05 iyun 2026 12:56
97

BMT-nin Baş katibi: Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir

İqlim dəyişikliyinin yaratdığı zərərlər temperaturun yüksəlməsi ilə məhdudlaşmır. Çirklənmiş havadan torpaqların deqradasiyasına, ekosistemlərin çökməsinə və biomüxtəlifliyin yox olmasına qədər bir çox problemlə üz-üzəyik. Dünyamızın sağlamlığı təhlükə altındadır və aclıq problemi daha da dərinləşir.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirin iştirakçılarına videomüraciət zamanı deyib.

O bildirib ki, dünya müvəqqəti olaraq temperatur artımının 1,5 dərəcə həddini aşacağı bir dövrə doğru irəliləyir.

“Temperaturdakı hər əlavə dərəcə və ya onun kiçik bir hissəsi belə daha böyük zərərlərə səbəb olur və bunun təsirini ən çox həssas əhali qrupları hiss edir. Bizim vəzifəmiz bu həddin aşılmasını mümkün qədər kiçik, qısamüddətli və təhlükəsiz etmək, daha sonra isə qlobal temperaturu sürətlə yenidən aşağı salmaqdır. Bu isə emissiyaların kəskin şəkildə azaldılması, qalıq yanacaqlardan mərhələli və ədalətli keçidlə uzaqlaşaraq bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi deməkdir. Xərclərin azaldılması və real enerji təhlükəsizliyinin təmin olunması üçün yeganə dayanıqlı yol məhz budur. Metan emissiyalarının azaldılması yaxınmüddətli istiləşməni məhdudlaşdırmağın ən sürətli və ən az xərc tələb edən yollarından biridir. Meşələrin, torpaqların və dənizlərin qorunması, artıq hiss olunan dağıdıcı iqlim təsirlərinə uyğunlaşmaq üçün icmalara dəstək verilməsi də böyük əhəmiyyət daşıyır. Bu, həmçinin inkişaf etməkdə olan ölkələrə verilən iqlim maliyyələşdirilməsi vədlərinin yerinə yetirilməsi deməkdir ki, insanların həyatı xilas edilsin, dolanışıq vasitələri qorunsun və iqtisadiyyatlar gücləndirilsin”, - deyə Antonio Quterreş vurğulayıb.