03 iyun 2026 22:00
99

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən “Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi” mövzusunda I Beynəlxalq elmi konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb. BDU ilə QAİ əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

“İki sahil” xəbər verir ki, memorandumun əsas məqsədi BDU və QAİ arasında elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, tarixi yaddaşın öyrənilməsi, insan kapitalının inkişafı və ümumi maraq doğuran digər sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir.

Bu əməkdaşlıq Qərbi Azərbaycanın tarixi, coğrafiyası, demoqrafiyası, etnoqrafiyası, mədəni irsi, toponimiyası, hüquqi məsələləri və digər əlaqəli istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, maddi, qeyri-maddi mədəni irsin araşdırılması, sənədləşdirilməsi, qorunması və geniş ictimaiyyətə çatdırılmasında birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.