09 iyul 2026 01:18
80

Serbiya lideri: Aİ-nin mesajını anladıq, ancaq bizim üçün yüksək həyat səviyyəsi vacibdir

Avropa İttifaqının (Aİ) mesajını başa düşdük, ancaq bizim üçün həyat səviyyəsinin yüksəlməsi vacibdir.

“İki sahil” xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.

O, 3-cü klasterin açılması məsələsinə gəldikdə, Serbiyanın Aİ-nin mesajını başa düşdüyünü vurğulayıb və buna görə narazı olmadıqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, Avropa Komissiyası Serbiya ilə Aİ-yə üzvlük üzrə danışıqlar çərçivəsində 3-cü klasterin açılması ilə bağlı tövsiyələrini yeniləyib.

Məsələni şərh edən Prezident onu da diqqətə çatdırıb ki, hazırda onlar üçün daha vacib məsələ Serbiyada vətəndaşların həyat səviyyəsinin yüksəlməsi və gəlirlərin həcminə görə ölkənin region və bəzi Aİ üzvlərindən öndə olmasıdır:

"Serbiya üçün əsas məsələ həyat səviyyəsinin yüksəlməsi, Avropa İttifaqı ölkələrini və guya Avropa yolunda bizdən öndə olan ölkələri geridə qoymaqdır. Biz artıq bəzilərini geridə qoymuşuq. Gəlirlərə və maaşların səviyyəsinə görə regiondakı bütün ölkələri, hətta ən azı bir Aİ üzvünü keçmişik".

O əlavə edib ki, Serbiyaya Asiyadan getdikcə daha çox investisiya gəlir: "Biz rasional həyat yaşamalı, bizim üçün nəyin daha yaxşı ola biləcəyinə baxmalıyıq və məsələ budur".

Dövlət başçısı əlavə edib ki, Serbiyada 3-cü klasterin açılacağı ilə bağlı hələ də müəyyən ümidləri var.

"Əvvəllər yalnız Aİ-yə üzvü olmaqla irəliləmək və uğurlu olmaq mümkün idi. Ancaq biz yaxın zamanda Aİ-yə üzvü olmayacağıq, Ukrayna da olmayacaq, bir çox digər ölkələr də. Hazırda Kosovo və Metohiya məsələsi, Rusiya və Çinlə münasibətlər, getdikcə daha çox ABŞ ilə əlaqələr kimi digər məsələlər var".