Hazırda dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələridir. Təbii sərvətlərin həddindən artıq istismarı ətraf mühitə mənfi təsirini qaçılmaz edib. Məhz bu səbəbdən ekoloji tarazlığın qorunub saxlanılması artıq ümumbəşəri problemə çevrilib. Mütəxəssislərin fikrincə, dünyanın gələcək inkişafı, ilk növbədə, ekoloji problemlərin aradan qaldırılmasından asılı olacaq. Buna görə də son illərdə bu məsələyə daha çox diqqət yönəldilir. Hətta bununla bağlı beynəlxalq tədbirlər bir-birini əvəz etməkdədir. Belə tədbirlərdən biri də ölkəmizdə keçiriləcək. Belə ki, Bakı Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində iyunun 5-də Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edəcək. Dünya ölkələrinin qlobal iqlim dəyişikliklərinin mənfi təzahürlərinin aradan qaldırılması yollarının müzakirə edilməsi üçün məhz Bakı şəhərini seçməsi heç də təsadüfi deyil. Çünki ölkəmizin paytaxtı son illərdə bir sıra mötəbər beynəlxalq tədbirlərin keçirilməsi sahəsində kifayət qədər zəngin təcrübə əldə edib. Yeri gəlmişkən qeyd edək ki, elə bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) da keçirildi.
Şübhəsiz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyinin yaratdığı dinamikanı davam etdirən Azərbaycan bu tədbir vasitəsilə beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə və ekoloji öhdəliklərin praktik fəaliyyətə çevrilməsinə növbəti töhfəsini verəcək. Xatırladaq ki, COP29-da əvvəlki konfranslarda həll oluna bilməyən bir sıra məsələlər üzrə tarixi razılaşmalar əldə edilib. Bununla da ölkəmiz iqlim dəyişmələrinin yaratdığı problemlərin qarşısının alınmasına yönələn bütün səylərə həmişə dəstək verməyə hazır olduğunu bir daha göstərib.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Bakıda keçiriləcək bu tədbir ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun və ekoloji gündəlikdə oynadığı fəal rolunun mühüm göstəricisidir: “Bu tədbirin BMT-nin Ətraf Mühit Proqramı ilə tərəfdaşlıq çərçivəsində keçirilməsini Azərbaycanın iqlim dəyişmələri ilə mübarizə, ətraf mühitin qorunması istiqamətində qlobal səylərə verdiyi töhfə, həm də COP29-dan sonra ölkəmizin ekoloji diplomatiyada fəallığının davamı kimi qiymətləndirilmək olar”.
Millət vəkili vurğuladı ki, Ümumdünya Ətraf Mühit Günü dünyada milyonlarla insanı ətraf mühitin qorunması naminə birləşdirən mühüm platformadır: “2026-cı ildə bu platformanın Bakıda təşkil olunması ölkəmiz üçün həm də böyük məsuliyyətdir. Onu da qeyd edim ki, ümumiyyətlə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətdə yaşıl enerji, dayanıqlı inkişaf, təbii sərvətlərin qorunması və gələcək nəsillər üçün sağlam ətraf mühitin təmin edilməsi mühüm yer tutur. Bakıda keçiriləcək Ümumdünya Ətraf Mühit Günü də bu baxımdan Azərbaycanın beynəlxalq təşəbbüslərə açıq, məsuliyyətli və fəal tərəfdaş olduğunu bir daha nümayiş etdirəcək. Hesab edirəm ki, bu tədbir yalnız beynəlxalq əhəmiyyətli ekoloji platforma deyil, həm də cəmiyyətimiz üçün mühüm maarifləndirici çağırış olacaq. Ətraf mühitin qorunması isə hər birimizin gündəlik məsuliyyətinə çevrilməlidir. Çünki təbiəti qorumaq gələcəyimizi, həyatı qorumaq deməkdir. Unutmayaq ki, ətraf mühiti, təbiəti qorumayanda onun qisası amansız olur”.
Qvami Məhəbbətoğlu, “İki sahil”