Son aylarda baş verən hadisələr, xüsusilə də Bakıda keçirilən ilk Azərbaycan–ABŞ İqtisadi Dialoqu, Hafiz Paşayevin “Bir səfirin manifesti” kitabına yenidən qayıtmağa sövq edir. Bu kitabı oxuduqca Azərbaycan–ABŞ münasibətlərinin keçdiyi mürəkkəb və uzun yol daha aydın görünür.

Bəzi kitablar hadisələrdən bəhs edir, bəziləri insan talelərindən danışır. Və elə əsərlər də var ki, bütöv bir dövrü onun birbaşa iştirakçısının gözü ilə görməyə imkan yaradır. Müstəqil Azərbaycanın ABŞ-da ilk səfiri olmuş Hafiz Paşayevin kitabı məhz belə əsərlərdəndir.
Azərbaycan ilə ABŞ münasibətlərinin tarixi təkcə diplomatik anlaşmaların və rəsmi səfərlərin tarixi deyil. Bu, inamsızlığın aradan qaldırılması, ədalət uğrunda mübarizə, əzmkarlıq və strateji baxış tarixidir. Bu, müstəqilliyini yenicə bərpa etmiş gənc bir dövlətin dünya siyasətində özünü təsdiqləməsinə və səsinin “dünyanın bir nömrəli paytaxtında” eşidilməsinə necə nail olmasının tarixidir.
İlk baxışda kitabı diplomatik xatirələr hesab etmək olardı. Lakin oxuduqca aydın olur ki, qarşımızdakı sadəcə memuar deyil, uzun illər həmin proseslərin mərkəzində olmuş bir insanın qələmə aldığı Azərbaycan–ABŞ münasibətlərinin formalaşmasının özünəməxsus salnaməsidir. Kitabın özəlliklərindən biri də ondadır ki, müəllif sadəcə hadisələri müşahidə etməyib, bu proseslərdə bilavasitə iştirak edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi gənc Azərbaycan dövlətini Vaşinqtonda təmsil edib. Bu elə bir dövr idi ki, ölkənin gələcəyi yeni formalaşırdı və dünya siyasətindəki yeri hələ müəyyənləşməmişdi.
Bu gün Azərbaycan Cənubi Qafqazda aparıcı dövlət olmaqla, Qərbin mühüm enerji tərəfdaşı və beynəlxalq proseslərin fəal iştirakçısıdır. Ölkəmizi bu mövqeyə aparan yolun nə qədər çətin və mürəkkəb olduğunu unutmamalıyıq.
1990-cı illərin əvvəlində vəziyyət tamamilə fərqli idi. Ölkəmiz müharibənin ağır nəticələri, iqtisadi böhran və siyasi qeyri-sabitliklə üz-üzə qalmışdı. Dünyada “Azərbaycan” adını tələffüz etməyi hələ yeni-yeni öyrənirdilər. Cənubi Qafqazın beynəlxalq təhlükəsizliyin arxitekturasındakı gələcək əhəmiyyətini Vaşinqtonda çoxları dərk etmirdi.
Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı. Kitabın əsas ideyalarından biri odur ki, bu gün təbii qəbul etdiyimiz bir çox proseslər əslində Bir İnsanın strateji düşüncəsinin və siyasi iradəsinin məntiqi nəticəsidir. Hafiz Paşayev yazır ki, Heydər Əliyev Qafqazda yeni oyun qaydalarını müəyyənləşdirərək, fövqəl və regional dövlətləri öz siyasətlərini bu qaydalar əsasında qurmağa dəvət edirdi. Bu dövlətçilik təfəkkürünün təzahürüdür.
Çoxlarının Vətənimizə böyük dövlətlərin xarici siyasətinin obyekti kimi baxdığı bir vaxtda Heydər Əliyev Azərbaycanı beynəlxalq münasibətlərin müstəqil subyektinə çevirməyə, öz maraqlarımızı müdafiə etməyə və gündəmdə saxlamağa çalışırdı. Kitabın müəllifinin vurğuladığı kimi, bunun üçün “zəka, dünyagörüşü, ən mühümü isə, cəsarət” tələb olunurdu. Bu sözlər bu gün daha da qiymətlidir. Çünki Azərbaycana beynəlxalq nüfuz və aparıcı güc mərkəzləri ilə dayanıqlı əlaqələr qazandıran xarici siyasətin təməli məhz o zaman qoyuldu.
Bu strategiyanın əsas istiqamətlərindən biri ABŞ ilə münasibətlər idi. Lakin qarşılıqlı anlaşmaya aparan yol asan olmadı. İkitərəfli münasibətlərin ən ağrılı səhifələrindən biri 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş oldu.
Hafiz Paşayev həmin qərarla bağlı emosional münasibətini gizlətmir. Onun sözlərinə görə, bu düzəliş “Azərbaycan xalqının qürur və mənliyinə toxunmuş, ədalət prinsiplərini pozmuşdu”. Azərbaycan cəmiyyətinin işğal və ağır humanitar böhran şəraitində yaşadığı məyusluğu ifadə edən bu fikir bütün əsər boyu davam edir.
Ancaq müəllif yalnız emosional qiymətləndirmə ilə kifayətlənmir. O vurğulayır ki, “907-ci bölmə Amerika xalqının hökmü deyildi”. Daha sonra yazır: “Bu ləkəni silməyə çalışanların yalnız azərbaycanlı olduğunu hesab etmək yanlış olardı. Onların sıralarında amerikalıların qətiyyəti güclü idi”. Robert Livinqston və Greg Laflin kimi prinsipial konqresmenlərin fəaliyyəti buna parlaq misaldır.
Bu şəkildə yanaşma diqqətəlayiqdir. Hafiz Paşayev həmin epizodu ABŞ-ın Azərbaycana qarşı düşmən münasibətinin təzahürü kimi deyil, Amerika siyasi sisteminin xüsusiyyətləri və müxtəlif maraq qruplarının qərarvermə prosesinə təsirinin nəticəsi kimi dəyərləndirir.
Heydər Əliyev bu müvəqqəti fikir ayrılıqlarının strateji uçuruma çevrilməsinə imkan vermədi. O, yaxşı anlayırdı ki, gələcəyi düşünən dövlətlər siyasətlərini yalnız emosiyalar üzərində qura bilməzlər. Buna görə də Azərbaycan ABŞ ilə əlaqələrdən imtina etmədi. Əksinə, əməkdaşlığın möhkəm təməllər üzərində qurulması istiqamətində daha fəal fəaliyyət göstərməyə başladı.
Müəllif bu yanaşmanın mahiyyətini geniş şəkildə izah edir. Onun fikrincə, Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri ABŞ kimi supergücün siyasi dəstəyini qazanmaq idi. Burada emosiyalara deyil, dövlət maraqlarına üstünlük verilirdi. Bu baxımdan müəllifin aşağıdakı fikri xüsusilə diqqət çəkir: “Bu məsələyə mənim aləmimdən daha geniş çərçivədə baxsaq, görərik ki, əslində nə Azərbaycan xalqı, nə də siyasi qurumu heç vaxt 907-ci Bölmə üzündən fanatikliyə uymadı. Yəni azərbaycanlılar hissiyata qapılıb amerikalıları girov götürmədilər, onlara hücüm və ya sui-qəsd etmədilər. Əksinə, … amerikalılara strateji dost dedik, tanımağa çalışdığımız bu qəribə millətin nümayəndələrinə süfrə başında yer verdik. Azərbaycan xalqının aliliyi də məhz belə bir məqamda sınanır, sübüt olunurdu.”
Bu yanaşma Azərbaycanın həmin dövrdə seçdiyi siyasi xəttin mahiyyətini dəqiq ifadə edir. Çətinliklərə və haqlı narazılıqlarımıza baxmayaraq, münasibətlər qarşıdurma deyil, dialoq üzərində qurulurdu.
Eyni zamanda, 907-ci düzəliş Azərbaycan diplomatiyası üçün təkcə sınaq deyil, həm də mühüm təcrübə məktəbi oldu. Müəllifin qeyd etdiyi kimi, bu proses ABŞ-ın siyasi prosesləri baxımından Azərbaycan diplomatları üçün dərs oldu. Bu qiymətləndirmədə peşəkar dövlətçilik yanaşması aydın hiss olunur: inciklik deyil, nəticə çıxarmaq; emosional reaksiya deyil, siyasi mexanizmləri anlamaq və onlardan düzgün istifadə etməyi öyrənmək. Məhz belə bir məktəb yeni Azərbaycan diplomatiyasının formalaşmasına ciddi təsir göstərdi.
Kitabın mühüm hissələrindən biri Vaşinqtondakı ilk Azərbaycan səfirliyinin fəaliyyətinə həsr olunub. Günümüzdən həmin dövrə nəzər salarkən gənc dövlətin diplomatları qarşısında duran irimiqyaslı işlərin çətinliyini daha aydın qavrayırıq. Bu, həmişə belə olub, zaman keçdikcə, böyük hadisələr anlayanlara daha da əzəmətli görünür.
Onlar eyni vaxtda ABŞ siyasətçilərinə Azərbaycanın mövqeyini çatdırmalı, region barədə obyektiv təsəvvür formalaşdırmalı, media ilə işləməli, işgüzar dairələrlə əlaqələr qurmalı, universitetlər və analitik mərkəzlərlə əməkdaşlıq etməli idilər. Əslində söhbət Azərbaycanın Vaşinqtonda siyasi və intellektual təmsilçiliyinin yaradılmasından gedirdi.
Bu, təkcə diplomatik fəaliyyət deyildi, eyni zamanda, yeni bir təcrübənin, yeni bir düşüncə tərzinin formalaşdığı bir proses idi. “Bir gəncin manifesti”ndə olduğu kimi, insan özünü məhz fəaliyyətin və məsuliyyətin içində formalaşdırır.
Bu prosesdə Hafiz Paşayevin rolu yalnız səfir fəaliyyəti ilə məhdudlaşmır. O, uzun illər ərzində ABŞ-da Azərbaycanın mövqeyinin əsas ifadəçilərindən biri olmaqla yanaşı, Amerika siyasi sistemini dərindən öyrənən və təhlil edən şəxslərdəndir. Təsadüfi deyil ki, kitabda dəfələrlə ABŞ-ın siyasi institutlarını və qərarvermə mexanizmlərini anlamağın vacibliyi vurğulanır.
Kitabda xüsusi diqqət çəkən məqamlardan biri də müəllifin Azərbaycanın ABŞ-dakı uğurlarının birbaşa məlumatlandırma işi ilə bağlı olması fikridir. O, yazır: “Buradakı uğurlarımız Azərbaycan haqqında bilik və təsəvvürlərin səviyyəsilə düz mütənasibdir”. Bu sadə görünən cümlənin arxasında uzun illərin gərgin əməyi durur. Sosial şəbəkələrin, rəqəmsal diplomatiyanın və sürətli informasiya mübadiləsinin olmadığı bir dövrdə Azərbaycan nümayəndələri ölkəmizi Amerikaya düzgün tanıtmağa çalışıblar. Tarixi, mədəniyyəti, xarici siyasət prioritetlərini və milli maraqları tanıtmaq gündəlik fəaliyyətin ayrılmaz hissəsi olub.
Hafiz Paşayevin ən mühüm xidmətlərindən biri də məhz burada özünü göstərir. O, Azərbaycanın Amerika ilə danışdığı siyasi və diplomatik dili formalaşdırmağa kömək edirdi. Bu isə təkcə informasiya işi deyildi. Söhbət inamın və etimadın yaradılmasından, qarşılıqlı anlaşmanın dərinləşməsindən və ölkənin nüfuzunun möhkəmləndirilməsindən gedirdi. Diplomatiyanın uzunmüddətli uğuru da məhz belə ardıcıl fəaliyyətin nəticəsidir.
Müəllifin Amerika haqqında düşüncələri xüsusi maraq doğurur. Kitab bütövlükdə ABŞ cəmiyyətinə hörmətcil bir baxışı nümayiş etdirir. Hafiz Paşayev “insanın şəxsiyyətini, qabiliyyət və istedadını” yüksək qiymətləndirən bir ölkədən bəhs edir. Bəlkə də elə buna görə ikitərəfli münasibətlərin ən mürəkkəb mərhələləri belə, onun Azərbaycan–ABŞ əməkdaşlığına inamını sarsıtmayıb. Əksinə, Amerika sistemini daha yaxından tanıdıqca iki ölkənin uzunmüddətli maraqlarının bir çox məsələlərdə üst-üstə düşdüyünə daha çox əmin olub. Sonrakı illərdə münasibətlərin inkişafı da bu qənaətin düzgünlüyünü əsaslandırdı.
Əgər Hafiz Paşayev gündəlik diplomatik fəaliyyəti ilə Amerikaya Azərbaycanı izah edən şəxs idisə, Heydər Əliyev ölkənin gələcəyinə dair strateji baxışı dünyaya təqdim edən lider idi. Bu yanaşma xüsusilə enerji siyasətində özünü aydın şəkildə göstərirdi.
Kitabda diqqətçəkən fikirlərdən biri belədir: “Heydər Əliyev hər bir sazişin imzalanmasını siyasi bir hadisəyə çevirirdi”. İlk baxışda söhbət neft müqavilələrindən gedir. Əslində isə məsələ daha geniş məna daşıyırdı. Heydər Əliyev enerji resurslarını yalnız iqtisadi imkan kimi deyil, həm də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün strateji vasitə kimi dəyərləndirirdi.
Məhz enerji layihələri sayəsində Azərbaycan dünya siyasətinə etibarlı tərəfdaş və məsuliyyətli iştirakçı kimi daxil olurdu. Aparıcı Amerika şirkətlərinin iştirakı ilə imzalanan müqavilələr təkcə iqtisadi hadisə deyildi. Onlar, eyni zamanda, ölkəyə artan beynəlxalq etimadın göstəricisinə çevrilirdi.
Bu baxımdan 1997-ci ildə Azərbaycan Prezidentinin ABŞ-a rəsmi səfəri xüsusi əhəmiyyət daşıyırdı. Hafiz Paşayev həmin səfəri haqlı olaraq Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi qiymətləndirir. Səfər zamanı Azərbaycan Prezident Klintona, Konqres üzvlərinə, iri şirkətlərin rəhbərlərinə, ekspert dairələrinə və Amerika mediasına təqdim olundu. Bununla, Vaşinqtona göstərildi ki, onun qarşısındakı postsovet məkanının uzaq əyalətlərindən biri deyil, gələcəyə öz baxışı olan müstəqil dövlətdir. Kitabda Heydər Əliyevin Corctaun Universitetindəki çıxışı da həmin mərhələnin ən parlaq simvollarından biri kimi təsvir olunur.
Məhz həmin dövrdə sonradan regional siyasətin mühüm elementlərindən birinə çevriləcək əməkdaşlığın əsasları formalaşmağa başladı. Lakin Heydər Əliyev siyasətinin başlıca xüsusiyyətlərindən biri onun hadisələrə günün deyil, onilliklərin prizmasından baxması idi. O, siyasi konyunkturadan asılı olmayan, uzunmüddətli fəaliyyət göstərə bilən bir dövlət sistemi qururdu.
Bu baxımdan Azərbaycanın inkişafında Prezident İlham Əliyevin rəhbərliyi ilə bağlı mərhələ xüsusi əhəmiyyət daşıyır. Əgər Heydər Əliyev ölkənin dünya ilə münasibətlərinin əsas konturlarını müəyyənləşdirmişdisə, cənab İlham Əliyev həmin siyasi xətti yeni şəraitə uyğun şəkildə inkişaf etdirdi və daha da möhkəmləndirdi.
Onun rəhbərliyi dövründə Azərbaycan yalnız sabitlik və inkişaf modelini qoruyub saxlamaqla kifayətlənmədi. Ölkə regionun siyasi, enerji və nəqliyyat xəritəsində əsas mərkəzə çevrildi. Heydər Əliyevin formalaşdırdığı xarici siyasət kursu yeni məzmun qazandı, Azərbaycanın beynəlxalq çəkisi və təsir imkanları əhəmiyyətli dərəcədə artdı.
ABŞ ilə münasibətlər də bu dövrdə inkişafını davam etdirərək daha çoxşaxəli xarakter aldı. Əməkdaşlıq artıq yalnız enerji sahəsi ilə məhdudlaşmırdı. Regional təhlükəsizlik, nəqliyyat bağlantıları, iqtisadi əməkdaşlıq və beynəlxalq gündəmin müxtəlif istiqamətləri ikitərəfli münasibətlərin vacib komponentlərinə çevrildi.
Bu gün həmin inkişafın nəticələri daha aydın görünür. Bakıda Azərbaycan və ABŞ arasında ilk rəsmi iqtisadi dialoqun keçirilməsi, eləcə də 8 milyard dollardan artıq kommersiya sazişlərinin imzalanmasının elan olunması iki ölkə münasibətlərində yeni mərhələnin göstəricisi kimi qiymətləndirilə bilər.
Bir vaxtlar uzaq perspektiv kimi görünən bir çox məqsədlər artıq reallığa çevrilib. Bu gün Azərbaycan dövlətinin mövqeyi beynəlxalq siyasətin aparıcı mərkəzləri tərəfindən nəzərə alınır və mühüm qərarların müzakirəsində diqqətlə izlənilir.
Məhz buna görə Hafiz Paşayevin kitabı bu gün yalnız keçmişə dair xatirələr toplusu kimi oxunmur. O, eyni zamanda, bu nəticələrin hansı şəraitdə və hansı səylər hesabına əldə edildiyini anlamağa kömək edir. “Bir səfirin manifesti”ni oxuyarkən bir fikir xüsusilə aydın görünür: müəllif üçün diplomatiya heç vaxt protokol tədbirlərinin və rəsmi görüşlərin məcmusu olmayıb. Onun üçün diplomatiya gələcəyi formalaşdıran fəaliyyətdir. Təsadüfi deyil ki, o, Azərbaycanın Amerikadakı siyasətinə “uzunmüddətli kampaniya və ya sərmayə kimi” yanaşmağın vacibliyini vurğulayırdı. Aradan keçən illər göstərdi ki, bu yanaşma özünü doğruldub.
907-ci düzəlişdən strateji tərəfdaşlıq səviyyəsinə qədər uzanan yol nə qısa, nə də asan olub. Bu yolda fikir ayrılıqları da yaşanıb, çətin qərarlar da qəbul edilib, mürəkkəb siyasi mərhələlər də keçilib. Lakin məhz belə yollar tarixi yaradır.
“Bir səfirin manifesti” tarixinin ən mürəkkəb mərhələlərindən birini yaşayan bir dövlətin öz problemlərinə qapanmadan dünyanın aparıcı güclərindən biri ilə necə münasibət qurmasının hekayəsidir.
Bu, asan yollar axtarmayan diplomatiyanın hekayəsidir.
Bu, başqalarının yalnız böhran gördüyü bir məqamda strateji perspektivi görə bilən Lider haqqında hekayədir.
Bu, illər boyu səbirlə Amerikaya Azərbaycanı izah edən bir səfirin hekayəsidir.
Bu, ilk diplomatik uğurları ölkənin dayanıqlı beynəlxalq nüfuzuna çevirməyi bacarmış dövlət siyasətinin ardıcıllığı haqqında hekayədir.
Və bəlkə də Hafiz Paşayevin kitabının əsas mesajı da elə bundadır: tarix təsadüflərlə yazılmır. Onu dəyişən isrardır, strateji düşüncədir və öz ölkəsinə inamdır.
Fərhad Hüseynov,
siyasi elmlər üzrə fəlsəfə doktoru
Azərbaycan–Avropa İttifaqı münasibətlərinin yeni mərhələsi: Ursula Fon der Lyayenin Azərbaycana səfərlərinin strateji əhəmiyyəti
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni mərhələ: strateji tərəfdaşlıq keyfiyyətcə yeni məzmun qazanır