24 avqust 2026 18:41
101

Əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar

Ölkəmiz son illərdə həyata keçirdiyi xarici siyasət strategiyası ilə beynəlxalq arenada mühüm uğurlar əldə etmiş, həm regional, həm də qlobal aktorlar arasında etibarlı tərəfdaş kimi mövqe qazanmışdır. Prezident İlham Əliyevin balanslı, çoxşaxəli və prinsipial xarici siyasəti sayəsində Bakı bir sıra qlobal güclərlə strateji əməkdaşlıq əlaqələri quraraq, regional sabitliyin qorunmasında əhəmiyyətli rol oynamaqdadır. Azərbaycan dövlətinin xarici siyasətində tarixi, mədəni və strateji baxımdan yaxın olan regionlarla əlaqələrin yeni müstəviyə qaldırılması prioritet təşkil edir. Bu uğurlu xarici siyasət kursunda Mərkəzi Asiya ölkələri ilə münasibətlərin inkişafı mühüm yer tutur. Regionun sürətlə inkişaf edən dövlətlərindən olan Özbəkistan ilə əlaqələr də bu baxımdan böyük əhəmiyyətə malikdir. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulsa da, xalqlarımızı əsrlər boyu davam edən sarsılmaz dostluq və qardaşlıq telləri bağlayır.Ortaq tarixi, dini, mədəniyyəti və eyni soy-kökü bölüşən hər iki xalqın münasibətləri qədim dövrlərə gedib çıxır. Azərbaycan və Özbəkistan arasında münasibətlər son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı etimad və ortaq strateji maraqlar üzərində qurulan bu əlaqələr artıq sadəcə iki qardaş dövlət arasındakı ikitərəfli münasibətlər deyil, daha geniş regional əməkdaşlığın mühüm dayaqlarından biri kimi çıxış edir. Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri də məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır.Səfər Azərbaycan–Özbəkistan müttəfiqliyinin mövcud potensialının daha da genişləndirilməsi və strateji tərəfdaşlığın yeni istiqamətlər üzrə dərinləşdirilməsi üçün mühüm siyasi imkan yaradır.

Azərbaycanın türkdilli dövlətlərlə münasibətləri təkcə siyasi baxımdan deyil ,həm də milli maraqlar baxımdan da dinamikdir, daha həssasdır.Azərbaycanla Özbəkistan arasında mü­na­sibətlər də məhz bu məcrada inkişaf edib və et­mək­dədir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə də bunun təsdiqidir : “Ölkələrimizin həm ikitərəfli, həm də çoxtərəfli formatlarda mühüm məsələlərin həlli üzrə birgə səyləri yüksək qiymətə layiqdir. İki qardaş ölkənin - Azərbaycanın və Özbəkistanın bütün məsələlərdə bir-birini daim dəstəkləməsi faktı qürur hissi doğurur. Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Ötən il Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi. Təşkilat çərçivəsində əməkdaşlığa dair əsas məsələlər müzakirə edildi və TDT-nin möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin edilməsi, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması, həmçinin qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi məqsədilə bəyannamələr imzalandı.”

Ortaq tarixi, dini, mədəniyyəti və eyni soy-kökü bölüşən hər iki xalqın münasibətləri qədim dövrlərə gedib çıxır. İki xalq arasında qardaşlıq münasibətləri sovet dövründə də davam edib. 1930-cu illərin kütləvi repressiyaları zamanı on minlərlə azərbaycanlı Özbəkistanda sığınacaq tapıb. 1966-cı ilin zəlzələsindən sonra azərbaycanlılar Daşkəndin bərpasında fəal iştirak ediblər.

Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində xalqlarımız arasındakı bu mənəvi bağları belə qiymətləndirib: "İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb".

Münasibətlərin son illərdə yüksək inkişaf səviyyəsinə çatdığını xatırladan dövlət başçımız bu iki dövlət arasında siyasi dialoqun da yüksək səviyyədə olduğunu bildirərək dedi: “2024-cü ilin avqustunda mənim Özbəkistana dövlət səfərim, 2025-ci ilin iyulunda isə Özbəkistan Prezidentinin Azərbaycana döv­lət səfəri oldu. Bu ikitərəfli səfərlər zamanı imzalanan çoxsaylı sənədlər, xüsusən “Strateji tərəf­daşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Mü­qa­vi­lə” iki müstəqil, güclü və suveren dövlətimiz arasında təbii müttəfiqliyi rəsmi olaraq möhkəm­lən­dirdi. Bu sənədlər ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da güc­lən­dir­di və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı”.

İqtisadi-ticari əməkdaşlığımızın son illərdə sürətli inkişaf dinamikası nümayiş etdirdiyini bildirən Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artdığını və 795 milyon dollar təşkil etdiyini bildirdi. Dövlətimizin başçısı sonra əlavə etdi ki, iki ölkə arasında tranzit daşımalarında artım müşahidə olunur. “2025-ci ildə daşımaların həcmi 6,7 faiz artıb və 1,4 milyon tona çatıb. Bu ilin yanvar-iyun aylarında da 12,2 faizlik artım qeydə alınıb və həmin göstərici 675 min ton təşkil edib”, - deyən Prezident birgə layihələr və onun əhəmiyyətindən də söz açdı. “Özbəkistan tərəfi ilə həyata keçirilən bir sıra birgə layihələr ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə və yeni inkişaf imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verir. İşğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınmasını, həmçinin “Chevrolet” və “Isuzu” markalı avtomobillərin istehsalı sahəsində əməkdaşlığı bu istiqamətdə xüsusi qeyd etmək olar. Arayış üçün deyə bilərəm ki, 2026-cı il iyulun 13-nə olan məlumata görə, ümumilikdə “Chevrolet” markalı 10 min 720 avtomobil və “Isuzu” markalı 275 avtobus istehsal edilib”.

Dövlətimizin başçısı iki ölkə arasında mədəni, humanitar və təhsil sahəsindəki qardaşlıq əlaqələrinin strateji əhəmiyyətini vurğuladı. Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvi adını daşımasının və Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasının, habelə işğaldan azad edilmiş ərazilərin bərpasına dəstəyin qarşılıqlı münasibətlərin ən parlaq nümunələri kimi qeyd edildi.

Dövlət başçısı Azərbaycanın Mərkəzi Asiya ölkə­ləri ilə siyasi dialoqun genişləndirilməsinə, iqtisadi əlaqələrin dərinləşdirilməsinə, nəqliyyat və kommunikasiya imkanlarının artırılmasına, həmçinin enerji və humanitar sahələrdə əmək­daş­lığın inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini də xatırladaraq məşvərət görüşləri çərçivə­sində aparılan diskussiyaların region ölkələri arasında qarşılıqlı etimadı daha da gücləndir­məyə, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirməyə və regional inkişaf naminə mü­hüm təşəb­büs­ləri həyata keçirməyə imkan verdiyini də qeyd etdi.

Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistanın Milli İnforma­si­ya Agentliyinə verdiyi müsahibə iki dövlət arasında münasibətlərin mahiyyətini aydın şəkildə göstərdi.Hazırda eyni soy-kökə və uzun tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Əminik ki, ölkələrimiz arasındakı qarşılıqlı etimada söykənən və əsrlərdir davam edən dostluq və qardaşlıq əlaqələri bundan sonra da inkişaf edəcək, xalqlarımızın rifahının yaxşılaşmasına xidmət göstərəcək.

Seyfəddin Əliyev,

YAP Masallı rayon təşkilatının sədri