10 iyul 2026 11:30
141

Müstəqilliyimizin həmyaşıdı, dövlətçilik ideallarının carçısı: “İKİ SAHİL” QƏZETİ 35 YAŞINDA

Müasir Azərbaycan mətbuatının formalaşmasında, milli mətbuat ənənələrinin qorunaraq yeni dövrün çağırışlarına uyğunlaşdırılmasında özünəməxsus yeri və dəst-xətti olan “İki sahil” qəzetinin fəaliyyətə başlamasından 35 il ötür. Azərbaycan Respublikasının müstəqillik tarixi ilə eyni dövrü paylaşan bu nüfuzlu mətbuat orqanı, ötən onilliklər ərzində çətin, lakin son dərəcə şərəfli bir inkişaf yolu keçmişdir. Yarandığı ilk gündən etibarən tutduğu yoldan, milli məfkurəyə xidmət prinsipindən və əqidəsindən dönməyən qəzet, ölkəmizin ictimai-siyasi həyatında hər zaman fəal və mübariz mövqeyi ilə seçilmişdir.

“İki sahil” qəzetinin Azərbaycanın müstəqillik mücadiləsi illərindəki fəaliyyəti Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. Ulu Öndər qəzetin cəsarətli və prinsipial mövqeyini xüsusi vurğulayaraq belə demişdir: “O vaxt "İki sahil" qəzeti yaranmışdı. Mən hesab edirəm ki, bu qəzet də çox iş görmüşdür. Bu qəzet indi də Yeni Azərbaycan Partiyasına xidmət edir. Amma o vaxt bu partiya yox idi, lakin "İki sahil" qəzeti çox cəsarətli məqalələr verirdi. Mən təkcə Naxçıvanı götürmürəm, ədalətsiz hadisələrə qarşı Azərbaycanın ayrı-ayrı vətəndaşlarının, ziyalılarının fikrini dərc etməkdə bu qəzet yaxşı fəaliyyət göstərmişdir, indi də göstərir. Mən bunu da yüksək qiymətləndirirəm.”

Dahi rəhbərin bu tarixi kəlamları, “İki sahil” qəzetinin fəaliyyətinə və  onun kollektivinin əməyinə verilən ən ali, dəyişməz qiymətdir. Məhz bu mənəvi irsdən güc alan qəzet, hər zaman həqiqət carçısı funksiyasını uğurla daşımış, cəmiyyəti düşündürən aktual problemləri, dövrün mütərəqqi ideyalarını operativ şəkildə işıqlandırmışdır. Bununla da xalqımızın maariflənməsində, milli-mənəvi və bəşəri dəyərlərin geniş kütlələrə təbliğində mühüm missiya yerinə yetirmişdir.

Müasir mərhələdə “İki sahil” qəzeti dövlət quruculuğu proseslərinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən uğurlu daxili və xarici siyasətin dinamikasını, Azərbaycanın beynəlxalq müstəvidə qazandığı diplomatik uğurları peşəkarlıqla oxucuya çatdırır. Ölkə mədəniyyətinin, incəsənətinin, elminin və təhsilinin inkişaf mərhələləri qəzetin səhifələrində geniş, analitik materiallarla əks olunur. Bununla yanaşı, medianın rəqəmsallaşması dövrünün çağırışlarına çevik reaksiya verən redaksiya, “ikisahil.az” internet portalı və “İki sahil TV” internet televiziyası vasitəsilə öz coğrafiyasını daha da genişləndirmiş, müasir media trendlərinin ön sıralarında qərarlaşmışdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar, sosial və mədəniyyət sahələrində həyata keçirdiyi çoxşaxəli fəaliyyət də qəzetin diqqət mərkəzindədir. "İki sahil" qəzetinin səhifələrində Mehriban xanım Əliyevanın təhsil, səhiyyə, mədəni irsin qorunması, sosial layihələrin həyata keçirilməsi, şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğı, eləcə də beynəlxalq humanitar təşəbbüslərlə bağlı fəaliyyəti mütəmadi olaraq oxuculara təqdim edilir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən ölkə daxilində və xaricdə reallaşdırılan sosial, təhsil, səhiyyə və mədəniyyət layihələri barədə hazırlanan materiallar qəzetin informasiya siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir.

Qəzetin fəaliyyətində diqqətçəkən və onun nüfuzunu şərtləndirən mühüm amillərdən biri də ölkə iqtisadiyyatının flaqmanı olan SOCAR-ın təsisçiliyi ilə işıq üzü görməsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının reallaşdırılmasına və davamlı tərəqqisinə mühüm töhfələr verən SOCAR, bu gün Prezident İlham Əliyevin tapşırıq və rəhbərliyi altında qlobal miqyasda ən modern, rəqabətədavamlı şirkətlərdən biridir. “İki sahil” qəzeti öz təsisçisinin genişmiqyaslı fəaliyyətini, ölkəmizin dayanıqlı iqtisadi inkişafında oynadığı strateji rolu və icra olunan nəhəng layihələri ictimaiyyətə dolğun və dürüst təqdim etmək missiyasını uğurla davam etdirir.

35 illik fəaliyyəti dövründə dövlətçilik prinsiplərinə sadiqlik və peşəkar jurnalistika prinsipləri üzərində qurulan “İki sahil” qəzeti, bu gün də müstəqil Azərbaycanın tərəqqisi naminə inamla addımlayır. Bu əlamətdar yubiley münasibətilə qəzetin baş redaktoru cənab Vüqar Rəhimzadə başda olmaqla, bütün yaradıcı və texniki heyəti ürəkdən təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.

Hicran Hüseynova,
Milli Məclisin Komitə sədri