Rusiyada süni intellektin (Sİ) köməyi ilə mobil internetin sürətinin artırılması planlaşdırılır. Rusiya Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin hazırladığı qanunvericiliyə düzəlişlər layihəsində rabitə şəbəkələrinin idarə edilməsi üçün milli Sİ platformalarının yaradılması nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin sənədlərinə istinadən "İzvestiya" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, süni intellekt xüsusilə mobil internetin sürətini yüksəltməlidir. Düzəlişlər layihəsi radio tezlik spektrinin dinamik paylanması və şəbəkəyə düşən yükün proqnozlaşdırılması sistemləri də daxil olmaqla, rabitə şəbəkələrinin idarə edilməsi üçün milli Sİ platformalarının qurulmasını nəzərdə tutur.
Sənədlərdə həmçinin bildirilir ki, Rusiyanın rabitə operatorları artıq şəbəkələrin Sİ vasitəsilə idarə olunması üzrə pilot layihələri uğurla həyata keçiriblər. Bu sistemlərin tətbiqi nəticəsində şəbəkələrin ötürücülük qabiliyyəti 20-30% artıb, gecikmə müddəti (ping) isə 50% azalıb.
Nazirlikdən verilən məlumata görə, hazırda süni intellektin radio tezlik spektrinin dinamik idarə edilməsində və baza stansiyalarının parametrlərinin avtomatik optimallaşdırılmasında tətbiqi imkanları da müzakirə olunur.
Bundan əlavə, rabitə sahəsində Sİ-dən təkcə sürət üçün deyil, həm də təhlükəsizlik məqsədilə istifadə ediləcək. Belə ki, yeni platformalar fırıldaqçı zənglərin (məsələn, spamlardan qorunma) aşkarlanması və şəbəkələrə yönələn irimiqyaslı kiberhücumların (DDoS hücumları) qarşısının alınması prosesində mühüm rol oynayacaq.