İyunun 2-dən 7-dək Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turniri keçirilib.
“İki sahil” xəbər verir ki, Bakı Tennis Akademiyasında baş tutan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral status altında çıxış edən tennisçilər iştirak ediblər. Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak birinci, Samuel Şifano isə ikinci olublar. Qızların fərdi yarışında Polina Kaşitsuna birinci, Leyla Şahmuradova isə ikinci yeri tutublar. Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü qalib gəlib. Aleksandr Burmakin və Mert Efe Zaim cütlüyü ikinci olub. Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina çempion adını qazanıb. Polina Kaşitsuna və Vladislava Slelina cütlüyü isə turniri ikinci pillədə başa vurublar.
Sonda qaliblər gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Tennis Federasiyasının prezidenti Ənvər Ənvərli tərəfindən xüsusi hazırlanmış plaket və sertifikatlarla təltif ediliblər.