08 iyul 2026 10:51
95

Rütte: İranın atəşkəs rejimini pozması ABŞ-nin sərt cavabını tələb edib

İyulun 8-nə keçən gecə ABŞ-nin İrana endirdiyi zərbələr tamamilə əsaslı idi.

“İki sahil” xarici mediaya istinadla xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rütte Ankarada jurnalistlərə açıqlamasında deyib.

"Hesab edirəm ki, bu, tamamilə zəruri idi. Əgər atəşkəs haqqında razılaşma qüvvədədirsə və İran faktiki olaraq onu pozursa - biz dünən gəmilərə hücumları gördük - o zaman ABŞ üçün sərt cavab vermək son dərəcə vacibdir", - o bildirib.

Daha əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə zərbələrinə cavab olaraq İrana "bir sıra güclü zərbələr" endirdiyini bəyan etmişdi. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İrandan neft və neft məhsullarının tədarükü və satışına icazəni nəzərdə tutan lisenziyanın ləğv etdiyini elan etmişdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib.