19 iyun 2026 17:30
110

Gənclərin memarlıq və şəhərsalma sahəsində bacarıqları qeyri-formal təhsil və ekoloji təşəbbüslərlə inkişaf etdirilir

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən gənclərin memarlıq və şəhərsalma sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif qeyri-formal təhsil modelləri tətbiq olunur.

GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Nuranə Rzayeva “İki sahil”ə açıqlamasında bildirib ki, forumlar, seminarlar, ekspert görüşləri və infoturlar gənclərin həm nəzəri biliklərini artırır, həm də onların praktik bacarıqlarının inkişafına mühüm töhfə verir.

Onun sözlərinə görə, bu fəaliyyətlər analitik düşünmə, araşdırma aparma, təqdimat hazırlama və komanda ilə işləmək kimi bacarıqların formalaşmasına şərait yaradır, eyni zamanda gənclərin peşəkar istiqamət seçiminə və karyera planlamasına müsbət təsir göstərir.

N. Rzayeva qeyd edib ki, dayanıqlı şəhər inkişafı, yaşıl məkanların planlanması və ekoloji urbanizm əsas prioritet istiqamətlərdəndir. Bu istiqamətdə ekoloji maarifləndirmə tədbirləri, təlimlər, ictimai müzakirələr və ekoloji aksiyalar həyata keçirilir.

O əlavə edib ki, “Müasir şəhərsalma və ekoloji problemlər: Gənclərin rolu” mövzusunda keçirilən təlimlərdə iştirakçılar şəhərlərin ekoloji çağırışları və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar. Gənclərin irəli sürdüyü ideyalar isə ictimai müzakirələrə çıxarılaraq aidiyyəti tərəflərlə paylaşılır və real təşəbbüslərin formalaşmasına töhfə verir.