə görə, təhlil edilmiş elektron komponentlər, naviqasiya sistemləri, idarəetmə modulları, mühərrik və konstruktiv elementlər əvvəllər Rumıniya ərazisində tapılan və Rusiyada istehsal olunmuş digər "Geran-2"lərlə oxşarlıq nümayiş etdirir.

Danın sözlərinə görə, nəticə ardıcıl texniki dəlillər toplusuna əsaslanır.

"Belə bir qurğunun Rumıniyada yaşayış binasına düşərək xəsarətlərə və maddi ziyana səbəb olması xüsusi ciddilik daşıyır və yeganə məsul tərəf Rusiyadır", - Rumıniya Prezidenti bəyan edib.

Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rusiya pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanını pozaraq yaşayış binasına çırpılıb, yanğına və iki nəfərin yüngül xəsarət almasına səbəb olub. Cavab olaraq Dan Rusiyanın Konstantsadakı baş konsulu Andrey Kosilini arzuolunmaz şəxs elan edib.