17 iyun 2026 11:39
84

"Telegram" Hindistanda bloklanmasına qarşı məhkəməyə müraciət edib

Mesajlaşma platforması "Telegram" Hindistanda fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı hökumət qərarından məhkəməyə şikayət edib.  Şirkət məsələ ilə əlaqədar Delhi High Court-a müraciət edərək qərarın ləğvini tələb edib. Məlumata görə, məhkəmə bu gün işi təcili qaydada icraata qəbul etməyə razılıq verib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Economic Times" məlumat yayıb.

Hindistan hakimiyyəti iyunun 22-dək "Telegram"ın fəaliyyətini məhdudlaşdırıb. Qərar ölkədə tibb ixtisaslarına qəbul üçün keçirilən imtahanın yenidən təşkili dövrünü əhatə edir.

Rəsmilər bildiriblər ki, qəbul imtahanının sualları əvvəlcədən "Telegram" kanalları vasitəsilə yayılıb. Nəticədə imtahanın nəticələri etibarsız hesab olunub və onun yenidən keçirilməsi qərara alınıb.

"Telegram"ın qurucusu Pavel Durov isə məhdudiyyətləri tənqid edərək bildirib ki, tətbiqin bloklanması məlumat sızmalarının qarşısını almayıb.

Onun sözlərinə görə, qadağa tətbiq edildikdən sonra belə məlumatların yayılması sadəcə digər platformalara keçib.

“Qadağa heç nəyi dayandırmadı, sızmalar sadəcə başqa tətbiqlərə köçdü”, – deyə Durov vurğulayıb.