İyunun 22-də Naxçıvan iqtisadi rayonunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib. Müşavirənin keçirilməsi muxtar respublikanın gələcək inkişaf prioritetləri baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşıdakı illərdə aqrar sahədə həyata keçiriləcək tədbirlərin, hədəflərin və gözlənilən nəticələrin müzakirəsi bir daha göstərdi ki, kənd təsərrüfatının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır.

Naxçıvan Muxtar Respublikası tarixən kənd təsərrüfatı ənənələri ilə seçilən bölgələrdən biridir. Burada əlverişli iqlim şəraiti, münbit torpaq ehtiyatları, geniş otlaq və örüş sahələri, müxtəlif yüksəklik qurşaqları, eləcə də mövcud su resursları kənd təsərrüfatının müxtəlif istiqamətlərinin inkişafı üçün zəngin potensial formalaşdırıb. Taxılçılıq, meyvəçilik, tərəvəzçilik, üzümçülük, heyvandarlıq, arıçılıq və quşçuluq kimi sahələr uzun illərdir, muxtar respublikanın iqtisadi həyatında mühüm yer tutur.
Lakin müasir dövrdə qlobal iqlim dəyişiklikləri, su ehtiyatlarından səmərəli istifadə, artan ərzaq tələbatı və beynəlxalq bazarlardakı rəqabət aqrar sektor qarşısında yeni çağırışlar formalaşdırır. Məhz bu baxımdan qəbul edilən Dövlət Proqramı Naxçıvan üçün yeni inkişaf mərhələsinin əsasını qoyan strateji sənəd kimi qiymətləndirilə bilər.
Proqramın əsas hədəflərindən biri kənd təsərrüfatında məhsuldarlığın artırılması və istehsalın müasir tələblərə uyğun təşkili ilə bağlıdır. Bu istiqamətdə innovativ texnologiyaların tətbiqi, müasir suvarma sistemlərinin genişləndirilməsi, torpaq ehtiyatlarından səmərəli istifadə və fermerlərin yeni texnologiyalara çıxış imkanlarının artırılması nəzərdə tutulur. Bu tədbirlər həm istehsal həcmlərinin artırılmasına, həm də məhsulun maya dəyərinin azalmasına imkan verəcək.
Dövlət Proqramının Naxçıvan üçün ən mühüm tərəflərindən biri ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsidir. Son illərdə muxtar respublikanın bir sıra kənd təsərrüfatı məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlsə də, yeni proqram bu istiqamətdə daha dayanıqlı nəticələrin əldə olunmasını hədəfləyir. Yerli istehsalın artırılması idxaldan asılılığın azalmasına, daxili bazarın daha keyfiyyətli və münasib qiymətli məhsullarla təmin edilməsinə şərait yaradacaq.
Proqram həm də kənd yerlərində məşğulluğun artırılması baxımından da böyük əhəmiyyət daşıyır. Aqrar sektorda yeni layihələrin həyata keçirilməsi, emal müəssisələrinin yaradılması, kooperasiya münasibətlərinin inkişaf etdirilməsi və logistika infrastrukturunun gücləndirilməsi kənd əhalisi üçün yeni iş yerlərinin açılmasına səbəb olacaq. Bu isə əhalinin gəlirlərinin artmasına, sosial rifahın yaxşılaşmasına və kənd yaşayış məntəqələrinin iqtisadi fəallığının yüksəlməsinə müsbət təsir göstərəcək.
Naxçıvan üçün mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də su ehtiyatlarından səmərəli istifadədir. Muxtar respublikanın iqlim xüsusiyyətləri suya qənaət edən texnologiyaların tətbiqini zəruri edir. Dövlət Proqramında müasir suvarma sistemlərinin genişləndirilməsi, su təminatının yaxşılaşdırılması və su resurslarının daha səmərəli idarə olunması kimi məsələlərin öz əksini tapması gələcəkdə kənd təsərrüfatının dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Proqramda balıqçılıq və akvakultura sahələrinin inkişafına xüsusi yer ayrılması da Naxçıvan üçün yeni imkanlar açır. Muxtar respublikadakı su anbarları və mövcud su hövzələri bu istiqamətdə yeni istehsal sahələrinin yaradılması üçün əlverişli potensiala malikdir. Həmin potensialdan istifadə həm ərzaq təminatının şaxələndirilməsinə, həm də sahibkarlığın inkişafına əlavə stimul verə bilər.
Eyni zamanda, Dövlət Proqramı kənd təsərrüfatı məhsullarının emalı və əlavə dəyər yaradan istehsal zəncirinin formalaşdırılması baxımından da xüsusi əhəmiyyət daşıyır. Bu gün dünyada aqrar inkişaf yalnız məhsul istehsalı ilə deyil, həmin məhsulların emalı, qablaşdırılması, markalaşdırılması və bazarlara çıxarılması ilə ölçülür. Naxçıvanda emal sənayesinin inkişafı fermerlərin gəlirlərinin artmasına, istehsal olunan məhsulların rəqabətqabiliyyətinin yüksəlməsinə və ixrac potensialının genişlənməsinə xidmət edəcək.
Muxtar respublikanın strateji coğrafi mövqeyi də bu baxımdan mühüm üstünlükdür. Azərbaycan ilə Türkiyə arasında mühüm nəqliyyat dəhlizində yerləşən Naxçıvan gələcəkdə kənd təsərrüfatı və emal məhsullarının xarici bazarlara çıxarılması üçün əhəmiyyətli logistik imkanlara malikdir. Dövlət Proqramının uğurlu icrası bu imkanlardan daha səmərəli istifadə olunmasına və Naxçıvanın regional aqrar istehsal və emal mərkəzlərindən birinə çevrilməsinə şərait yarada bilər.
İyunun 22-də keçirilən regional müşavirə bir daha göstərdi ki, 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı təkcə kənd təsərrüfatının inkişafına yönəlmiş sənəd deyil. Bu proqram həm də kənd əhalisinin rifahının yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ixrac imkanlarının genişləndirilməsinə imkan yaradır. Qarşıdakı illərdə proqram çərçivəsində müəyyən edilən tədbirlərin ardıcıl və məqsədyönlü şəkildə icrası muxtar respublikanın aqrar potensialının daha da güclənməsinə və regionun ölkənin aparıcı kənd təsərrüfatı mərkəzlərindən birinə çevrilməsinə mühüm töhfə verəcək.
Anar Tağıyev,
Naxçıvan televiziyasının baş redaktoru