03 iyul 2026 10:30
109

Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdən biridir

Azərbaycan Respublikası Milli Məclisinin sosial şəbəkələrdə uşaqların hüquqlarını qoruyan və ciddi yaş məhdudiyyətləri tətbiq edən yeni qanun layihəsini qəbul etməsi ölkəmizdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri kimi dəyərləndirilir

XXI əsr texnologiya əsridir. Müasir dövrümüz bəşər tarixində texnoloji sıçrayı.ların ən sürətli və geniş yayıldığı mərhələ kimi xarakterizə olunur. Hazırkı dövrdə texnologiya demək olar ki, insanların həyatının ayrılmaz parçasına çevilib. Dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, Azərbaycanda da rəqəmsallaşma, süni intellekt texnologiyaları respublikamızın iqtisadi və sosial inkişafında, qlobal rəqabət mühitində üstünlüklər əldə etməsində mühüm rol oynaya bilər. Bu mənada Prezident İlham Əliyevin 2025 -ci il 18 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasının 2025– 2028-ci illər üçün süni intellekt Strategiyası” ilk növbədə, ölkədə süni intellekt üzrə mövcud vəziyyəti təhlil edir, daha sonra əldə olunan nəticələrə uyğun olaraq və qlobal trendlərə əsaslanaraq müəyyənləşdirilən prioritet istiqamətlər və tədbirlər planı vasitəsilə sözügedən sahədə strateji məqsədlərə və göstəricilərə nail olmağı hədəfləyir. Strategiya Azərbaycanın qlobal inkişaf tendensiyalarına uyğun olaraq, süni intellekt sahəsində beynəlxalq çağırışlara cavab vermək və ölkənin rəqabət qabiliyyətini artırmaq məqsədini daşıyır. Həmçinin yüksək hesablama infrastrukturunun inkişafı, süni intellektin etik və məsuliyyətli istifadəsi, qlobal standartların tətbiqi, məlumatların məxfiliyinin qorunması və innovativ həllərin risklərinin azaldılması da hədəflər arasındadır.

Müasir texnologiyanın ən əhəmiyyətli hissələrindən biri də sosial şəbəkə platformalarıdır. Özünü ifadəetmə, informasiya və təhsil mənbələrinə asanlıqla çıxış, sosiallaşma, elm və texnologiya sahəsində təcrübə və biliklərin mübadiləsi vasitəsi olan, bəzən qlobal silah kimi istifadə edilən sosial şəbəkələrdən həddindən artıq məsuliyyətlə istifadə etmək günün ən vacib tələbidir. Bu tələblərə şəxsi məlumatları qorumaq, başqalarının hüquqlarına hörmət etmək, dezinformasiyadan kənar olmaq, rəqəmsal mühitdə təhlükəsizliyimiz təmin etmək üçün qanunlara və mənəvi-əxlaq dəyərlərə riayət etmək və s. aiddir.

 Mütəxəssilərin fikrincə, hazırda sosial şəbəkələrdən ən çox istifadə edən xalq arasında “zoomer” kimi tanınan Z nəslidir. Tədqiqatçılar görə, Z nəsli Z 1996-cı ildən sonra doğulan və indi gəncliyini yaşayan (1996-2010) şəxsləri əhatə edir. Z nəslinin əksər üzvləri X nəslinin övladlarıdır ki, hazırda cəmiyyətin əsas fiqurları da onlar hesab olunur. Z nəslini bəzən “rəqəmsal yerlilər” adlandırırlar.

 UNICEF-in məsələ ilə bağlı hesabatlarına görə, internetdən istifadə edən gənclərin sayının sürətlə artması kibertəhlükəsizlik məsələlərinin aktuallığını daha da yüksəldir. Bütün dünyada olduğu kimi, ölkəmizdə də 16-18 yaş arası uşaqların sosial şəbəkələrdən istifadə məsələsi ən həssas məqamlardan biridir. Belə ki, 16 yaşına qədər olan uşaqları sosial şəbəkələrin mənfi təsirlərindən qorumaq, onların fiziki və psixoloji sağlamlığının müdafiəsini gücləndirmək günün ən aktual mövzusudur. Çünki internet mühitində yayılan zorakılıq məzmunu, kiberbullinq, müxtəlif manipulyativ çağırışlar, cinsi istismar riskləri və hətta intihara sövq edən təsirlər azyaşlılar üçün ciddi təhlükələr yaradır.

 Bu baxımdan Azərbaycan Respublikası Milli Məclisinin sosial şəbəkələrdə uşaqların hüquqlarını qoruyan və yaş məhdudiyyətləri tətbiq edən qanun layihəsini qəbul etməsi ölkəmizdə uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri kimi dəyərləndirilir. Uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Uşaqların hüquqları qorunmaqla digər sahələrdə də yaş məhdudiyyətləri var (uşaqlara siqaret, alkoqol, soyuq silah (bıçaq) satışına, pornoqrafik məzmunlara çıxışına məhdudiyyət).  Bütün bunlar uşaqların sağlamlığı və rifahı üçün tətbiq olunub. Müasir rəqəmsal dövrdə bu mexanizm sosial mediada da əksini tapmalıdır. Belə ki, dünyanın bir çox ölkəsində bu cür təcrübə mövcuddur. 2018-ci ildə qəbul edilmiş “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Qanun ilə uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirləri müəyyən edilib və bu sahədə yaranan münasibətlər tənzimlənib. Ən əsası odur ki, bu qanunvericiliyə edilən dəyişiklikləri “sosial şəbəkələrə qadağa” “ uşaqların inkişafına zərbə” və s. kimi deyil, əksinə, “sosial şəbəkələrdə qeydiyyat zamanı yaş yoxlanılmasının tətbiqi”, “sosial şəbəkələrin zərərli təsirlərindən uşaqların qorunması” kimi dəyərləndirilməlidir. Onu da qeyd edək ki, Qanun 12 aydan sonra qüvvəyə minəcək. Bu müddət ərzində yaş yoxlaması tətbiq ediləcək sosial şəbəkə platformalarının siyahısının müəyyənləşdirilməsi, maarifləndirmə, məlumatlandırma, təlimlər, texniki həllərin seçimi həyata keçiriləcək.

 Bu gün ayrı-ayrı dünya ölkələrində sosial şəbəkələrin uşaqlara zərərli təsirləri ciddi narahatlıq doğurur. Ayrı-ayrı ölkələrdə bu məsələ ilə bağlı müxtəlif qanunvericilik tədbirləri müzakirə edilir və qəbul olunur. Məsələn, 2025-ci ilin dekabrında Avstraliyada müvafiq qanun qəbul edilib. Fransa 2026-cı ilin yanvar-mart aylarında uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə müxtəlif yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka (18 yaş), İspaniya (16), Fransada (15), ABŞ-da federal səviyyədə (17), ştatlarda isə Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yutada (18), Kolorado, Corciya, Luizianada (16), Floridada (14) yanaşmaları, İrlandiyada Online Safety Code və Böyük Britaniyada Online Safety Act kimi addımlar mövcuddur.

Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya , İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul ediblər və ya etməkdədirlər. Qonşularımız Qazaxıstan, Özbəkistanda da analoji qanunvericilik təşəbüsləri mövcuddur. Norveç 2026-cı ilin sonuna qədər sosial media platformaları üçün yaş məhdudiyyətləri tətbiq etməyi planlaşdırır.

Uşaqların sosial şəbəkə platformalarından istifadəsi ilə bağlı ayrı-ayrı ölkələrin liderlərinin mövzuya baxışlarına diqqət yetrirdikcə məsələnin həssaslığını daha aydın görmək olur. Məsələn, qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan məsələ ilə bağlı bildirb: “Bəzi rəqəmsal paylaşma tətbiqlərinin uşaqlarımızın zehnini pozduğu və sosial media platformalarının, açıq desək, zibilxanalara çevrildiyi bir dövrdə yaşayırıq. İnternetin nəzarətsiz və sərhədsiz dünyasına alqoritmlərin manipulyativ gücünü əlavə etdikdə mürəkkəb bir problem ortaya çıxır”.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen deyib: “Məsələ gənclərin sosial mediaya çıxışının olub-olmamasında deyil. Məsələ sosial medianın gənclərə çıxışının olub-olmamasındadır”. Norveçin Baş naziri Jonas Gar Støre: “Biz bu qanunvericiliyi uşaqların uşaq kimi yaşaya biləcəyi bir uşaqlıq dövrü istədiyimiz üçün tətbiq edirik. Oyun, dostluq və gündəlik həyat alqoritmlər və ekranlar tərəfindən ələ keçirilməməlidir. Bu, uşaqların rəqəmsal həyatını qorumaq üçün vacib bir tədbirdir”

İspaniyanın Baş naziri Pedro Sançez vurğulayıb : “Real dünyada qanuni olmayan şey virtual dünyada qanuni ola bilməz”. Yunanıstanın Baş naziri Kyriakos Mitsotakis isə bildirib: “15 yaşdan aşağı uşaqlar sosial şəbəkələrə girişinə məhdudiyyət 2027-ci ilin yanvarından qüvvəyə minəcək”.

Azərbaycanda uşaqlara qayğı dövlət siyasətinin əsas prioritetlərindən biridir. Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi qorumaq isə hər birimizin vətəndaşlıq borcudur. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”.

Zahid Rza, “İki sahil”