08 iyul 2026 13:37
105

MGİMO ilə ASA arasında ikili diplom proqramının məzunlarına diplomlar təqdim olunub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGİMO) Azərbaycan İdman Akademiyası (ASA) ilə magistratura səviyyəsində "İdman menecmenti" ixtisaslaşması üzrə birgə həyata keçirilən ikili diplom proqramının məzunlarına həsr olunmuş təntənəli məzuniyyət mərasimi keçirilib.

“İki sahil” xəbər verir ki, mərasimdə proqramı uğurla başa vuran 15 məzuna diplomlar MGİMO Universitetinin rektoru, akademik Anatoli Vasilyeviç Torkunov və ASA-nın rektoru Fuad Hacıyev tərəfindən təqdim olunub. Rektorlar çıxışlarında məzunları əlamətdar gün münasibətilə təbrik edərək bildiriblər ki, ikili diplom proqramları beynəlxalq akademik əməkdaşlığın inkişafına, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına və gənclərin qlobal əmək bazarında rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verir. Rektorlar məzunlara gələcək peşə fəaliyyətlərində uğurlar arzulayıblar.

Qeyd edək ki, MGİMO ilə ASA arasında həyata keçirilən ikili diplom proqramı tələbələrə hər iki ali təhsil müəssisəsində təhsil almaq, beynəlxalq akademik təcrübə qazanmaq və proqramı uğurla başa vurduqdan sonra hər iki universitetin diplomunu əldə etmək imkanı yaradır.

Sonda xatirə fotosu çəkdirilib.