03 iyun 2026 11:17
75

Elçin Babayev: Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği universitetlərin əsas missiyasıdır

Qərbi Azərbaycan irsinin gənc nəsil arasında təbliği ali təhsil müəssisələrinin əsas missiyasıdır.

“İki sahil” xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, hazırda Qərbi Azərbaycan torpaqlarından didərgin salınan soydaşların o tarixi torpaqlara qayıdışı əsas məsələlərdəndir:

"Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, sülh gündəliyi bütövlükdə regionun gələcəyini müəyyən edən strateji seçimdir. Ona görə də Qərbi Azərbaycana qayıdış məsələsi qarşıdurma yox, sülh gündəliyinin bir hissəsi kimi təqdim olunur. Qayıdış ideyası revanşizm, münaqişənin davamı deyil, hüquqa söykənən tarixi ədalət çağırışı, uzunmüddətli sülh və etimad üçün yeni imkanların axtarışıdır".

Elçin Babayev bildirib ki, bu məsələdə milli yaddaşın qoruyucuları olan ali təhsil müəssisələrinin üzərinə xüsusi missiya düşür:

"Tarixi sənədlərin toplanması, hüquqi bazanın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıq, arxiv materiallarının sistemləşdirilməsi, toponimika, etnoqrafiya, mədəni irs, insan hüquqları və beynəlxalq hüquq istiqamətlərində araşdırmaların genişləndirilməsi mühüm vəzifələr olaraq qalır".

Rektor vurğulayıb ki, BDU-da 2023-cü ildə yaradılmış Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi Qərbi Azərbaycan irsinin öyrənilməsi, elmi, tarixi, mədəni və hüquqi araşdırmaların aparılması və təbliğ edilməsidir:

"Mərkəz Qərbi Azərbaycanla bağlı məlumatları sistemli şəkildə öyrənərək akademik müstəvidə təqdim edir. Qərbi Azərbaycanın tarixi, toponimləri, folkloru, dialekt və şivələrinin araşdırılması, deportasiya və köç proseslərinin elmi şəkildə öyrənilməsi istiqamətlərində, Qayıdış Konsepsiyası ilə bağlı elmi-tədqiqat işləri aparılır".