Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının təşəbbüsü ilə Estoniyada yaşayan 350-dən çox azərbaycanlı Müstəqillik Günü və müqəddəs Qurban bayramını birlik və həmrəylik şəraitində, böyük təntənə ilə qeyd edib.
“İki sahil” xəbər verir ki, açıq havada keçirilən tədbirdə müxtəlif millətlərin nümayəndələri, habelə 15-dən çox müsəlman və digər milli icmaların təmsilçiləri qonaq qismində iştirak ediblər. Tədbir Estoniyada yaşayan müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin, dostluğun və həmrəyliyin növbəti təzahürü olub.
Bayram proqramı çərçivəsində Estoniyada doğulub boya-başa çatmış azərbaycanlı gənclər və digər xalqlara mənsub yeniyetmələr musiqi, rəqs nömrələri ilə çıxış edərək həmrəylik və dostluq nümunəsi nümayiş etdiriblər.
Tədbirdə Estoniyanın ictimai-siyasi həyatında fəal rol oynayan rəsmi şəxslər də iştirak ediblər. Qonaqlar sırasında Tallin Şəhər Şurasının sədri Mihhail Kõlvart da yer alaraq Estoniyada fəaliyyət göstərən Azərbaycan icmasına uğurlar arzuladı, onların ölkənin ictimai və mədəni həyatına verdiyi töhfələri yüksək qiymətləndirdi. Eyni zamanda, Azərbaycan və Türkiyənin Estoniyadakı səfirliklərinin nümayəndələri tədbirdə iştirak edərək bayram münasibətilə təbriklərini çatdırıblar.
Tədbirin əsas məqsədi Estoniyada yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına, ölkəmizin zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və qonaqpərvərlik ənənələrinin tanıdılmasına töhfə vermək idi. Tədbir iştirakçıları Azərbaycan mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.
Estoniya Azərbaycan İcması “Birlik” ətrafında soydaşlarımızın sayının getdikcə artması diasporumuzun gücləndiyini və milli dəyərlər ətrafında birliyimizin daha da möhkəmləndiyini göstərir.