08 iyul 2026 13:32
85

“Dağçılıq və Təbiət Turniri - Qrız 2026” uğurla başa çatıb 

Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı ilə 4-5 iyul 2026-cı il tarixlərində Quba rayonunun Qrız kəndində “Dağçılıq və Təbiət Turniri - Qrız 2026” keçirilib.

“İki sahil” xəbər verir ki, turnirin ilk günü təbii qayalar üzərində boulderinq yarışı təşkil olunub. Yarış 10-13 yaş, 13-16 yaş və 16 yaşdan yuxarı olmaqla üç yaş kateqoriyası üzrə keçirilib. İdmançılar müxtəlif çətinlik dərəcəsinə malik marşrutlarda güc, texnika və çevikliklərini nümayiş etdiriblər. Eyni zamanda, iştirakçılar üçün dağlarda təhlükəsizlik qaydaları, dağçılıq avadanlıqlarından düzgün istifadə, sığortalanma üsulları və fövqəladə hallarda davranış qaydalarına dair nəzəri və praktiki təlimlər, eləcə də master-klasslar keçirilib.

Turnirin ikinci günü iştirakçılar Qrız kəndindən Qur-Qur şəlaləsi istiqamətində dağ yürüşü həyata keçiriblər. Yürüş zamanı onlar dağ şəraitində təhlükəsiz hərəkət, marşrutun düzgün seçilməsi və keçilməsi, eləcə də komanda işi üzrə əldə etdikləri bilikləri praktiki şəkildə tətbiq ediblər. Yürüşdən sonra idman dırmanmasının çətinlik növü üzrə yarış keçirilib. Ümumilikdə yarışlar boulderinq üzrə 9 marşrut, çətinlik növü üzrə isə 5 marşrut əsasında təşkil olunub. Turnirin yekununda qaliblər diplomlarla təltif olunublar.

Azərbaycan Alpinizm Federasiyası ölkədə dağçılıq və idman dırmanmasının inkişafı, təhlükəsiz dağçılıq mədəniyyətinin təbliği və sağlam həyat tərzinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.