Fundamental islahatlar sayəsində Türkiyə yeni inkişaf mərhələsinə qədəm qoyub. Biz vətəndaşlarımızın arzularını reallığa çevirmişik.
“İki sahil” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı “ATO Congressium” mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) funksionerləri qarşısında çıxışı zamanı deyib.
O, AK Partinin 23 illik hakimiyyəti dövründə ölkənin əldə etdiyi nailiyyətlərə diqqət çəkərək bildirib: “Bu müddətdə Türkiyənin ixrac həcmi 36 milyard dollardan 275 milyard dollara yüksəlib, turizm gəlirləri 12,4 milyard dollardan 65 milyard dollara çatıb, müdafiə sənayesi məhsullarının ixrac həcmi isə 248 milyon dollardan 11 milyard dollara qədər artıb. Türkiyənin ümumi daxili məhsulu 236 milyard dollardan 1,6 trilyon dollara yüksəlib”.
Dövlət başçısı Türkiyənin, eləcə də müxtəlif səviyyəli tədbirlərin keçirilməsi üçün seçilən Ankaranın beynəlxalq nüfuzunun artdığını da xüsusi vurğulayıb.
“Paytaxtımız özünü qlobal diplomatiyanın mərkəzi kimi təsdiqləyir. İyulun 7-8-də Ankarada NATO-ya üzv dövlətlərin və hökumət başçılarının görüşü keçiriləcək. ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla çoxsaylı liderləri sammitdə salamlamaqdan məmnun olacağıq. Bundan başqa, payızda Ankarada ortaq ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçiriləcək. Türk dünyasının ürəyi Türkiyənin paytaxtında döyünəcək. Bütün bunlar göstərir ki, bu il Ankaranın beynəlxalq nüfuzu heç vaxt olmadığı qədər yüksək olacaq”, – deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə Prezidenti daha sonra müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan uşaqlarla xatirə şəkli çəkdirib.