Azərbaycan Prezidenti İlham Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsinə göstərdiyi ardıcıl və davamlı təşəbbüsləri, həmçinin bu Sammitə xüsusi diqqət ayırması insan hüquqlarının müdafiəsinin dövlət səviyyəsində strateji istiqamət kimi müəyyən olunduğunu göstərir.
“İki sahil” xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində çıxışı zamanı söyləyib.
“Son illər qəbul olunmuş dövlət proqramları və strateji sənədlər ölkəmizdə süni intellekt texnologiyalarının təhlükəsiz, etik, şəffaf və insan hüquqlarına əsaslanan prinsiplər çərçivəsində tətbiqini təşviq etməklə yanaşı, rəqəmsal iqtisadiyyatın inkişafına, dövlət xidmətlərinin səmərəliliyinin artırılmasına, rəqəmsal bərabərliyin və inklüzivliyin gücləndirilməsinə xidmət edir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan Rəqəmsal İnkişaf Şurası ölkəmizdə bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsinə hədəflənib”, – deyə Ombudsman qeyd edib.