09 iyul 2026 01:54
87

Dünyada hidrogen vadilərinin sayı 106-ya çatıb

Hazırda dünyada 106 hidrogen vadisi fəaliyyət göstərir və ya inkişaf mərhələsindədir. Təmiz hidrogen bazarında siyasətlə bağlı qeyri-müəyyənlik, layihələrin iqtisadi səmərəliliyi, maliyyələşmə və tələbin formalaşdırılması kimi çətinliklər davam etsə də, hidrogen vadiləri istehsal, nəqliyyat və son istehlakı vahid regional ekosistemdə birləşdirən inteqrasiya olunmuş yanaşma sayəsində dayanıqlı inkişaf nümayiş etdirir.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Təmiz Hidrogen Tərəfdaşlığı təşəbbüsünün yayımladığı “Təmiz hidrogen vadiləri sektorunun vəziyyəti – 2026” hesabatında qeyd olunub.

Hesabata əsasən, 2024-cü ildən bəri fəaliyyət göstərən hidrogen vadilərinin payı 9 faizdən 18 faizə yüksəlib. Yekun investisiya qərarı qəbul edilmiş və ya bu mərhələyə çatmış layihələrin xüsusi çəkisi isə 37 faizə yüksəlib. Avropada hidrogen vadiləri, ümumilikdə, 400 meqavat gücündə istismarda olan elektroliz qurğularını əhatə edir ki, bu da onların təmiz hidrogen sektorunun inkişafında mühüm rol oynadığını göstərir.

Sənəddə ilk dəfə olaraq hidrogen vadilərinin inkişaf etdiriciləri arasında keçirilmiş bazar mühitinə dair sorğunun nəticələrinə də yer verilib. Sorğunun nəticələri hidrogen texnologiyalarının uzunmüddətli perspektivlərinə inamın yüksək olduğunu göstərir. Bununla yanaşı, yeni layihələrin yekun investisiya mərhələsinə çatdırılması üçün bazar tələbinin artırılması, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və sabit tənzimləyici mühitin yaradılmasının həlledici əhəmiyyət daşıdığı vurğulanır.