09 iyul 2026 23:16
83

Uğurlu strateji inkişaf siyasətinin məntiqi nəticəsi

Azərbaycanın xarici siyasəti dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması və milli maraqların təmin edilməsi prinsipləri üzərində qurulub. Prezident İlham Əliyevin həyata keçirdiyi milli maraqlara söykənən, çoxvektorlu və praqmatik xarici siyasət Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb və onu qlobal miqyasda etibarlı tərəfdaşa çevirib. Dövlətimizin başçısının Qərb və Şərq ilə bağlı yürütdüyü fəal siyasət Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və ölkəmiz üçün əhəmiyyətli siyasi-iqtisadi münasibətlərin formalaşmasına əlverişli şərait yaradıb.

 Əlverişli coğrafi məkanda yerləşən Azərbaycan Qərb və Şərq, Şimal və Cənub ölkələrini birləşdirən ən qısa nəqliyyat və enerji dəhlizidir. Strateji əhəmiyyətli energetika və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması nəticəsində bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin arxitekturasında mühüm yer tutur.

Türkiyəli ekspert İlhan İşbaş mətbuata açıqlamsında bildirib ki, bu gün Azərbaycan yalnız Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa ilə Asiyanı birləşdirən strateji körpü rolunu uğurla yerinə yetirən mühüm geoiqtisadi mərkəzdir: “Dövlətin həyata keçirdiyi müstəqil siyasət, güclü iqtisadi potensial və müasir idarəetmə modeli ölkənin beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Azərbaycanın son illərdə qazandığı uğurlar təsadüfi deyil, ardıcıl həyata keçirilən strateji inkişaf siyasətinin məntiqi nəticəsidir. Ölkənin müstəqil siyasəti, yüksək beynəlxalq nüfuzu, iqtisadi dayanıqlığı və beynəlxalq nəqliyyat-logistika mərkəzi kimi mövqeyinin daha da güclənməsi yaxın illərdə də davam edəcək. Bu amillər Azərbaycanın yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının ən mühüm siyasi və iqtisadi güc mərkəzlərindən biri kimi rolunu daha da möhkəmləndirəcək”.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi sülh diplomatiyası Cənubi Qafqazda dayanıqlı sabitliyi və regional əməkdaşlığı təmin etməyə yönəlib. Azərbaycan liderinin mahir diplomat kimi atdığı addımlar işğaldan sonrakı dövrdə ölkənin beynəlxalq nüfuzunu gücləndirərək bölgədə yeni əməkdaşlıq formatlarının əsasını qoyub. Azərbaycan qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfər ilə Cənubi Qafqazda kök salmış 200 illik tarixi ədalətsizliyə əsaslanan status-kvonu aradan qaldırdı. Bakının regionda yaratdığı reallıqların sülh və təhlükəsizlik üçün möhkəm əsaslar formalaşdırdığı bütün beynəlxalq tribunalardan etiraf edilir. Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazda davamlı sülhün və əməkdaşlığın mümkünsüz olduğu müxtəlif güc mərkəzləri tərəfindən birmənalı vurğulanır.

Sülh gündəliyinə sadiqliyini əməli addımları ilə təsdiq edən Bakı regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesləri üzrə işlərin davam etdirilməsi istiqmətində daim konstruktiv mövqe nümayiş etdirir. Avropa İttifaqı ilə əməkdaşlığın genişlənməsi dövlətimizin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir. Enerji təhlükəsizliyi sahəsində formalaşmış strateji tərəfdaşlıq artıq iqtisadiyyatın digər sahələrinə də yayılır. Sülh prosesinə beynəlxalq dəstək həm də region ölkələri arasında qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Bu dəstək tərəflərin beynəlxalq hüquqa əsaslanan öhdəliklərini yerinə yetirməsinə, dialoqun davamlı olmasına və yeni əməkdaşlıq platformalarının yaranmasına mühüm töhfələr verəcək.

 Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurlu əməkdaşlıq nümunəsinə çevrilib. Azərbaycanın beynəlxalq nüfuzunun ən real göstəriciləri beynəlxalq təşkilatlarda, platformalarda təmsilçilik, diplomtik uğurlardır. Azərbaycan artıq 200-ə yaxın dövlətlə diplomatik münasibətlər qurub, dünyanın müxtəlif ölkələrində 90-dan çox diplomatik nümayəndəlik vasitəsilə təmsil olunur, 50-dən artıq beynəlxalq və regional təşkilatın tamhüquqlu üzvüdür. Respublikazmızın üzv olduğu mühüm təşkilatlara BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, MDB, ATƏT, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, D8 İqtisadi Əməkdaşlıq Təşkilatı və digərləri daxildir. 

2025-ci ildə Azərbaycan beynəlxalq təşkilatların seçkili orqanlarına irəli sürdüyü 14 namizədliyin hamısı üzrə qələbə qazanaraq 100 faizlik nəticəyə nail olub. Ölkə nümayəndələri BMT sisteminin müxtəlif qurumlarında, UNESCO, Ümumdünya Turizm Təşkilatı, ICESCO və digər beynəlxalq təşkilatların qərarverici strukturlarında təmsilçilik hüququ əldə ediblər. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyət göstərməsi, Qoşulmama Hərəkatına sədrliyi (2019-2023) və COP29-a, WUF13-ə ev sahibliyi beynəlxalq arenada Azərbaycan diplomatiyasının ən parlaq uğurlarındandır. BMT-nin müqavilə qurumlarında təmsilçilik baxımından ölkəmiz bütün BMT üzvləri arasında Çin ilə ikinci və üçüncü yerləri bölüşür.  

Bütün bunların fonunda əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü dövlət, etibarlı tərəfdaş və regionda sülhün əsas dayağı kimi çıxış edir. 

Zahid Rza, “İki sahil”