Almaniyanın məşhur avtomobil istehsalçısı "Mercedes-Benz" pilotsuz uçuş aparatları hazırlayan Münhen mənşəli TYTAN Technologies şirkəti ilə strateji əməkdaşlıq qurmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın nüfuzlu nəşri "Der Spiegel" məlumat yayıb.
Məqalədə bildirilir ki, tərəflər müvafiq əməkdaşlıq memorandumunu Berlində keçirilən beynəlxalq aerokosmik sərgi çərçivəsində imzalamağı planlaşdırırlar.
Nəşrin məlumatına görə, şirkətlər G-Class yolsuzluq avtomobilləri əsasında yeni hava hücumundan müdafiə sistemi yaratmaq niyyətindədirlər. Layihə çərçivəsində avtomobillər radar və müxtəlif sensorlarla təchiz olunacaq.
Bu platformalar vasitəsilə TYTAN tərəfindən hazırlanmış pilotsuz interceptor dronlarının buraxılması nəzərdə tutulur. Layihənin əsas məqsədlərindən biri Almaniyanın kritik infrastruktur obyektlərinin hava təhlükələrindən qorunmasını təmin etməkdir.
Məlumata əsasən, “Drone Defender” adlandırılan sistem yalnız strateji obyektlərin müdafiəsi üçün deyil, həm də hərbi əməliyyatların aparıldığı ərazilərdə istifadə oluna bilər.
Bundan əvvəl mediada Mercedes-Benz-in fəaliyyət sahəsini genişləndirərək müdafiə sənayesi üçün məhsulların istehsalına başlamaq ehtimalı barədə məlumatlar yayılmışdı.