İnsan hüquqları sahəsində vəziyyətlə bağlı növbəti dəfə “dərin narahatlıq”, vətəndaş cəmiyyətinə və jurnalistlərə təzyiqlər, söz azadlığının məhdudlaşdırılması, guya “siyasi məhbuslar”ın mövcudluğu kimi iddiaların yer aldığı bu sənəd, əslində, əvvəlki illərdə olduğu kimi, qərəzli və birtərəfli yanaşmanın növbəti təzahürüdür. Müəlliflər regiondakı mürəkkəb reallıqları obyektiv təhlil etmək əvəzinə, uzun illərdir təkrarlanan şablon ittihamlara üstünlük veriblər. Bu klişelər artıq çoxdan bəlli siyasi təzyiq mexanizminin tərkib hissəsinə çevrilib.
Belə sənədlərin mahiyyətinə diqqətlə baxdıqda aydın görünür ki, onlar bəyan edilən humanitar dəyərlərin müdafiəsindən daha çox müəyyən geosiyasi maraqlara xidmət edir. Həmin dairələrin əsas məqsədi Azərbaycanın beynəlxalq mövqelərini zəiflətmək, onun müstəqil inkişaf kursuna mane olmaq və regional proseslərdə artan rolunu məhdudlaşdırmaqdır. Bu yanaşmanın kökündə isə Azərbaycanın suveren daxili və xarici siyasətinə qarşı dözümsüzlük dayanır. Xüsusilə ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsindən sonra bu münasibət daha açıq şəkildə özünü göstərməyə başlayıb.
AŞPA platformasında bu destruktiv xəttin əsas simalarından biri alman deputatı Frank Şvabedir. O, uzun illərdir Strasburqda anti-Azərbaycan təşəbbüslərinin fəal müdafiəçilərindən biri kimi çıxış edir. Son müzakirələr zamanı da o, yalnız əvvəlki mövqeyini davam etdirməklə kifayətlənməyib, daha balanslı yanaşma nümayiş etdirməyə çalışan həmkarlarına qarşı da aqressiv münasibət sərgiləyib. Azərbaycanla bağlı obyektiv fikirlər səsləndirən deputatlara qarşı təzyiq göstərilməsi və fərqli baxışların qəbul edilməməsi ciddi suallar doğurur.
Paradoks ondadır ki, özlərini demokratiyanın və söz azadlığının əsas müdafiəçiləri kimi təqdim edən bəzi Avropa parlamentariləri alternativ fikirlərə qarşı ən sərt dözümsüzlüyü nümayiş etdirirlər. Bu cür davranış parlamentarizmin mahiyyətinə zidd olmaqla yanaşı, müəyyən siyasi dairələrin əsl niyyətlərini də ortaya qoyur. Onlar AŞPA-nı bərabərhüquqlu dialoq platformasından uzaqlaşdıraraq onu dar siyasi maraqlara xidmət edən ideoloji alətə çevirməyə çalışırlar. Həmin maraqların erməni lobbi qrupları ilə sıx bağlılığı isə artıq heç kim üçün sirr deyil. Bu dairələr Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqları qəbul etmək istəmirlər və müxtəlif beynəlxalq platformalarda anti-Azərbaycan kampaniyasını davam etdirirlər.
Avropa institutlarının Azərbaycanda bəzi jurnalistlərə, blogerlərə və ictimai fəallara qarşı açılmış cinayət işlərini onların peşə fəaliyyəti ilə əlaqələndirməsi də faktlarla uzlaşmır. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Jurnalist və ya ictimai xadim statusu heç kimə qanun pozuntularına görə məsuliyyətdən yayınmaq imkanı vermir. Sözügedən işlər milli qanunvericiliyə və konkret sübutlara əsaslanır.
Burada söhbət xaricdən qanunsuz maliyyələşmə, vergidən yayınma, iri məbləğdə xarici valyutanın qaçaqmalçılığı və digər maliyyə xarakterli hüquq pozuntularından gedir. Bu prosesləri siyasiləşdirmək, hüquqi məsələləri söz azadlığı mövzusu kimi təqdim etmək Azərbaycanın müstəqil məhkəmə sisteminə müdaxilə cəhdi olmaqla yanaşı, ölkə haqqında mənfi rəy formalaşdırmağa hesablanmış kampaniyanın tərkib hissəsidir.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanda son illər siyasi dialoq mühiti əhəmiyyətli dərəcədə inkişaf edib. Siyasi partiyalar arasında əməkdaşlıq imkanları genişlənib, müxtəlif siyasi qüvvələrin nümayəndələri ilə mütəmadi görüşlər keçirilir, onların təklif və təşəbbüslərinə diqqətlə yanaşılır. Bu yanaşma iqtidar-müxalifət münasibətlərində yeni mərhələnin formalaşmasına töhfə verib. Ölkəmizdə heç kim siyasi mənsubiyyətinə görə təqib olunmur və ya hüquqlarından məhrum edilmir.
Avropa institutlarının fəaliyyətində ikili standartların mövcudluğu isə artıq açıq şəkildə görünür. Azərbaycana qarşı əsassız ittihamlar səsləndirən dairələr Avropanın özündə baş verən daha ciddi problemlərə çox zaman göz yumurlar. Bir sıra Avropa ölkələrində dinc aksiyaların dağıdılması zamanı polis zorakılığı, jurnalistlərə təzyiqlər, miqrantlara və azlıqlara qarşı diskriminasiya, dini azadlıqların məhdudlaşdırılması kimi halların artdığı müşahidə olunur. Lakin bu məsələlərlə bağlı nə Strasburqdan, nə də Brüsseldən eyni sərtlikdə reaksiyalar gəlir. Bu isə yanaşmanın seçmə xarakter daşıdığını açıq şəkildə nümayiş etdirir.
Əlbəttə, bütün bunlar təsadüfi deyil. Son illərin təcrübəsi göstərir ki, anti-Azərbaycan xarakterli sənədlər Avropa platformalarında sistemli şəkildə gündəmə gətirilir. Xüsusilə Avropa Parlamenti son dövrlərdə Azərbaycana qarşı qərəzli mövqenin əsas mərkəzlərindən birinə çevrilib. Son beş ildə qəbul edilən çoxsaylı qətnamələrdə regionun yeni reallıqları nəzərə alınmadan Azərbaycana qarşı ittihamlar səsləndirilib və birtərəfli mövqelər nümayiş etdirilib.
Bu yanaşma onu göstərir ki, bəzi Avropa siyasi dairələri Cənubi Qafqazda formalaşmış yeni geosiyasi vəziyyəti qəbul etməkdə çətinlik çəkirlər. Onlar bölgədə uzunmüddətli sülhə və əməkdaşlığa töhfə vermək əvəzinə, köhnəlmiş stereotiplərdən və siyasi qərəzdən çıxış etməyə davam edirlər. Nəticədə isə özlərinin obyektivlik və etibarlılıq imicinə zərbə vururlar.
Azərbaycan üçün belə çıxışlar artıq yeni deyil. Bakıda yaxşı anlayırlar ki, regionun gələcəyini siyasi bəyanatlar və qətnamələr deyil, real layihələr, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraqlar müəyyən edir. Bu baxımdan Azərbaycanla Avropa arasında əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyi sahəsində uğurla davam edir.
Bir tərəfdən bəzi Avropa dairələri siyasi ritorika ilə məşğul olduqları halda, digər tərəfdən Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərini davam etdirir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsini gücləndirir, qlobal təşəbbüslərlə çıxış edir və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verir.
Ölkəmizin COP29, WUF-13 və digər nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Prezident İlham Əliyev dünya liderləri tərəfindən hörmətlə qarşılanır, onun siyasi və strateji baxışları beynəlxalq səviyyədə diqqətlə izlənilir. Şübhəsiz ki, bəzi dairələr məhz bu reallığı qəbul etməkdə çətinlik çəkirlər.
Lakin ən vacib məqam ondan ibarətdir ki, Azərbaycan xalqı öz dövlətinin və Prezidentinin ətrafında sıx birləşib. Milli birlik və həmrəylik ölkəmizin ən böyük güc mənbəyidir. Bu həmrəylik dostlarımızı sevindirir, Azərbaycana qarşı qərəzli münasibət bəsləyən qüvvələri isə narahat edir.
Ancaq onlar bilməlidirlər ki, Azərbaycan bu gün kifayət qədər güclü dövlətdir. Heç bir xarici təzyiq, heç bir siyasi kampaniya və heç bir qərəzli qətnamə Azərbaycan dövlətinin və Azərbaycan xalqının iradəsinə təsir göstərə bilməz. Ölkəmiz bundan sonra da müstəqil siyasətini davam etdirəcək, milli maraqlarını qətiyyətlə müdafiə edəcək və seçdiyi inkişaf yolundan dönməyəcək.
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor