08 iyul 2026 12:36
82

30 ilin uğuru: Etimad və şəffaflıqla rəqəmsal əsrə yüksələn Azərbaycan auditi

Bu inkişafın davamı olaraq qarşıda hansı strateji hədəflər dayanır?

Səbuhi Gülməmmədov: Əsas prioritetimiz institusional təcrübəmizi müasir texnologiyalar və beynəlxalq təcrübə ilə birləşdirərək Azərbaycan auditinin davamlı tərəqqisini və qlobal standartlara inteqrasiyasını təmin etməkdir

Müasir dünyada dövlətlərin iqtisadi qüdrəti təkcə təbii sərvətlər, maliyyə imkanları və ya istehsal potensialı ilə ölçülmür. Bu gücün əsas göstəricilərindən biri iqtisadi münasibətlərdə formalaşan etimad mühitidir. Şəffaflıq, hesabatlılıq, qanunun aliliyi və məsuliyyət prinsipləri üzərində qurulan bu etimad isə güclü audit institutu olmadan mümkün deyil. Audit bu gün maliyyə hesabatlarının düzgünlüyünü təsdiqləyən mexanizmdən daha artıq məna daşıyır. O, dövlətlə biznes arasında etibarlı tərəfdaşlığın möhkəmlənməsinə, sahibkarlıq mühitinin sağlamlaşdırılmasına, investisiya cəlbediciliyinin artırılmasına və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edən strateji institut kimi çıxış edir. Azərbaycan Respublikasında son illər həyata keçirilən ardıcıl iqtisadi islahatlar, biznes mühitinin daha da təkmilləşdirilməsi, rəqəmsal transformasiyanın genişləndirilməsi və şəffaf idarəetmə modelinin formalaşdırılması auditin rolunu əhəmiyyətli dərəcədə artırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət hesabatlılığın gücləndirilməsi, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, maliyyə intizamının möhkəmləndirilməsi və beynəlxalq standartlara əsaslanan müasir idarəetmə sisteminin qurulmasını prioritet istiqamətlər kimi müəyyənləşdirib. Bu strateji yanaşma audit peşəsinin də yeni məzmun qazanmasına, ənənəvi nəzarət funksiyasından strateji tərəfdaşlıq modelinə keçidinə güclü təkan verib. Artıq rəqəmsallaşma, süni intellekt, böyük verilənlərin təhlili və innovativ texnologiyalar audit fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bütün bunlar audit xidmətlərinin keyfiyyətini yüksəltməklə yanaşı, cəmiyyətin bu peşəyə olan etimadını da daha da möhkəmləndirir. Məhz buna görə də auditin inkişafı yalnız peşəkar fəaliyyət sahəsinin deyil, bütövlükdə ölkənin iqtisadi təhlükəsizliyinin, rəqabət qabiliyyətinin və davamlı inkişafının mühüm göstəricilərindən biri kimi qiymətləndirilir.

Azərbaycan auditinin keçdiyi inkişaf yolu, müasir dövrün çağırışları, beynəlxalq audit standartlarının tətbiqi, rəqəmsallaşmanın yaratdığı yeni imkanlar, auditor peşəsinin gələcəyi və Azərbaycan Respublikası Auditorlar Palatasının qarşıdakı dövr üzrə prioritetləri barədə suallarımızı bu qurumun icraçı direktoru Səbuhi Gülməmmədova ünvanladıq.

- Son illərdə Azərbaycanda audit peşəsinin inkişaf tempini necə qiymətləndirirsiniz? Hansı əsas yeniliklər bu sahəyə müsbət təsir göstərib?

- Son illərdə Azərbaycanda auditor peşəsinin inkişaf tempini yüksək qiymətləndirirəm və bu peşə yeni dövrün çağırışlarına uyğun olaraq dinamik inkişaf edir. Belə ki, Auditorlar Palatası fəaliyyət göstərdiyi 30 il ərzində Azərbaycanda milli audit sistemi bərqərar olmuş, auditor xidmətlərin həcmi, əhatə dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, şəffaflığın yüksəldilməsində, ƏL/TMM-ə qarşı mübarizədə və “kölgə iqtisadiyyatı”nın azaldılmasında, yeni dövrün çağırışlarına uyğun olaraq dayanıqlı inkişafa dair hesabatlılığın təmin edilməsində və bütövlükdə ölkə iqtisadiyyatının inkişafında auditin rolu əhəmiyyətli dərəcədə artmışdır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar çərçivəsində ölkəmizdə şəffaflığın təmin edilməsi və daha da artırılması, maliyyə və vergi intizamının, habelə dayanıqlı inkişafa dair hesabatılığın gücləndirilməsi, “yaşıl iqtisadiyyat” və innovasiyaların tətbiqi kontekstində audit sisteminin yenidən qurulması, onun təsirliyinin artırılması istiqamətində Auditorlar Palatası tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.

Prezident İlham Əliyev auditi belə dəyərləndirmişdir: “Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axınının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır.”

Bunun nəticəsidir ki, Auditorlar Palatası xarici ölkələrin 40-dan artıq audit və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, niyyət protokolları və memorandumlar imzalamışdır və hazırda bu sahədə əməkdaşlıq davam edir.

Eyni zamanda, Azərbaycan Respublikasının Auditorlar Palatası bir sıra nüfuzlu beynəlxalq təşkilatlara, o cümlədən 2003-cü ildən Avropanın Mühasiblər və Auditorlar Federasiyasına (EFAA), 2008-ci ildən isə Beynəlxalq Mühasiblər Federasiyasına (IFAC) tam hüquqlu üzv qəbul olunmuşdur.

Habelə, son illərdə IFAC-ın müvafiq şuraları və komitələri tərəfindən nəşr etdirilmiş və hazırda qüvvədə olan Keyfiyyətə Nəzarət, Audit, Təhlil, digər təsdiqləmə və əlaqəli xidmətlər üzrə Beynəlxalq Standartlar toplusunun, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsinin (Beynəlxalq Müstəqillik Standartları ilə birlikdə), “Kiçik və orta müəssisələrin auditində Beynəlxalq Audit Standartlarının tətbiqinə dair Təlimat”ın son versiyaları ölkəmizdə tətbiqi məqsədilə IFAC-ın tərcümə strategiyasına uyğun olaraq tərcümə olunaraq nəşr etdirilmiş və auditorların istifadəsinə veilmişdir.

Auditorlar Palatası ötən 30 il ərzində auditin təbliği və təşviqi istiqamətində bir çox işlər görmüş, o cümlədən auditə dair 60 kitab, ali məktəblər üçün “Audit” dərs vəsaiti, “Daxili audit” dərs vəsaiti, 11 cilddə “Audit. Qanunvericilik və normativ sənədlər” toplusu, “Sahəvi auditlərin aparılmasına dair proqramlar” hazırlamış və nəşr etdirmiş, “İqtisadiyyat və audit” jurnalını təsis etmiş, 50-yə yaxın beynəlxalq elmi-praktik konfrans, simpozium, forum və digər tədbirlər keçirmişdir.

Auditorlar Palatasının ötən illərdə qazandığı uğurlarla bərabər qarşımızda duran və icrası vacib hesab edilən perspektivlər də mövcuddur. Belə ki, Palata tərəfindən hazırlanmış 2021–2030-cu illəri əhatə edəcək auditin üçüncü inkişaf Konsepsiyası özündə auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditə ictimai etimadın yüksəldilməsi, qabaqcıl xarici təcrübənin daha geniş tətbiqi, rəqəmsal iqtisadiyyat şəraitində auditor fəaliyyətində innovasiyaların tətbiqi, auditor kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsi, auditor fəaliyyətində şəffaflığın artırılmasını, dempinq, haqsız rəqabət və korrupsiyaya qarşı mübarizə, auditor xidməti bazarında tənzimləmə və təşkilin inkişaf etdirilməsi, auditor fəaliyyətinin normativ hüquqi təminatının yaxşılaşdırılması istiqamətlərini özündə cəmləşdirir.

Bu Konsepsiyanın məqsədi yalnız şəffaflıq, hesabatlılıq və audit sahəsində üzləşdiyimiz ciddi və bəzən də gözlənilmədən meydana çıxan çətinliklər və problemlərin həllinə reaksiya vermək yox, daha çox gələcəkdə yarana biləcək problemlərin qarşısını almaq üçün konseptual yanaşmanı təmin etməkdir.

Konsepsiyada ehtiva olunan əsas istiqamətlərin reallaşdırılması ölkənin qanunvericilik aktlarına müvafiq dəyişikliklərin edilməsi, zəruri tənzimləyici aktların işlənib hazırlanması və nəşri, kompleks təşkilati, təhsil, maarifləndirmə, informasiya təminatı üzrə tədbirlərin həyata keçirilməsi vasitəsilə nəzərdə tutulur.

Son illərdə ictimaiyyət arasında auditor peşəsinə iqtisadi inkişafın əsas meyarlarından biri olan etimad artmaqda davam edir ki, bu da iqtisadiyyatda şəffaflığın və hesabatlılığın təmin olunmasında həlledici rol oynayır.

Sualınızın ikinci hissəsinə gəldikdə isə qeyd etmək istəyirəm ki, rəqəmsallaşma, süni intellekt, elektron sənəd dövriyyəsi, kibertəhlükəsizlik riskləri və böyük məlumat bazalarının idarə olunması kimi yeniliklər audit sahəsinə müsbət təsir göstərir və auditor peşəsi qarşısında yeni təqdirəlayiq vəzifələr qoyur və auditorlar bunlara göstərdikləri əməli işlərlə cavab verirlər. Oxucularımızın nəzərinə çatdırmaq istəyirəm ki, Auditorlar Palatası sədrinin 2026-cı il  17 aprel tarixli 10-1/3-3-16/2026 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlərin təsdiq edilməsi haqqında ” 2026-cı il 27 fevral tarixli Fərmanında nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən görüləcək işlər barədə Tədbirlər Planı” təsdiq edilmiş və həmin Tədbirlər Planında Palata tərəfindən 2026-2028-ci illəri əhatə etməklə ölkəmizdə audit peşəsinə əsas yeniliklər gətirəcək məsələlərin həlli prioritet bir istiqamət kimi qarşıya qoyulmuşdur.

-Audit müəssisələri maliyyə intizamının və korporativ idarəetmənin gücləndirilməsinə hansı töhfələri verir?

-Audit müəssisələri iqtisadi münasibətlərdə etimadın formalaşdırılması, maliyyə intizamının təmin edilməsi və korporativ idarəetmənin inkişaf etdirilməsi baxımından mühüm rol oynayır. Onların fəaliyyəti təkcə maliyyə hesabatlarının yoxlanılması ilə məhdudlaşmır, eyni zamanda, müəssisələrdə sağlam idarəetmə mədəniyyətinin formalaşmasına birbaşa təsir göstərir. Birincisi, audit müəssisələri maliyyə hesabatlarının etibarlılığı barədə müstəqil rəy verməklə maliyyə intizamının gücləndirilməsinə xidmət edir. Auditor yetərli və münasib audit sübutları əsasında maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun hazırlanması və düzgün təqdim olunması barədə müstəqil rəy bildirir. Bu, investorların, kreditorların, dövlət qurumlarının və digər maraqlı tərəflərin təqdim olunan məlumatlara güvənməsini təmin edir.

İkincisi, audit daxili nəzarət sistemlərinin qiymətləndirilməsi və təkmilləşdirilməsinə töhfə verir. Auditorlar müəssisənin uçot və nəzarət mexanizmlərindəki zəiflikləri müəyyən edir, risklərin idarə olunması üzrə tövsiyələr verir. Bu, resursların səmərəli istifadəsini təmin edir və maliyyə pozuntularının qarşısını alır. Üçüncüsü, audit müəssisələri saxtakarlıq risklərinin qiymətləndirilməsi, əhəmiyyətli təhriflərin müəyyənləşdirilməsi və daxili nəzarət mühitinin gücləndirilməsi yolu ilə maliyyə pozuntularının qarşısının alınmasına mühüm töhfə verir. Müntəzəm və müstəqil yoxlamaların mövcudluğu özlüyündə maliyyə intizamsızlığına qarşı çəkindirici amil kimi çıxış edir. Korporativ idarəetmə baxımından isə audit hesabatlılıq və məsuliyyət prinsiplərini möhkəmləndirir. Müstəqil auditin nəticələri səhmdarlar, direktorlar şurası və icraedici rəhbərlik arasında məlumat asimmetriyasını azaldır, menecmentin fəaliyyətinə obyektiv qiymət verilməsinə imkan yaradır. Bununla da mülkiyyətçilərlə menecment arasında maraqların toqquşmasından irəli gələn risklər azalır və korporativ idarəetmənin effektivliyi yüksəlir. Nəticədə mülkiyyətçilərin hüquqları qorunur və qərarlar şəffaf əsaslarla qəbul edilir.

-Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətində audit xidmətləri hansı əhəmiyyətə malikdir? Audit mədəniyyətinin formalaşdırılması və bu sahədə maarifləndirmə nə dərəcədə vacibdir?

-Bu gün kiçik və orta sahibkarlıq subyektləri iqtisadiyyatın əsas hərəkətverici qüvvələrindən biridir. Onların dayanıqlı inkişafı, rəqabət qabiliyyətinin artırılması və şəffaf fəaliyyət göstərməsi baxımından audit xidmətləri mühüm əhəmiyyət daşıyır. Auditə yalnız qanunvericiliyin tələbi kimi yanaşmaq düzgün deyil. O, sahibkara biznesinə kənar və obyektiv baxış imkanı yaradır, maliyyə hesabatlarının etibarlılığını təsdiqləyir, riskləri vaxtında müəyyən etməyə və daha düzgün idarəetmə qərarları qəbul etməyə kömək edir. Audit zamanı yalnız maliyyə göstəriciləri deyil, həm də daxili nəzarət mexanizmləri, risklərin idarə olunması və biznes proseslərinin səmərəliliyi qiymətləndirilir. Bu isə resurslardan daha səmərəli istifadə olunmasına, fəaliyyətin təkmilləşdirilməsinə və gələcək inkişaf strategiyasının sağlam əsaslar üzərində qurulmasına şərait yaradır. Auditdən keçmiş maliyyə hesabatları banklar, investorlar və biznes tərəfdaşları tərəfindən daha yüksək etimadla qarşılanır. Nəticədə müəssisələrin maliyyə resurslarına çıxışı asanlaşır, investisiya cəlbediciliyi artır və bazarda etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir. Bu baxımdan audit mədəniyyətinin formalaşdırılması və maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Hələ də bəzi sahibkarlar auditi əlavə xərc və ya yalnız məcburi prosedur kimi qəbul edirlər. Halbuki audit biznesin təhlükəsizliyini, şəffaflığını və davamlı inkişafını təmin edən mühüm idarəetmə alətidir. Dövlət qurumlarının, peşəkar audit təşkilatlarının, biznes assosiasiyalarının və ali təhsil müəssisələrinin birgə həyata keçirdikləri seminarlar, təlimlər və maarifləndirici tədbirlər bu istiqamətdə mühüm rol oynayır. Ümumilikdə, auditə çəkilən vəsait xərc deyil, biznesin etibarlılığına, dayanıqlılığına və gələcəyinə qoyulan investisiya kimi qiymətləndirilməlidir.

-Rəqəmsallaşma audit proseslərini necə dəyişdirir? Hazırda tətbiq olunan müasir texnologiyalar haqqında nə deyə bilərsiniz?

-Rəqəmsallaşma və Dördüncü Sənaye İnqilabı Subyektlərin maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması mexanizmlərini köklü surətdə transformasiyaya məruz qoymuşdur. Ənənəvi audit metodologiyasında tətbiq olunan kağızdaşıyıcılı sənədləşmə və statistik seçmə üsulları, müasir dövrdə yerini böyükhəcmli məlumatların real vaxt rejimində davamlı analizinə buraxmışdır. Bu transformasiya audit risklərinin minimallaşdırılmasında, daxili nəzarət sistemlərinin effektivliyinin artırılmasında və audit sübutlarının etibarlılıq dərəcəsinin yüksəldilməsində mühüm rol oynayır.

Audit prosesində tətbiq olunan fundamental rəqəmsal texnologiyalar böyük məlumatların analitikası:

Məlumat analitikası alətləri populyasiyanın bütövlükdə (100% həcmində) tədqiqinə imkan yaradır. Bu texnologiya makro-məlumat massivlərini strukturlaşdıraraq qeyri-tipik əməliyyatları, kənarlaşmaları və mümkün qanunsuzluq (maliyyə fırıldaqçılığı) risklərini avtomatik müəyyən edir. Beləliklə, seçmə yoxlamaların gətirdiyi informasiya itkisi riski aradan qalxır.

Süni intellekt və maşın öyrənməsi alqoritmləri:

Süni intellekt sistemləri retrospektiv audit məlumatlarını və cari maliyyə indikatorlarını sintez edərək risk profillərini proqnozlaşdırır. Maşın öyrənməsi modelləri mürəkkəb mühasibat yazılışlarında qanunauyğunluqları aşkar edir və auditorun strateji qərar qəbul etmə (peşəkar mühakimə yürütmə) prosesini optimallaşdırır. Rutin və monoton əməliyyatların intellektual avtomatlaşdırılması insan resursunun daha yüksək analitik dəyər yaradan sahələrə yönəldilməsini təmin edir.

Bulud arxitekturası:

Bulud əsaslı infrastruktur həlləri auditor ilə auditi aparılan subyekt arasında təhlükəsiz məlumat mübadiləsini və məsafədən asinxron/sinxron fəaliyyəti təmin edir. Bu arxitektura xüsusilə transmilli korporasiyaların və coğrafi baxımdan diversifikasiya olunmuş holdinqlərin konsolidə edilmiş maliyyə hesabatlarının auditində əməliyyat səmərəliliyini artırır.

Robotik proseslərin avtomatlaşdırılması:

RPA proqram təminatı standartlaşdırılmış, təkrarlanan və alqoritmləşdirilmiş proseslərin (məsələn, fərqli sistemlərdən məlumatların çıxarılması, rekonosilyasiya/üzləşdirmə əməliyyatları və ilkin hesabat formalarının tərtibi) insan müdaxiləsi olmadan icrasını reallaşdırır. Bu isə əməliyyat xərclərini, icra müddətini və daxili insan amilindən qaynaqlanan xəta dərəcəsini sıfıra endirir.

Hazırda Auditorlar Palatası innovativ texnologiyaların tətbiqi istiqamətində Auditorun Şəxsi Kabineti sistemini yenidən qurmuş, sistem sınaq mərhələsindədir və bu mərhələ başa çatdıqdan sonra onun geniş tətbiqinə dair təqdimat keçiriləcəkdir.

Bununla yanaşı, Auditor Sertifikatlarının və İcazələrinin İdarəedilməsi Sistemi istifadəyə verilmişdir. Həmçinin sertifikatların və icazələrin QR kod vasitəsilə təqdim olunması və doğrulanması mexanizminin tətbiqi istiqamətində müvafiq işlər aparılır.

Rəqəmsal transformasiya auditin keyfiyyət standartlarının yüksəldilməsinə, şəffaflığın artırılmasına və korporativ idarəetmə prinsiplərinə uyğunluğun institusional səviyyədə gücləndirilməsinə mühüm töhfə verir. Bununla yanaşı, yeni texnoloji mühit auditor peşəsi qarşısında yeni tələblər formalaşdırır. Müasir auditor yalnız ənənəvi maliyyə və mühasibat biliklərinə deyil, eyni zamanda, məlumat savadlılığı, informasiya texnologiyalarının auditi metodologiyası və kibertəhlükəsizlik risklərinin idarə edilməsi sahələrində də müvafiq bilik və bacarıqlara malik olmalıdır. Texnoloji ekosistemin audit fəaliyyətinə inteqrasiyası auditor peşəsinin gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biri kimi çıxış edir.

-Auditor peşəsinə maraq göstərən gənclər üçün hansı imkanlar yaradılır? Bu sahədə peşəkar kadr hazırlığı hansı səviyyədədir?

- Azərbaycanda auditor peşəsinə maraq göstərən gənclər üçün son illərdə geniş imkanlar yaradılıb. Bu sahə həm yerli, həm də beynəlxalq əmək bazarında tələbatın yüksək olduğu, peşəkar inkişaf və karyera yüksəlişi baxımından perspektivli istiqamətlərdən hesab olunur. Gənclər üçün əsas imkanlar auditor şirkətlərində təcrübə proqramları, dövlət və özəl sektorda daxili audit sahəsində iş imkanları, eləcə də Auditorlar Palatasının həyata keçirdiyi layihələr, seminarlar, müsabiqələr və universitetlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan maarifləndirici tədbirlərdir. Bu təşəbbüslər gənclərin həm praktiki bilik qazanmalarına, həm də peşəyə maraqlarının artmasına xidmət edir. Peşəkar kadr hazırlığı isə beynəlxalq standartlara uyğun inkişaf etdirilir. Universitetlərdə mühasibat uçotu və audit üzrə tədris proqramları müasirləşdirilir, Auditorlar Palatası tərəfindən lisenziyalaşdırma imtahanları və ixtisasartırma təlimləri təşkil olunur. Eyni zamanda, ACCA və CIA kimi beynəlxalq sertifikatlara maraq artır və bir çox şirkətlər əməkdaşlarının bu istiqamətdə inkişafını dəstəkləyir. Bütün bunlar Azərbaycanda peşəkar auditor kadrlarının hazırlanması üçün möhkəm zəmin yaradır.

-Beynəlxalq audit standartlarının tətbiqi Azərbaycan auditorlarının rəqabət qabiliyyətinə necə təsir edir?

-Azərbaycan Respublikasının ərazisində Beynəlxalq Audit Standartlarının (BAS) rəsmi tətbiqinə 2010-cu il 1 yanvar tarixindən başlanılmışdır. Bu proses birdən-birə deyil, uzunmüddətli hüquqi-institusional inkişafın nəticəsi olaraq formalaşmışdır: Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü il 16 sentyabr tarixində imzalanmış "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə auditor fəaliyyətinin hüquqi əsaslarını yaratmış və Auditorlar Palatasının beynəlxalq əlaqələri genişləndikcə BAS-ın ölkəmizdə tətbiqinə institusional zəmin hazırlamışdır.

Bu addımın Azərbaycan auditorlarının rəqabət qabiliyyətinə təsirini bir neçə istiqamətdə özünü göstərir.

Əvvəla, metodoloji vahidlik və beynəlxalq tanınma təmin olunur. BAS dünyanın əksər ölkələrində qəbul olunmuş ümumi metodoloji çərçivəyə əsaslandığı üçün Azərbaycan auditorlarının hazırladığı hesabatlar xarici investorlar və tərəfdaşlar tərəfindən əlavə izahat tələb etmədən başa düşülür və etibar edilir.

İkincisi, hesabatların keyfiyyəti və etibarlılığı yüksəlir. Standartların tələb etdiyi risk əsaslı yanaşma, peşəkar skeptisizm və ciddi sənədləşdirmə tələbləri audit rəyinin keyfiyyətini artırır, bu isə sərmayəçilərin etimadını gücləndirir.

Üçüncüsü, beynəlxalq layihələrə və tenderlərə çıxış genişlənir. Dünya Bankı, EBRD kimi qurumlar maliyyələşdirdikləri layihələrdə adətən BAS-a uyğun audit tələb edir, bu da yerli audit şirkətlərinə həmin tenderlərdə iştirak imkanı yaradır.

Dördüncüsü, kadrların peşəkar mobilliyi artır. BAS üzrə bilik və təcrübəyə malik auditorlar üçün regional və beynəlxalq əmək bazarında iş imkanları genişlənir.

Nəhayət, kapital bazarlarına inteqrasiya asanlaşır. Xarici birjalarda listinq və ya beynəlxalq maliyyə əməliyyatları düşünən Azərbaycan şirkətləri üçün BAS-a uyğun audit rəyi ilkin şərtlərdən biridir, bu isə yerli auditorları belə əməliyyatlarda əvəzsiz tərəfdaşa çevirir.

Beləliklə, 2010-cu ildən başlayan bu proses təkcə texniki metodologiya dəyişikliyi olmayıb, həm də, Azərbaycan auditorlarının beynəlxalq peşəkar birliyin bərabərhüquqlu üzvünə çevrilməsi, yerli audit xidmətlərinin ixrac potensialının artması və ölkənin ümumi investisiya mühitinin cəlbediciliyinin yüksəlməsi üçün strateji əhəmiyyət daşımışdır

- Auditorlar Palatası bu il fəaliyyətinin 30 illiyini qeyd edir. Geridə qalan uğurlu inkişaf yolunu nəzərə alsaq, qarşıdakı dövr üçün müəyyənləşdirilən əsas prioritetlər və strateji hədəflər hansılardır?

-Auditorlar Palatası 2026-cı il üçün fəaliyyətini bir sıra strateji prioritetlər üzərində qurur. Bunların əsasında Prezident İlham Əliyevin fevral 2026-cı il tarixli rəqəmsal inkişafa dair Fərmanı və Rəqəmsal İnkişaf üzrə Şuranın fəaliyyəti çərçivəsində idarəetmə və nəzarət proseslərinin rəqəmsallaşdırılması dayanır. Bu istiqamətdə elektron sənəd dövriyyəsinin genişləndirilməsi, auditor sertifikatlarının QR-kodlaşdırılması və onların həqiqiliyinin onlayn yoxlanılması imkanlarının yaradılması, habelə rəqəmsal xidmətlərin əlçatanlığının artırılması nəzərdə tutulur. Paralel olaraq, audit prosedurlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə süni intellekt texnologiyalarının tədqiqi və mümkün tətbiq imkanlarının müəyyənləşdirilməsi üzərində iş aparılır.

Beynəlxalq Audit Standartlarının (BAS/ISA) praktikada düzgün tətbiqinin təmin edilməsi, bu sahədə metodiki materialların hazırlanması və auditorlara dəstək göstərilməsi də prioritetlər sırasındadır. Bununla yanaşı, çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə istiqamətində auditor təşkilatlarının və sərbəst auditorların məlumatlılığının artırılması və monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də keyfiyyətə nəzarət sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması davam etdirilir.

Bu il Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 ili tamam olur və Palatanın 30 illik fəaliyyət təcrübəsi kontekstində institusional inkişaf xüsusi yer tutur. Bu istiqamətdə Auditorlar Palatası sədrinin 2025-ci il 26 avqust tarixli, 10-1/3-3-25/2025 nömrəli "Azərbaycan Respublikası Auditorlar palatasının fəaliyyətə başlamasının 30 illik yubileyinin qeyd edilməsi barədə" Sərəncamı ilə Təşkilat Komitəsi yaradılmış və geniş Tədbirlər Planı təsdiq edilmişdir. Həmin tədbirlər sırasında “Auditorlar Palatası-30 il” adlı kitabın 2 dildə (Azərbaycan, ingilis) hazırlanması, nəşr etdirilməsi və təqdimat mərasiminin keçirilməsi, Auditorlar Palatasının 30 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın keçirilməsi, Auditorlar Palatasının keçdiyi dövr üzrə “Auditorlar Palatası-30 il” sənədli filmin hazırlanması və s. məsələlər nəzərdə tutulmuşdur. Auditorlar Palatasının ötən illərdə əldə etdiyi uğurları ilə bərabər, qarşımızda icrası vacib hesab edilən hədəflər də mövcuddur.

Hazırki hədəflərimizin və builki planımızın istiqamətlərini qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılmasına dair proqram təminatının əldə edilməsi (Türkiyə, Pakistan və İsrail təcrübəsi), Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi üzrə nəzəri və praktiki sertifikat proqramlarının hazırlanması və keçirilməsi, 2026-cı ilin “Auditdə Peşə Etikası İli” elan edilməsi və bu istiqamətdə görüləcək işlər, türkdilli dövlətlərin audit və mühasibat qurumları birliyinin yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi, auditdə rəqəmsallaşma və innovasiyaların tətbiqi, “Auditdə süni intellekt” Konsepsiyasının hazırlanması və tətbiqi, sertifikatların QR kod ilə verilməsi sisteminin yaradılması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində işlər, haqsız rəqabətə qarşı mübarizə və s. kimi ciddi məsələlər təşkil edir.

Son dövrdə Palatanın beynəlxalq əməkdaşlıq fəaliyyəti türkdilli dövlətlər istiqamətində də genişlənib. 2026-cı ilin 25 iyun tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdaifəsində auditin rolu” mövzusunda keçirilmiş beynəlxalq konfransda Auditorlar Palatası, Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK), Qazaxıstan Auditorlar Palatası və Özbəkistan Auditorlar Palatasının nümayəndə heyətləri arasında keçirilən işgüzar görüşdə audit və mühasibatlıq sahəsində institusional əməkdaşlıq mexanizmlərinin qurulması, auditin keyfiyyətinə nəzarət, ƏL/TM-ə və haqsız rəqabətə qarşı mübarizə, habelə auditorların sertifikasiyası üzrə birgə fəaliyyət imkanları müzakirə olunub. Görüşün əsas nəticələrindən biri kimi türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarının vahid birliyi olan Türk Dünyası Auditorlar Şurasının yaradılması istiqamətində ilkin razılıq əldə edilib. Bu təşəbbüs çərçivəsində türkdilli dövlətlərin audit qurumları arasında vahid institusional əməkdaşlıq platformasının formalaşdırılması, auditin keyfiyyətinə nəzarət sahəsində təcrübə mübadiləsi, ƏL/TM-ə qarşı mübarizədə birgə metodiki yanaşmaların işlənməsi, auditorların sertifikasiyası sahəsində qarşılıqlı tanınma imkanlarının araşdırılması və haqsız rəqabətə qarşı birgə tədbirlərin görülməsi nəzərdə tutulur. Bu əməkdaşlığın cari ilin sentyabr ayında Palatanın 30 illik yubileyi ilə bağlı tədbirdə rəsmiləşdirilməsi qarşıya qoyulan ən böyük hədəflərimizdəndir.

Suallarımızı ətraflı cavablandırdığınıza görə təşəkkür edirik. Eyni zamanda, Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə kollektivinizi təbrik edir, fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Yaqut Ağaşahqızı, ”İki sahil”

Azərbaycan Respublikası Auditorlar Palatasının keçirdiyi “Auditin inkişaf mərhələləri; uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol” mövzusunda müsabiqəyə təqdim edilir