İngiltərə milli futbol komandasının sabiq kapitanı David Bekhem ABŞ-ın Los Angeles şəhərində yerləşən “Şöhrət Xiyabanı”nda üzərində öz adı olan ulduzla təltif olunacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Hollywood Chamber of Commerce məlumat yayıb.

Mərasim iyunun 12-də keçiriləcək. Tədbirdə məşhur aktyor Tom Kruz və futbolçunun həyat yoldaşı, dizayner və keçmiş "Spice Girls" üzvü Victoria Bekhem çıxış edəcəklər. Devid Bekhemin ulduzu “Şöhrət Xiyabanı”nda yerləşdirilən 2849-cu ulduz olacaq.
51 yaşlı Bekhem futbol karyerası ərzində İngiltərə millisinin heyətində 115 oyuna çıxıb və 17 qol vurub. O, həmçinin "Mancester Yunayted", "Real Madrid", "LA Galaxy", "Milan" və PSJ kimi nüfuzlu klublarda çıxış edib.
2003-cü ildə Bekhem idmana xidmətlərinə görə Britaniya İmperiyası Ordeninin zabiti təyin edilib və 2025-ci ildə Kral III Çarlzdan cəngavərlik titulunu alıb.

May ayında "The Times" qəzeti Devid Bekhemin Britaniyanın ilk milyarder idmançısı olduğunu bildirib. İngilis futbolçu argentinalı Lionel Messinin oynadığı Böyük Liqa Futbol (MLS) klubu İnter Mayami-nin həmtəsisçisidir. Bekhemin payı təxminən 300 milyon funt sterlinq dəyərində qiymətləndirilir.