04 iyul 2026 18:57
115

“Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər

“Türk Dünyası Həftəsi”sinin keçirilməsi təşəbbüsü Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Bu təşəbbüs, əslində, Azərbaycanın Türk dünyasının elmi və mədəni həyatında oynadığı tarixə söykənir. Təsadüfi deyil ki, 1926-cı ildə keçirilmiş və adında “I Ümumittifaq” sözü yer alsa da, mahiyyət etibarilə beynəlxalq miqyaslı nadir elmi-mədəni forum olan Birinci Türkoloji Qurultay məhz Bakıda təşkil edilmişdi.

“İki sahil” xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Nadir Məmmədlinin AZƏRTAC-a təqdim etdiyi “Türk Dünyası Həftəsi” - son yüz ildə dünya türkoloqlarını bir araya gətirən elmi görüşlər” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar tam şəkildə gerçəkləşməsə də, onun özü ortaq zəngin keçmişə və qədim mədəni irsə malik türk xalqlarının mənəvi-mədəni inteqrasiyası baxımından müstəsna əhəmiyyət daşıyan hadisələrdən biri kimi tarixə düşüb. Türklüyün öz fikir tarixi var və bu tarixin elmi şəkildə araşdırılması qarşımızda yeni üfüqlər açır. Beləliklə, türk tarixçiliyinin, mədəniyyətinin və düşüncə həyatının öyrənilməsini özündə birləşdirən, elmi tədqiqatların mühüm istiqamətlərindən biri olan türkologiyanın tarixi formalaşır və inkişaf edir. Bakıda keçirilən “Türk Dünyası Həftəsi” də bu baxımdan xüsusi əhəmiyyət kəsb edib. Bu toplantı son yüz ildə dünya türkoloqlarını bir araya gətirən ən möhtəşəm elmi görüşlərdən biri olub. Türkologiyanın müxtəlif sahələri üzrə alimlərin iştirakı ilə aparılan tədqiqatlar, qarşıda duran əsas problemlər və əldə edilən mühüm nəticələr müzakirə edilib, türk xalqlarının etnik və mədəni inkişafının başlıca məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Məhz bu görüşlərdə türk xalqlarının dili, tarixi, ədəbiyyatı və etnoqrafiyası ilə məşğul olan alimlər arasında yaradıcı və təşkilati əlaqələrin inkişaf etdirilməsinin, elmi fəaliyyətlərinin əlaqələndirilməsinin, həmçinin türk xalqların etnik tarixinə dair araşdırmaların davam etdirilməsi və qarşılıqlı elmi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Bu yaxınlarda Səmərqənddə keçirilən türkoloji toplantıya rəmzi olaraq “Birinci Türkoloji Qurultayın vəsiyyəti” adı verilmişdi. Həqiqətən də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda növbəti qurultayın 1928-ci ildə Səmərqənddə təşkili nəzərdə tutulmuşdu. Lakin həmin qurultay müxtəlif tarixi və siyasi səbəblərdən baş tutmadı. Məlumdur ki, Birinci Türkoloji Qurultayın əsas müzakirə mövzularından biri türk xalqlarının əlifba islahatı idi. Sonrakı illərdə sovet hakimiyyəti yazı qrafikasında latınlaşma prosesini həyata keçirdi və bu proses daha geniş ideoloji məqsədlərlə əlaqələndirildi. Beləliklə, qurultayın gündəliyində duran əsas məsələlərdən biri reallaşdıqdan sonra növbəti qurultayın keçirilməsinə ehtiyac duyulmadı.

Azərbaycan Prezidenti İlham Əliyevin Türk dünyasının həmrəyliyi ilə bağlı söylədiyi fikir bu gün xüsusi aktuallıq kəsb edir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”. Müstəqillik illərində türk dövlətləri yalnız əməkdaşlıq platforması yaratmaqla kifayətlənməyib, həm də mühüm geosiyasi və geoiqtisadi mərkəzlərdən biri kimi formalaşıb, ortaq tarixi köklər və mənəvi dəyərlər əsasında qarşılıqlı etimadı daha da möhkəmləndirib.

Bu gün qardaş türk dövlətləri arasında müttəfiqlik münasibətlərinin gücləndirilməsi, mədəni-humanitar əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarix, dil və mədəni irsin qorunması istiqamətində atılan addımlar davamlı xarakter alıb. Bu mənada müasir dövrdə Türk dünyasının inteqrasiyası yalnız yeni siyasi reallığın məhsulu deyil, həm də 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın formalaşdırdığı elmi və mənəvi ənənələrin məntiqi davamıdır.

Xüsusilə qeyd etmək istərdim ki, AMEA-nın, o cümlədən Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları “Türk Dünyası Həftəsi”nin elmi və təşkilati proqramında fəal iştirak edib, tanınmış türkoloqlarının çıxış etdikləri panel müzakirələrində təmsil olunublar. Onların səmərəli fəaliyyəti yüksək qiymətləndirilib, bir neçə əməkdaş bu mötəbər elmi toplantının unudulmaz yaddaşı kimi təsis olunmuş xatirə medalı ilə təltif edilib. Bu mükafat təkcə ayrı-ayrı alimlərin əməyinə verilən dəyər deyil, həm də Azərbaycan dilçilik elminin və milli türkologiya məktəbinin qazandığı nüfuzun növbəti təsdiqidir.