17 iyun 2026 12:10
76

İranın ən böyük dondurulmuş aktivləri Çindədir

Çində İranın bloklanmış 50 milyard dollara qədər aktivi saxlanılır.

“İki sahil” xəbər verir ki,  "The Wall Street Journal" (WSJ) qəzetinin məlumatına görə, bütün dünya üzrə bu növ vəsaitlərin ümumi məbləği 100 milyard dollara qədər çata bilər. Dondurulmuş aktivlərin həcminə görə Çindən sonra ikinci yerdə İraq qərarlaşıb (15 milyard dollar). Üçüncü yeri isə hərəyə 7 milyard dollar olmaqla Hindistan və Cənubi Koreya bölüşür.

WSJ-nin qeyd etdiyinə görə, aktivlərin bir hissəsi hələ 1979-cu ildə, İranda islam inqilabı baş verdiyi vaxtdan bəri dondurulmuş vəziyyətdədir. Bununla belə, vəsaitlərin əsas hissəsini son illərdə müxtəlif ölkələr tərəfindən İrandan satın alınan və ya müqavilə bağlanan neft və/və ya elektrik enerjisi ödənişləri təşkil edir.

Həmçinin, İranın dondurulmuş aktivlərinin əhəmiyyətli hissəsi digər ölkələrdə də saxlanılır:

Qətər: 6 milyard dollar, Yaponiya: 3 milyard dollar, ABŞ və Lüksemburq: hərəyə 2 milyard dollar, Oman: 1 milyard dollar

WSJ-nin rəyini öyrəndiyi ekspertlərin fikrincə, İran rəsmiləri bütün aktivlərin yaxın zamanda dondurulmaqdan azad ediləcəyinə ümid etmirlər. Onlar hazırda yalnız bu vəsaitlərin dörddə birinin — təxminən 24 milyard dolların sərbəst buraxılmasına fokuslanıblar.