18 iyun 2026 13:19
105

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə “Azərpambıq ASK” MMC-nin Bərdə Pambıq İstehsalı və Emalı Zavodunda “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda yanğın-taktiki təlim keçirilib.

“İki sahil” xəbər verir ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə bu kimi obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub. Təlimin nəzəri hissəsində zavodun kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb. Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Bərdə, Yevlax, Ağdam və Tərtər rayon Yanğından Mühafizə hissələrinə məxsus qüvvə və vasitələr “yanğın yerinə” operativ qaydada çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ərazidə təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”. Təlimə ümumilikdə 25 nəfərdən ibarət şəxsi heyət və 5 ədəd texnika cəlb edilib. Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.