05 iyun 2026 17:01
106

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunan beynəlxalq seminar keçirilib

7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Günü münasibətilə “Qida təhlükəsizliyi: gözlənilməz hallara hazırlıq” mövzusunda beynəlxalq seminar keçirilib.
Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə baş tutub.
“İki sahil” xəbər verir ki, seminarda çıxış edən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev bildirib ki, iqlim dəyişiklikləri, demoqrafik artım, qida zəncirinin mürəkkəbləşməsi və yeni patogen mikroorqanizmlər qida təhlükəsizliyi sistemləri üçün yeni çağırışlar yaradır. O, risklərin qarşısının alınmasında Kodeks Alimentarius standartlarının tətbiqinin və tədqiqatların əhəmiyyətini vurğulayıb.
Daha sonra UNEC-in dosenti, AQTA yanında İctimai Şuranın sədri Mehriban Məhərrəmova, FAO eksperti Anna Vasilenko, Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Nəcəf İskəndərli və digər çıxışçılar Ümumdünya Qida Təhlükəsizliyi Gününün əhəmiyyətindən danışıb, mövzu ilə bağlı təqdimatlarla çıxış ediblər.
Bu il “Çətinliklərdən həllərə doğru – hər yerdə təhlükəsiz qida” şüarı altında keçirilən 7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü qida təhlükəsizliyinin insan sağlamlığı, iqtisadi inkişaf və cəmiyyətin rifahı üçün əhəmiyyətini bir daha diqqətə çatdırır.