25 iyun 2026 15:15
93

AŞPA-nın qərarları siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana münasibətdə nümayiş etdirdiyi mövqe bu qurumun obyektivlikdən uzaq olduğunu bir daha təsdiqləyir. Qərəzli qətnamədə Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin guya təzyiqə məruz qalması, ifadə azadlığının məhdudlaşdırılması və siyasi məhbusların mövcudluğu ilə bağlı əsassız iddialar yer alır. Təəssüf ki, rəsmi Bakının mövqeyi, Azərbaycan hökumətinin hüquqi arqumentləri nəzərə alınmayıb. Bu isə sənədin birtərəfli hazırlandığını təsdiqləyir. Xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra Assambleyada ölkəmizə qarşı qərəzli kampaniyanın daha da güclənməsi təsadüfi deyil. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən qarşılıqlı əməkdaşlıq, demokratik inkişaf və beynəlxalq hüquq prinsiplərinin qorunmasına töhfə vermək niyyətini ortaya qoymuşdu. Lakin ötən illərin təcrübəsi göstərdi ki, təşkilat daxilində fəaliyyət göstərən ermənipərəst, islamofob və türkofob dairələr AŞPA tribunalarından Azərbaycana qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışdılar. Rəsmi Bakı isə təşkilatın bu ziddiyyətli mövqeyinə qarşı adekvat tədbirlər gördü.

Ən diqqətçəkən məqamlardan biri AŞPA-nın uzun illər Ermənistanın Azərbaycana qarşı işğal siyasətinə münasibətdə nümayiş etdirdiyi qərəz idi. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 il işğal altında qalmasına baxmayaraq, Assambleya işğalçı dövlətə qarşı ciddi siyasi və ya hüquqi addım atmadı. Halbuki, təşkilatın üzvü olan bir dövlətin digər üzv dövlətin torpaqlarını işğal etməsi faktı ən azından Ermənistanın səsvermə hüququnun məhdudlaşdırılması üçün əsas yarada bilərdi. Bunun əvəzinə, AŞPA müxtəlif vaxtlarda hüquqi qüvvəsi olmayan bəyanatlar verməklə kifayətləndi.
Azərbaycan öz gücü hesabına BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalan qətnamələrinin icrasını təmin etdikdən sonra isə Assambleyanın mövqeyi tamamilə fərqli istiqamət aldı. 2023-cü il sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra AŞPA tərəfindən qəbul edilən sənədlər bunun açıq göstəricisidir. Təşkilat Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi tədbirləri qərəzli şəkildə şərh edərək ölkəmizə qarşı siyasi təzyiq mexanizmlərini işə salmağa çalışdı. Qərəzli kampaniyaların da əsas simalarından biri Almaniyadan olan deputat Frank Şvabedir. Onun səsləndirdiyi ittihamlar isə birtərəfli yanaşmanın və siyasi qərəzin nümunəsidir.

Görünən budur ki, AŞPA müəyyən dövlətlərin geosiyasi maraqlarını reallaşdırmaq üçün istifadə olunan qərəzli platformadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil siyasət, ölkəmizin regional liderə çevrilməsi və beynəlxalq nüfuzunun artması Azərbaycana qarşı qərəzli münasibətin əsas səbəblərindən biridir. Bu baxımdan AŞPA-nın qərarları insan hüquqları və demokratiya məsələləri ilə deyil, daha çox siyasi revanşizm və qisas cəhdləri ilə bağlıdır.

Bütün bunlara baxmayaraq, Azərbaycan öz prinsipial mövqeyinə sadiqdir.  AŞPA-nın son davranışı bir daha sübut edir ki, təşkilat daxilində Azərbaycanofobiya, islamofobiya və ikili standartlar tendensiyası ciddi problem olaraq qalır. Lakin Azərbaycanın müstəqil siyasəti, milli maraqlara söykənən fəaliyyəti və beynəlxalq hüquqa əsaslanan mövqeyi bu cür qərəzli təzyiqlərin nəticəsiz qalacağını göstərir.

Könül Nurullayeva,
Milli Məclisin deputatı