Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp NATO-ya üzv ölkələrin müdafiə xərclərinin artırılmasını və onların silahlı qüvvələrinin müasirləşdirilməsini tələb etməkdə tamamilə haqlı idi.
“İki sahil” xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının Baş katibi Mark Rütte Amerikanın nüfuzlu "Politico" nəşrinə verdiyi eksklüziv müsahibəsində bildirib.
Nəşr Baş katibin rəsmi bəyanatından bu sitatı gətirir: "Tramp, NATO müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb edəndə haqlı idi. O, bu ölkələrin silahlı qüvvələrinin modernləşdirilməsinə nail olmaq istəyəndə də haqlı idi. Və o, İrana qarşı müharibəyə başlayanda da haqlı idi".
Rütte əlavə edib ki, ABŞ dövlət başçısının atdığı hərbi-siyasi addımlar bütövlükdə NATO-nun fəaliyyətinə yalnız müsbət töhfə verir.
"Prezident Tramp, əslində, Eyzenhauer dövründən bəri bütün Amerika prezidentlərinin can atdığı, lakin nail ola bilmədiyi bir hədəfi reallaşdırdı — o, ABŞ və Avropa arasında müdafiə xərclərinin səviyyəsini bərabərləşdirməyi bacardı", — deyə Alyansın rəhbəri vurğulayıb.