24 avqust 2026 20:07
148

Azərbaycan–Özbəkistan münasibətlərində yeni tarixi mərhələ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalacaq. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Ali Dövlətlərarası Şuranın III iclası, mühüm dövlətlərarası sənədlərin imzalanması, yeni iqtisadi layihələrin başlanması və ən əsası, Azərbaycan ilə Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir.

Azərbaycan və Özbəkistanı yalnız müasir dövlətlərarası münasibətlər deyil, dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir. Xalqlarımızın ortaq tarixi kökləri, dil və mədəniyyət yaxınlığı, qədim dövlətçilik ənənələri və qarşılıqlı ehtiramı siyasi münasibətlərin möhkəm təməlini təşkil edir. Son illərdə Azərbaycan–Özbəkistan əlaqələrinin sürətli inkişafı bu tarixi yaxınlığın müasir dövrün siyasi və iqtisadi reallıqları ilə uğurla uzlaşdırıldığını nümayiş etdirir.

Səfərin ən mühüm siyasi nəticəsi, şübhəsiz ki, Əbədi dostluq haqqında Müqavilənin imzalanmasıdır. Sənəd 23 avqustda Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev tərəfindən imzalanıb. Özbəkistan Prezidenti bu müqaviləni sammitin əsas nəticəsi və tarixi hadisə kimi qiymətləndirərək onun iki ölkənin əməkdaşlığı daha da dərinləşdirmək, mövcud imkanları genişləndirmək və müştərək gələcək qurmaq istəyini əks etdirdiyini vurğulayıb.

Əbədi dostluq haqqında Müqavilənin siyasi əhəmiyyətini daha aydın görmək üçün Azərbaycan–Özbəkistan münasibətlərinin son illərdə keçdiyi inkişaf yoluna nəzər salmaq kifayətdir. 2024-cü ildə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanması münasibətlərin strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəlməsini rəsmiləşdirmişdi. 2026-cı ildə Əbədi dostluq haqqında Müqavilənin imzalanması isə həmin siyasi xəttin daha uzunmüddətli perspektivdə davam etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu sənəd Azərbaycan və Özbəkistan xalqları arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinin dövlətlərarası səviyyədə daha möhkəm siyasi-hüquqi əsaslara söykənməsini təmin edən mühüm addımdır. Başqa sözlə, münasibətlərin gələcəyi yalnız bugünkü siyasi iradə ilə deyil, uzunmüddətli perspektivdə qarşılıqlı etimad və həmrəylik prinsipləri əsasında qurulur.

Səfərin digər mühüm hadisəsi Ali Dövlətlərarası Şuranın III iclasının keçirilməsi olub. Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin həmsədrliyi ilə keçirilən iclasda strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, siyasi dialoqun genişləndirilməsi, parlamentlər, hökumətlər, nazirliklər və regionlar arasında əlaqələrin gücləndirilməsi məsələləri müzakirə edilib. Tərəflər əldə olunan razılaşmaların səmərəli icrasını təmin etmək məqsədilə yol xəritəsinin hazırlanması barədə də razılığa gəliblər.

Azərbaycan və Özbəkistan arasında iqtisadi əməkdaşlığın getdikcə daha çox real layihələrə çevrilməsi də diqqətəlayiqdir. Səfər çərçivəsində bank və maliyyə sektoru, tikinti materiallarının istehsalı, təhsil, neft-qaz, turizm, yaşayış kompleksləri, mədən sənayesi və kənd təsərrüfatı kimi sahələrdə bir sıra layihələrin açılışı və təməlqoyma mərasimləri keçirilib. Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirdiyi “Davr Bank”, gips zavodu, STEAM məktəbləri, SOCAR-ın yanacaqdoldurma məntəqələri, “Sea Breeze Uzbekistan” və digər layihələr iki ölkə arasında investisiya əməkdaşlığının praktiki nəticələrini nümayiş etdirir.

Səfərin humanitar və mədəni istiqaməti də Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli xarakterini göstərir. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, Yeni Daşkənddə “Azərbaycan” parkının yaradılmasına başlanılması iki xalqın mədəni və mənəvi yaxınlığının mühüm ifadəsidir. Nizami Gəncəvi və Əlişir Nəvai irsini birləşdirən müştərək film layihəsinin hazırlanması da iki ölkənin ədəbi-mədəni əlaqələrinin yeni səviyyəyə yüksəldilməsinə xidmət edəcək.

Səfərin siyasi simvolizmi baxımından Prezident İlham Əliyevin “Dostluq” ordeni ilə, Prezident Şavkat Mirziyoyevin isə “Heydər Əliyev” ordeni ilə təltif olunması da xüsusi əhəmiyyət daşıyır. Bu qarşılıqlı təltiflər iki dövlət başçısının Azərbaycan–Özbəkistan dostluğunun və müttəfiqlik münasibətlərinin inkişafında xidmətlərinin yüksək qiymətləndirilməsinin ifadəsidir.

Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın mühüm dövlətləri kimi iki region arasında əlaqələrin gücləndirilməsində xüsusi rol oynayırlar. Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşməsi nəqliyyat, enerji, investisiya, ticarət və humanitar əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır.

Əminə Ağazadə,

Milli Məclisin deputatı