Müasir dövrdə regional iqtisadi birliklər qlobal iqtisadiyyatın inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, investisiya mühiti, rəqəmsal iqtisadiyyat və qarşılıqlı ticarət əlaqələri ölkələrin dayanıqlı inkişafını müəyyən edən başlıca istiqamətlərdəndir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) son illərdə yalnız siyasi və mədəni əməkdaşlıq platforması deyil, həm də iqtisadi inteqrasiyanı sürətləndirən mühüm regional güc mərkəzi kimi diqqət çəkir.
Təşkilata üzv və müşahidəçi ölkələrdə həyata keçirilən iqtisadi islahatlar, infrastruktur layihələri, investisiya axınının genişlənməsi və ticarət əlaqələrinin inkişafı Türk dünyasının iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır. 2026-cı ilin ilk rübünün nəticələri də göstərir ki, türk dövlətləri qlobal iqtisadi sistemdə mövqelərini ildən-ilə möhkəmləndirir və yeni inkişaf mərhələsinə qədəm qoyurlar.
Qlobal iqtisadiyyatda artan çəki
2026-cı ilin ilk rübünün nəticələrinə görə, Türk dövlətlərinin ümumi daxili məhsulu (ÜDM) 673 milyard 557,5 milyon ABŞ dolları təşkil edib. Bu göstərici dünya iqtisadiyyatının 2,34 faizinə bərabərdir. Təşkilata daxil olan ölkələrin ümumi əhalisi isə 178,8 milyon nəfər olmaqla qlobal əhalinin 2,8 faizini təşkil edir. Bu statistika türk dövlətlərinin həm iqtisadi, həm də demoqrafik baxımdan beynəlxalq miqyasda mühüm mövqeyə malik olduğunu göstərir. İlk rübün nəticələri göstərir ki, təşkilata daxil olan ölkələrin əksəriyyətində iqtisadi artım davam edib. Ən yüksək artım tempi Qırğızıstanda 10,1 faiz, Özbəkistanda 8,7 faiz və Türkmənistanda 8,5 faiz qeydə alınıb. Bu ölkələrdə iqtisadi yüksəliş əsasən sənaye və kənd təsərrüfatı sektorlarında müşahidə olunan davamlı inkişaf hesabına təmin olunub. Şimali Kipr Türk Respublikasında iqtisadi artım 6,3 faiz, Qazaxıstanda 3,0 faiz, təşkilatın ən böyük iqtisadiyyatına malik Türkiyədə isə 2,5 faiz olub.
Xarici ticarət iqtisadi inteqrasiyanı gücləndirir
Türk dövlətlərinin iqtisadi inkişafında xarici ticarət mühüm rol oynamaqda davam edir. 2026-cı ilin yanvar-mart aylarında təşkilata daxil olan ölkələrin ümumi ticarət dövriyyəsi 326 milyard 11,55 milyon ABŞ dolları təşkil edib. Bu göstərici dünya üzrə 8,75 trilyon ABŞ dolları həcmində olan ticarət dövriyyəsinin təxminən 3,73 faizinə bərabərdir. Ticarət dövriyyəsinin həcminə görə Türkiyə 155 milyard 122 milyon ABŞ dolları ilə liderliyini qoruyub. Ondan sonra Macarıstan 87 milyard 445 milyon ABŞ dolları, Qazaxıstan 32 milyard 908 milyon ABŞ dolları, Özbəkistan isə 18 milyard 23 milyon ABŞ dolları həcmində xarici ticarət həyata keçirib.
Hesabatda, həmçinin qeyd olunur ki, Özbəkistan və Qırğızıstanda kənd təsərrüfatı və sənaye məhsullarının ixracında müşahidə olunan davamlı artım türk dövlətlərinin ixrac potensialının genişləndiyini və bölgədə ticarət dinamikasının gücləndiyini nümayiş etdirir.
Sənaye və kənd təsərrüfatında yüksək dinamika
İqtisadi artımın əsas mənbələrindən biri sənaye sektorudur. Hesabat dövründə Qırğızıstan sənaye istehsalında 14 faiz, Şimali Kipr Türk Respublikası 9,2 faiz, Özbəkistan isə 8 faiz artım nümayiş etdirərək lider mövqedə qərarlaşıb. Türkmənistanda sənaye sektoru 2,4 faiz, Türkiyədə isə 1,1 faiz inkişaf edib. Türkmənistanda qeydə alınan artım əsasən genişmiqyaslı istehsal və infrastruktur layihələrinin həyata keçirilməsi ilə əlaqələndirilir. Kənd təsərrüfatında isə ən yüksək artım Şimali Kipr Türk Respublikasında 7,9 faiz olub. Özbəkistanda kənd təsərrüfatı istehsalı 5,1 faiz, Qazaxıstanda 3,4 faiz, Qırğızıstanda 2,8 faiz, Türkiyədə isə 2,7 faiz artıb. Bu nəticələr aqrar sektorun Türk dövlətlərinin iqtisadiyyatında strateji əhəmiyyətini qoruduğunu və ərzaq təhlükəsizliyi ilə yanaşı ixrac imkanlarının da genişləndiyini göstərir.
İnvestisiyalar iqtisadi inkişafı sürətləndirir
Uzunmüddətli iqtisadi inkişafın əsas şərtlərindən biri sabit kapitala yatırılan investisiyalardır. 2026-cı ilin ilk rübündə bu sahədə ən yüksək nəticələr Özbəkistanda 29,6 faiz, Qırğızıstanda isə 25,5 faiz artımla qeydə alınıb. Hər iki ölkədə artım əsasən infrastruktur, enerji və istehsal layihələrinə yönəldilən iri investisiyalar hesabına təmin olunub. Azərbaycan da investisiya fəallığı ilə seçilən ölkələr sırasında yer alıb. Hesabat dövründə ölkədə sabit kapital investisiyaları 14,9 faiz, Macarıstanda isə 12,2 faiz artıb. Bu göstəricilər xarici investisiya axınının genişləndiyini və biznes mühitinin daha da yaxşılaşdığını göstərir.
Bank sektoru iqtisadiyyatın dayanıqlığını gücləndirir
Türk dövlətlərində maliyyə sektoru da inkişaf tempini qoruyub. Hesabat dövründə bank sektorunun cəmi aktivlərinin artımı Qırğızıstanda 23 faiz, Özbəkistanda 19,6 faiz, Qazaxıstanda 11 faiz, Türkiyədə 7,4 faiz, Macarıstanda 6,8 faiz, Azərbaycanda 5,7 faiz təşkil edib. Şimali Kipr Türk Respublikasında isə bank sektorunun aktivləri 5,04 faiz artıb. Bu dinamika göstərir ki, maliyyə institutlarının imkanlarının genişlənməsi investisiya proseslərinin maliyyələşdirilməsinə və ümumi iqtisadi fəallığın artmasına mühüm dəstək verir.
Dövlət maliyyəsində müsbət dinamika
Hesabat dövlət büdcələrinin icrasında da müsbət tendensiyaların davam etdiyini göstərir. Ən yüksək artım Qırğızıstanda qeydə alınıb. Burada dövlət büdcəsinin gəlirləri 48,8 faiz, xərcləri isə 42,3 faiz artıb. Türkiyədə dövlət büdcəsinin gəlirləri 44,4 faiz, xərcləri 45,5 faiz, Özbəkistanda isə müvafiq olaraq 35 faiz və 24,1 faiz yüksəlib. Şimali Kipr Türk Respublikası, Qazaxıstan və Macarıstanda da həm gəlirlər, həm də xərclər üzrə sabit artım müşahidə olunub ki, bu da həmin ölkələrdə maliyyə idarəçiliyinin səmərəliliyini və büdcə dayanıqlığını göstərir.
Türk dünyasının iqtisadi inteqrasiyası yeni mərhələyə qədəm qoyur
2026-cı ilin ilk rübünün nəticələri göstərir ki, Türk Dövlətləri Təşkilatı daxilində iqtisadi əməkdaşlıq getdikcə daha sistemli xarakter alır. ÜDM-in artması, xarici ticarətin genişlənməsi, sənaye və kənd təsərrüfatında müsbət dinamika, investisiyaların yüksəlməsi, maliyyə sektorunun güclənməsi və dövlət büdcələrinin dayanıqlı inkişafı Türk dövlətlərinin iqtisadi potensialının ardıcıl şəkildə genişləndiyini təsdiqləyir.
Enerji, logistika, rəqəmsal iqtisadiyyat və qarşılıqlı investisiyalar istiqamətində əməkdaşlığın daha da dərinləşməsi yaxın illərdə türk dövlətlərinin qlobal iqtisadiyyatda mövqeyini daha da möhkəmləndirəcək. Mövcud göstəricilər isə Türk dünyasının artıq yalnız regional deyil, beynəlxalq iqtisadi proseslərdə də getdikcə daha böyük rol oynayan mühüm inkişaf məkanına çevrildiyini nümayiş etdirir.
Orxan Vahidoğlu, “İki sahil”