İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş tərəflər arasında əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Görüşdən sonra dövlətimizin başçısının mətbuata verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə əməkdaşlıq siyasi dialoqdan iqtisadi əlaqələrə, enerji təhlükəsizliyindən yaşıl keçidə, nəqliyyat-logistika imkanlarından regional təhlükəsizliyə qədər geniş strateji gündəliyi əhatə edir. Bu səfər son aylarda Brüsselin Cənubi Qafqaz siyasətində müşahidə olunan yeni dinamikanın məntiqi davamı olmaqla yanaşı, Azərbaycanın Avropa İttifaqının xarici siyasət və enerji təhlükəsizliyi gündəliyində tutduğu mühüm yeri bir daha təsdiqləyir. Bundan əvvəl Avropa Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfəri də Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi strateji əhəmiyyəti nümayiş etdirmişdi. Avropa İttifaqının iki ali rəhbərinin qısa müddət ərzində Azərbaycana səfər etməsi təsadüfi deyil. Bu, 27 üzv dövləti birləşdirən Avropa İttifaqının Azərbaycanla münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmək niyyətinin siyasi ifadəsidir.
Prezident İlham Əliyev bəyanatında vurğulayıb ki, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlərin çox mühüm mərhələsindəyik. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə həyata keçirdiyi ardıcıl səfərlər qarşılıqlı münasibətlərin inkişaf tempini nümayiş etdirir. Prezident İlham Əliyev vurğulayıb ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Bununla yanaşı, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin böyük hissəsinin Azərbaycanla aparılması respublikanın region iqtisadiyyatındakı aparıcı mövqeyini bir daha nümayiş etdirir. Bu göstəricilər uzun illər ərzində həyata keçirilən iqtisadi islahatların, əlverişli investisiya mühitinin və müasir iqtisadi infrastrukturun nəticəsidir. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla aparılması respublikanın regionun iqtisadi mərkəzi kimi rolunu daha da gücləndirir. Bu nəticə həyata keçirilən iqtisadi islahatların, şəffaf biznes mühitinin və beynəlxalq investorlar üçün yaradılmış əlverişli imkanların məntiqi davamıdır. Dövlətimizin başçısı Cənub Qaz Dəhlizini ümumi fəaliyyətimizin gözəl nümunəsi kimi dəyərləndirib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropa bazarına təhlükəsiz şəkildə çatdırır. Bu layihə enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, iştirakçı dövlətlər arasında qarşılıqlı etimadı və iqtisadi əməkdaşlığı da möhkəmləndirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artır.
Səfər zamanı Ursula fon der Lyayenin Azərbaycanı “strateji tərəfdaş” adlandırması xüsusi diqqət çəkən məqamlardan biri oldu. Beynəlxalq diplomatik praktikada bu cür ifadələr tərəflər arasında uzunmüddətli əməkdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin mövcudluğunu ifadə edir. Bu yanaşma Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və balanslaşdırılmış xarici siyasətin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Avropa Komissiyasının Prezidenti çıxışında Azərbaycanın regionun aparıcı dövləti kimi rolunu, Cənubi Qafqazda sülh gündəliyinin formalaşdırılmasına verdiyi töhfəni və Prezident İlham Əliyevin liderliyini xüsusi vurğuladı. Bu yanaşma artıq Avropa İttifaqının regionla bağlı yanaşmasında Azərbaycanın aparıcı aktor kimi qəbul olunduğunu göstərən mühüm siyasi mesajdır.
Prezident İlham Əliyev, həmçinin beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələyə toxunub. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan son illərdə bu istiqamətdə böyük həcmdə infrastruktur layihələri həyata keçirib. Dəmir yollarının yenilənməsi, avtomobil magistrallarının tikilməsi, dəniz limanlarının genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması nəticəsində tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev bəyanatında yaşıl enerji sahəsində mövcud potensialı da geniş şəkildə təqdim edib. Xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu layihələr daxili enerji istehsalının şaxələndirilməsi ilə yanaşı, gələcəkdə Avropaya yaşıl enerji ixracı üçün də yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesini də geniş müzakirə etdiklərini bildirib. Dövlət başçısı ötən il Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq qeyd edib ki, de-fakto sülh qurulub və biz faydasını görürük. Bu reallığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan bir sıra praktik addımlar atıb. Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji məhsullarının çatdırılması qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilir.
Uzunmüddətli sabitlik yalnız siyasi sənədlərlə deyil, real əməkdaşlıq layihələri ilə təmin edilir. Prezident İlham Əliyev çıxışında vurğulayıb ki, sülh bizim üçün artıq hiss olunan məfhumdur, onu hiss edə bilirik və sülh şəraitində yaşamağı öyrənirik. Bu baxımdan Avropa Komissiyasının göstərdiyi siyasi dəstək xüsusi əhəmiyyət daşıyır. Regional kommunikasiya layihələrinin genişlənməsi, iqtisadi əlaqələrin dərinləşməsi və yeni enerji marşrutlarının yaradılması Cənubi Qafqazın gələcək inkişaf modelini müəyyən edən əsas amillərdən biridir.
Ümumilikdə, Azərbaycanın dünyanın əsas güc mərkəzləri ilə formalaşdırdığı çoxtərəfli tərəfdaşlıq modeli ölkənin xarici siyasət kursunun uğurlu nəticəsidir. ABŞ ilə strateji tərəfdaşlıq, Çin ilə hərtərəfli strateji tərəfdaşlıq münasibətləri, Avropa İttifaqı ilə strateji xarakter daşıyan əməkdaşlığın inkişafı Azərbaycanın beynəlxalq mövqelərinin ardıcıl şəkildə möhkəmləndiyini göstərir.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri