31 iyul 2026 12:00
103

Məktəbdə təmayül dövrü başlayır: Şagirdlərə hansı imkanlar yaradılacaq?

Pərvinə Qədimova: Məktəbin özü əlavə hazırlığın əsas ünvanına çevrilə bilər

Bakıda 31 məktəbdə yuxarı siniflər üçün yeni təmayül tədris modelinin tətbiqinə başlanılması orta təhsil müəssisələrinin yalnız ümumi biliklərin verildiyi məkan kimi deyil, həm də şagirdin gələcək təhsil istiqamətinə hazırlandığı əsas mühit kimi rolunu ön plana çıxarır.

2026-2027-ci tədris ilindən başlayaraq tətbiq olunacaq model X və XI sinifləri əhatə edəcək. Tədrisin şagirdlərin seçəcəyi istiqamətlərə uyğun qurulması və müəyyən fənlərin daha dərindən öyrədilməsi nəzərdə tutulur. Modelin ən diqqətçəkən tərəfi isə ali məktəbə hazırlığın orta təhsil müəssisələrinin daxilində gücləndirilməsidir. Qeyd edək ki, Azərbaycanda yuxarı sinif şagirdlərinin əlavə hazırlıq kurslarına və repetitor xidmətlərinə müraciəti kifayət qədər geniş yayılıb. Bu baxımdan yeni yanaşma məktəbin verdiyi təhsillə qəbul imtahanına hazırlıq arasında yaranan boşluğu azaltmaq cəhdi kimi qiymətləndirilə bilər. Lakin burada əsas sual modelin tətbiq olunub-olunmayacağı deyil, məktəbdə keçilən hazırlığın şagird və valideyn üçün repetitorla müqayisədə nə dərəcədə rəqabətqabiliyyətli olacağıdır. Bunun üçün yalnız tədris proqramının dəyişdirilməsi kifayət etmir. Müəllim seçimi, dərs saatlarının səmərəli təşkili, siniflərdə şagird sayının idarə olunması və tədrisin keyfiyyətinə nəzarət də nəticəyə birbaşa təsir göstərə bilər.

Yeni model çərçivəsində müəllimlərin də seçim əsasında prosesə cəlb olunması nəzərdə tutulur. Bu məqam xüsusilə əhəmiyyətlidir. Çünki təmayülləşmənin real nəticəsi seçilən fənlərin sayından daha çox həmin fənlərin necə tədris olunmasından asılı olacaq. Digər tərəfdən, X sinifdən şagirdin müəyyən istiqamətə yönəlməsi onun gələcək ixtisas seçiminə də təsir göstərə bilər. Bu səbəbdən təmayül seçiminin yalnız yüksək nəticə əldə etmək məqsədi ilə deyil, şagirdin marağı, bacarığı və gələcək planları nəzərə alınmaqla aparılması vacibdir.

Hazırda yeni modelin tətbiq ediləcəyi məktəblərin siyahısı açıqlanıb. Sistemə qoşulmaq istəyən şagird və müəllimlərin qeydiyyatı elektron formada həyata keçirilir. Qeyd edək ki, yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyat prosesinin vaxtı sentyabrın 1-dək uzadılıb.

Yeni yanaşmanın qarşıdakı əsas sınağı isə onun məktəbdə əlavə hazırlığa ehtiyacı həqiqətən azaldıb-azaltmayacağı olacaq. Əgər şagird həm məktəb proqramını mənimsəyir, həm də qəbul imtahanına lazımi səviyyədə hazırlaşa bilirsə, bu, məktəbin təhsil prosesindəki rolunun güclənməsi deməkdir. Əks halda, təmayül modelinin yalnız formal dəyişiklik olaraq qalması riski yaranır.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirdi ki, yeni təmayül modeli düzgün və ardıcıl şəkildə tətbiq olunarsa, Azərbaycanda məktəb-repetitor münasibətinə əhəmiyyətli təsir göstərə və şagirdlərin əlavə hazırlığa olan ehtiyacını ciddi şəkildə azalda bilər: “Bu modelin ən böyük üstünlüyü ondan ibarətdir ki, şagirdlər yuxarı siniflərdə seçdikləri istiqamət üzrə daha məqsədyönlü, sistemli və dərin təhsil almaq imkanı qazanacaqlar. Bu isə həm tədrisin keyfiyyətini artıracaq, həm də məktəbin ali təhsilə hazırlıq prosesində rolunu gücləndirəcək.

Əgər təmayül siniflərində tədris müasir metodlarla təşkil olunarsa, qəbul proqramına uyğun məzmun təqdim edilərsə və şagirdlərin fərdi inkişafı diqqətdə saxlanılarsa, məktəbin özü əlavə hazırlığın əsas ünvanına çevrilə bilər. Belə olduqda repetitor dəstəyi zərurətdən daha çox fərdi seçim xarakteri daşıyacaq."

Həmsöhbətimizin sözlərinə görə, bu modelin uğuru üçün ilk növbədə təmayül siniflərinin yüksək səviyyədə təşkil edilməsi vacibdir. Həmin siniflərdə peşəkar müəllimlərin çalışması, dərslərin praktik yönümlü və şagirdyönümlü metodlarla keçirilməsi, müasir resurslardan istifadə olunması şagirdlərin məktəb daxilində keyfiyyətli hazırlıq almasına imkan yaradacaq. Müəllimin dərsdə tətbiq etdiyi yanaşma şagirdin düşünmə, analiz etmə və problemi həll etmə bacarıqlarını inkişaf etdirdikdə, əlavə hazırlığa ehtiyac da təbii şəkildə azalacaq. Eyni zamanda, qiymətləndirmə sistemi ilə qəbul imtahanlarının tələbləri arasında uyğunluğun daha da gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Şagird məktəbdə qazandığı bilik və bacarıqların qəbul prosesində birbaşa qarşılığını gördükdə, həm məktəbə inam artacaq, həm də dərsə motivasiya yüksələcək.

P. Qədimovanın sözlərinə görə, təmayül modelinin digər üstünlüyü şagirdlərə vaxtdan daha səmərəli istifadə etmək imkanı verməsidir: “Günün böyük hissəsini məktəbdə keyfiyyətli hazırlığa sərf edən şagird axşam saatlarını əlavə dərslərə deyil, mütaliəyə, layihələrə, idmana, yaradıcılığa və şəxsi inkişafına ayıra bilər. Bu isə həm akademik nəticələrə, həm də uşaqların psixoloji və sosial inkişafına müsbət təsir göstərəcək.

Yeni təmayül modeli yalnız tədris formasında deyil, təhsil fəlsəfəsində də mühüm dəyişiklik yaratmaq potensialına malikdir. Düzgün idarəetmə, güclü müəllim hazırlığı, keyfiyyətli tədris resursları və səmərəli qiymətləndirmə sistemi ilə bu model məktəbi şagirdin əsas inkişaf mühitinə çevirə, repetitorluğa olan məcburi ehtiyacı isə əhəmiyyətli dərəcədə azalda bilər.”

Şahnigar Əhmədova, “İki sahil”