01 iyun 2026 11:22
107

Peşəkar kadr potensialının artırılması qolfun inkişafında mühüm rol oynayır - Baş məşqçi

Qolf dünyada milyonlarla insanın maraq göstərdiyi, yüksək dəqiqlik, strateji düşüncə, səbir və peşəkarlıq tələb edən nüfuzlu idman növlərindən biridir. Son illərdə Azərbaycanda da qolfun inkişafı istiqamətində mühüm işlər görülür, bu sahənin daha geniş auditoriyaya çatdırılması, peşəkar idmançıların hazırlanması və beynəlxalq arenada rəqabətqabiliyyətli nəticələrin əldə olunması üçün müxtəlif layihələr həyata keçirilir. Qolfun ölkəmizdə dayanıqlı inkişafının təmin edilməsi üçün müasir infrastrukturun yaradılması, məşqçi və hakim kadrlarının hazırlanması, gənclərin bu idman növünə cəlb olunması və gender bərabərliyinin təşviqi xüsusi diqqət mərkəzində saxlanılır.

Bu istiqamətdə görülən işlər, həyata keçirilən inkişaf proqramları və gələcək hədəflərlə bağlı suallarımızı Azərbaycan Qolf Federasiyasının baş məşqçisi Tural Vəlizadə cavablandırıb. O, qolf üzrə peşəkar insan resurslarının formalaşdırılması, gənc nəslin idmana marağının artırılması və qadınların qolf sahəsində daha fəal iştirakının təmin olunması istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.

-Qolf üzrə məşqçi və hakim kadrların hazırlanması necə təşkil olunur?

 -Peşəkar kadr potensialının artırılması qolfun inkişafında mühüm rol oynayır. Bu il Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə ilk dəfə təşkil olunan Məşqçilər Forumunda Azərbaycan Qolf Federasiyasının məşqçilər heyəti yüksək səviyyədə təmsil olundu. Mənimlə yanaşı Sahib Məmmədov, Zaur Orucov və İbrahim Zeynallı da forumda iştirak edərək təcrübələrini artırdılar. Hakimlik sahəsində isə beynəlxalq sertifikatlı hakimlərimizin fəaliyyəti yerli kadr potensialının formalaşmasına ciddi töhfə verir.

-Gənc nəslin qolf idmanına marağının artırılması üçün hansı proqramlar həyata keçirilir?

-Gənclər arasında qolfun təbliği məqsədilə Avropa Azərbaycan Məktəbi (EAS) və Buckswood məktəbində mütəmadi təlimlər keçiririk və bu təşəbbüslər şagirdlər tərəfindən böyük maraqla qarşılanır. Eyni zamanda, qolfun fəlsəfəsini və estetikasını daha geniş auditoriyaya çatdırmaq üçün İdman TV ilə birgə Qubadakı Milli Qolf Klubunda “Yaşılın Sirri” adlı qısametrajlı film ərsəyə gətirmişik. Bu layihə xüsusilə gənclərin qolf idmanına marağının artırılmasına xidmət edir.

-Qadınların qolf idmanına inteqrasiyası necə həyata keçirilir?

-Son illər qadın qolfçuların sayı dinamik şəkildə artır. Federasiya həm məktəblərdə keçirilən təlimlərdə, həm də rəsmi yarışlarda xanımların iştirakı üçün bərabər imkanlar yaradır. Məqsədimiz beynəlxalq arenalarda Azərbaycanı uğurla təmsil edəcək peşəkar qadın qolfçular yetişdirməkdir.

Yaqut Ağaşahqızı,”İki sahil”