09 iyul 2026 22:57
71

Tarixi yaddaşın elmi salnaməsi

İbrahim Kazımbəylinin Azərbaycanın İrəvan bölgəsinə həsr olunmuş fundamental tədqiqatı

Cəmiyyətin bütün sahələrində baş verən dəyişikliklər tarix elmindən də yan keçməməkdəir. Tarix müəyyən zaman konteksində baş vermiş hadisə və proseslərin xronoloji təsviri ilə məhdudlaşmayıb, xalqların tarixi yaddaşının formalaşması, aparıcı etnosun liderliyində milli identikliyin yaranışında mühüm rol oynayan tarixi coğrafiyanın rekonstruksiyasının da tədqiqini həyata keçirməkdədir. Bu müstəvidə “itirilmiş ərazi”, “tarixi vətən” anlayışları yeni dövr tarix elmnin başlıca kateqoriyları sırasına daxil olmuşdur.

Tarixə nəzər salqıqda görürük ki, əsasən hərbi-siyasi  proseslərin nəticəsi olaraq dövlətlərin sərhədləri dəyişkənliyə uğrasa da, etnosların kollektiv yaddaşı tarixi vətən haqqında təsəvvürləri ölməyə qoymayıb, daim onu diri tutmuşdur. Bu kontekstdə yazılmış əsərlər yalnız həmin elmi problemin öyrənilməsi ilə yekunlaşmayıb, həmçinin xalqı dünənindən bu gününə, bu günündən isə gələcəyə daşıyan tarixi yaddaşın qorunması və ötürülməsi missiyasını yerinə yetirir.  Tarixi yaddaş isə hər şeydən öncə coğrafi məkan üzərində qurulur. Burada coğrafi məkan sıradan bir ərazi olmayıb, xalqın milli kimliyinin formalaşdığı ərazi kimi çıxış edir. Məşhur fransız alimi Pierre Noranın “yaddaş məkanları” konsepsiyasında göstərildiyi kimi şəhərlər, kəndlər, tarixi bölgələr yalnız bir coğrafi ərazini bildirməklə məhdudlaşmır, həmin ərazilər eyni zamanda, milli kimliyin daşıyıcısıdır.

Yuxarıda qeyd etdiyimiz kimi bu və ya digər səbəblərdən dövlət sərhədlərinin dəyişilməsi həmin coğrafiyanın tarixi missiyasını, əhəmiyyətini əsla dəyişdirmir. Bu kontekstdə İrəvan və ətraf ərazilərin Azərbaycan xalqının dövlətçilik şüurunda, tarixi yaddaşındakı yerini və akademik əsasda izahını öyrənmək baxımından İbrahim Kazımbəylinin “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının olduqca böyük əhəmiyyəti olmaqla yanaşı, həm də bu xüsusda bir nəzəri çərçivə də formalaşdırmış olur.

Məşhur alman kulturoloqu Jan Assuman bu konteksdə aşağıdakı fikirləri elm camiyyəsində maraqla qarşılanmışdır. O, qeyd edirdi ki, etnosların, xalqların əsrlər boyu hifz edib saxladıqları tarixi yaddaş onların ərsəyə gətirdikləri siyasi tarixdən daha davamlı olmuşdur. Bu yaddaş isə müxtəlif mənbələr əsasında, onların vasitəsilə gələcək nəsillərə sistemli şəkildə ötürülür. Bu aspektdə də İbrahim Kazımbəylinin qeyd olunan əsəri həmin tarixi yaddaşı elmi metodlara söykənərək, zəngin arxiv sənədləri əsasında, elmi sistemlilik prinsiplərinə əməl etməklə bərpa edir və gələcək nəsillərə ötürür.

Xüsusi olaraq qeyd etmək istərdim ki, müasir dövrdə dünya tarixşünaslığı “itirilmiş ərazi” qavrayışını revanşizm, yaxud da eksponsionizm anlayışları ilə bərabər tutulmaqdan uzaqdır. “İtirilmiş ərazi” qavrayışı  mədəni irs və tarixi coğrafiyanın öyrənilməsi, tədqiqi ilə bağlı elmi kateqoriya kimi anlaşılmaqdadır. Onu da nəzərə çatdıraq ki, bu tərz yanaşma təkcə Azərbaycan tarixşünaslığı üçün deyil, dünyanın müxtəlif ölkələrinin tarixçiləri tərəfindən tarixi dövlət sərhədlərindən kənarda qalmış ərazilərin sistemli şəkildə araşdırılması həyata keçirilir və bu, heç də faktiki olaraq həmin torpaqların yurisdiksiyasında olan dövlətə qarşı ərazi iddiası demək deyil. Professor İbrahim Kazımbəylinin dərin araşdırmalarının nəticəsi olaraq ərsəyə gələn bu bitkin əsərin də məqsədi beynəlxalq hüququ arxa plana atmaq deyil, tarixi həqiqətləri, mədəni irsi elmi cəhətdən öyrənməkdir. Əsər, həmçinin İrəvan və ətraf əraziərin sosial, iqtisadi, siyasi və demoqrafik  inkaşafı prosesinin rekonstruksiya edilməsini uğurla həyata keçirə bilmişdir.

Göstərilən elmi transformasiya fonunda sözügedən əsərdə yalnız tədqiqat üçün seçilmiş regionun tarixi deyil, həmin ərazi ümumilikdə Azərbaycan tarixinin, onun sosial-iqtisadi inkişafının, demoqrafik proseslərin tərkib hissəsi kimi araşdırılır. Müəllifin elmi baxımdan yetkinliyi tam şəkildə imkan yaratmışdır ki, əsərini “itirilmiş ərazi” konsepsiyasının elmi prinsipləri ilə uyğunlaşdırıb və beynəlxalq müstəvidə müqayisəli tədqiqatlar konteksində özünəməxsus yer tutsun.

Konkret nümunə əsasında İbrahim Kazımbəylinin əsərinin əhəmiyyətini göstərmək mümkündür. II Dünya müharibəsi nəticəsində Almaniya ərazisinin bir hissəsini-Köniqsberqi (indiki Kalinqrad əyalətini) itirmiş oldu. Ərazinin itirilməsinə baxmayaraq Almaniyada Köniqsberqlə bağlı tədqiqatlar dayandırılmamış, əksinə, yeni yanaşmalar əsasında daha da genişləndirilmişdir. Çağdaş alman tarixşünaslığında sözügedən ərazinin sosial stukturu, iqtisadi həyatı, dini məsələləri, əhalinin tərkibi və s. məsələlər geniş arxiv sənədləri əsasında dərindən araşdırılır. Almaniya tarixşünaslığının məqsədi beynəlxalq hüququ kənara qoymaq deyil, Almaniya tarixinin mühüm bir hissəsi olan həmin regionun tarixini elmi əsasda yazıb ərsəyə gətirməkdir. Kareliyanın timsalında Finlandiyanı və digər ölkələri də nümunə gətirmək mükündür. Dünya tarixşünaslığında onlarla belə nümunə göstərmək olar. İrəvan bölgəsi ilə bağlı aparılan bu fundamental tədqiqat da dünya tarixşünaslığı təcrübəsində ilk hadisə olmayıb, əslində bu vaxta qədər mövcud tendensiyaların ən bariz və elmi nümunələrindən biri təəssüratını yaradır.

İrəvan və ətraf ərazilərin gerçək tarixinin tədqiqi və tarixi həqiqətlərin üzə çıxarılması nə çar Rusiyası, nə də Sovet hakimiyyəti dönəmində dövrün siyasi konyukturasına uyğun olaraq mümkün görünmürdü. Xüsusilə də SSRİ dövründə ideoloji məhdudiyyətlər milli tarixçilərin bu mövzuya müraciətini sadəcə mümkünsüz etmişdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra milli tarix elminin qarşısında duran əsas vəzifələrdən biri də itirilmiş ərazilərin gerçək tarixini kompleks şəkildə tədqiq etmək idi. Ümummilli Lider Heydər Əliyev Azərbaycan tarixçiləri qarşısında XIX-XX əsr tariximizin təhrif edildiyini xüsusi qeyd edərək deyirdi: “Belə hesab edirəm ki, indi Akademiyanın qarşısında duran məsələlərdən biri də Azərbaycan xalqının XIX-XX əsr tarixinin yazılmasıdır”.

Sözügedən əsər bu aspektdən olduqca səciyyəvi xüsusiyyətə malikdir. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, ardınca isə 2023-cü ilin 19-20 sentyabr antiterror əməliyyatının nəticəsi olaraq Azərbaycan Ordusu işğal olunmuş əraziləri düşmən tapdağından tamamilə azad etdi və dövlət suverenliyini bərpa etmiş oldu. Məhz bu hadisələrdən sonra Qərbi Azərbaycan mövzusu daha böyük masştabda siyasi gündəmə gəlmiş oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər, xəritələr və ən nəhayət bizim tariximiz təsdiqləyir”. Yeni dövrün çağırışlarına Azərbaycan tarixşünaslığı məhz İbrahim Kzaımbəyli kimi tədqiqatçıların səyi ilə tam hazır vəziyyətdə qoşulmuş oldu. Qeyd edək ki, İbrahim Kazımbəyli hələ 2018-ci ildə “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri)” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir.

Əsərlə ilk tanışlıq onun metodoloji yanaşmasının mükəmməlliyi qənaətinə gəlməyə əsas verir. Müəllif hadisə və prosesləri yalnız siyasi məsələlərdən deyil, sosial-iqtisadi, inzibati idarəetmə, demoqrafik proseslər və s məsələləri kompleks şəkildə tədqiq edir. Kitabın müsbət tərəflərindən biri də odur ki, tədqiqat üçün İrəvan bölgəsi götürülsə də, amma regional tarix kontekstindən cıxarılaraq müqayisəli tarixi coğrafiya istiqamətlərinə üstünlük verilərək, ümumilkdə qeyd olunan zaman çərçivəsində İrəvan bölgəsinin tarixi məhz Azərbaycanın dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi kimi araşdırılır. Kitab həm də XIX-XX əsrin əvvələri üçün təkcə Azərbaycan tarixinin də deyil, ümumilkdə Cənubi Qafqazda cərəyan edən sosial-iqtisadi, hərbi-siyasi və inzibati, eləcə də demoqrafik məsələlərin öyrənilməsi baxımından mötəbər mənbə hesab edilə bilər. Bu isə özlüyündə İbrahim Kazımbəylinin yazıb Azərbaycan tarixşünaslığına bəxş etdiyi bu mötəbər əsərin çağdaş tarixşünaslıqda oturuşmuş multidisspilinar metodologiyaya uyğun hesab edilir və kitabın uzun müddət üçün akademik çəkisini saxlamağa imkan verir. Monoqrafiya həm də gələcək ciddi tədqiqatlar üçün mənbəşünaslıq baxımından bir baza formalaşdırmış olur. Çəkinmədən söyləyə bilərik ki, Qərbi Azərbaycan mövzusu ilə bağlı gələcəkdə aparılacaq ciddi tədqiqat əsərlərinin mühüm istinad nöqtələrindən biri məhz İbrahim Kazımbəylinin sözügedən əsəri olacaqdır.

Kitabın müsbət xüsusiyyətlərindən biri də tarixi coğrafiyanın bərpası istiqamətində verdiyi ciddi elmi yeniliklərdir. Onu da nəzərə çatdıraq ki, tarixi coğrafiya müasir dünya tarix elmində sürətlə inkişaf etməkdə olan istiqamətlərdən biri hesab edilməkdədir. Tarixşünaslıqda müasir yanaşmalarda tarixi məkan təkcə coğrafi və inzibati vahid kimi deyil, iqtisadi-sosial, siyasi və mədəni münasibətlərin formalaşması ilə milli kimliyin formalaşdığı ərazi kimi dəyərləndirilir ki, məhz sözügüdən əsərdə də məsələyə bu prizmadan yanaşılmışdır.

Əsərin ən mühüm cəhətlərindən biri çarizmin bölgədə həyata keçirdiyi demoqrafik siyasətlə bağlıdır. Müəllif zəngin və mötəbər arxiv sənədləri əsasında Rusiya işğalına qədər bölgənin etnik mənzərəsi ilə işğaldan sonra həyata keçirilən köçürmə siyasəti arasında apardığı müqayisələr regionun əsl demoqrafik gerçəkliklərini görməyə imkan yaradır. İbrahim Kazımbəyli bu fundamental tədqiqatı ilə XIX-XX əsrin əvvəllərində çarizmin İrəvan bölgəsində həyata keçirdiyi köçürmə siyasətinin əsl mahiyyətini, bu gün yaşanılan faciələrin əsasının məhz həmin illərdə qoyulduğunu tam elmi əsasda çatdıra bilir.

Azərbaycanın İrəvan bölgəsinin gerçək tarixi ilə bağlı məsələlər dünya tarixşünaslığında kifayət qədər məhdud şəkildə və həm də qərəzli öyrənilmişdir. Xarici tədqiqatçıların əksəriyyəti regionun gerçək tarixi barədə məlumatları əsasən ikinci dərəcəli mənbələrdən əldə edir. Kitabın ispan dilində nəşri həmin boşluğun müəyyən qədər doldurulmasına, tədqiqatçıların birbaşa Azərbaycan müəllifinin araşdırması ilə tanış olmasına imkan verir. Bu isə mövzu ilə bağlı beynəlxalq akademik diskursun daha balanslı və çoxşaxəli formalaşmasına xidmət edir. İspan dilinin daha çox yayıldığı Latın Amerikasında erməni diasporunun güclü olmasını və bunun nəticəsində də qondarma “erməni soyqırımı”nın ilk dəfə məhz burada-Uruquvayda 1965-ci ildə qəbul edilməsi faktını unutmamalıyıq. İndi isə həmin coğrafiyaya əsl həqiqətləri, heç bir saxtalaşdırmalara yol vermədən mötəbər mənbələrə əsaslanaraq ispan dilində fundamental əsərlə daxil olması ilə ictimai və siyasi dairələrdə on illərlə kök atmış yanlış fikirlərin dəyişilməsinə ümid edirik və bu istiqamətdə sözügedən əsərin böyük rol oynayacağı şübhəsizdir.

Beləliklə, tarix elmləri doktoru, professor İbrahim Kazımbəylinin Türkiyədə ispan dilində “Azərbaycanın İrəvan bölgəsi: sosial-iqtisadi və siyasi tarix (XIX-XX əsrin əvvəlləri)” adlı monoqrafiyasının nəşr olunmasını bütövlükdə Azərbaycan tarixşünaslığının daha qlobal arenaya çıxışı, Azərbaycan həqiqətlərini dünya akademik ictimaiyyətinə çatdırılması istiqamətində olduqca uğurlu bir addım kimi qiymətləndirik. Müəllifə isə Azərbaycan tarixşünaslığını yeni tədqiqatlarla zənginləşdirəcək yaradıcılıq uğurları arzulayıram.

Namiq Kərimov,
Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru