Ekspert: “Əsas məsələ “hara balım çatır?” sualından daha çox, “mən hansı sahədə özümü görürəm və bu seçim gələcək üçün nə vəd edir?” sualına cavab tapmaqdır”
Ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün ən məsuliyyətli mərhələlərdən biri olan ixtisas seçimi artıq başa çatmaq üzrədir. Avqustun 12-də başlayan ixtisas seçimi prosesi avqustun 19-u saat 23:59-da yekunlaşacaq. Bu isə abituriyentlərin qərarlarını son dəfə nəzərdən keçirməsi, seçim etdikləri ixtisasların ardıcıllığını, kodlarını, ixtisas qrupunu və təhsil formasını diqqətlə yoxlaması üçün artıq çox az vaxtının qaldığı anlamına gəlir.
İmtahanda toplanan bal qədər doğru ixtisas seçiminin də gələcək təhsil və karyera baxımından əhəmiyyətli olduğu bu mərhələdə abituriyentlər bəzən yalnız “balım hara çatır?” sualına fokuslanırlar. Halbuki seçim zamanı şəxsi maraq və bacarıqlar, real qəbul imkanları ilə yanaşı, ixtisasın gələcək perspektivləri də nəzərə alınmalıdır. Son günün yaratdığı tələskənlik isə bu meyarların kölgədə qalmasına və düşünülməmiş qərarların verilməsinə səbəb ola bilər.
Digər tərəfdən, valideynlərin, yaxınların və dostların tövsiyələri də seçim prosesinə ciddi təsir göstərir. Prestijli hesab edilən və ya yüksək keçid balı olan ixtisasa yönəlmək hər zaman uğurlu seçim demək deyil. Əsas məsələ abituriyentin özünü hansı sahədə görməsi, həmin istiqamətdə inkişaf etmək istəyinin və potensialının olub-olmamasıdır.
Bəs, İxtisas seçiminin son günündə abituriyentlər ən çox hansı səhvlərə yol verirlər və son anda seçim edənlər nəyə xüsusilə diqqət etməlidirlər?

Abituriyent ixtisas seçərkən öz istəyini, topladığı balı və gələcək əmək bazarını necə balanslaşdırmalıdır?
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri, Təhsil İnstitutunun baş metodisti Pərvinə Qədimova "İki sahil"ə açıqlamasında bildirdi ki, ixtisas seçiminin son günü abituriyentlər üçün ən böyük risk tələsik qərar vermək və seçimlərini yalnız topladıqları bala əsasən formalaşdırmaqdır: “Bu mərhələdə əsas məsələ “hara balım çatır?” sualından daha çox, “mən hansı sahədə özümü görürəm və bu seçim gələcək üçün nə vəd edir?” sualına cavab tapmaqdır. Son anda seçim edənlər ilk növbədə ixtisasların ardıcıllığını, kodlarını, ixtisas qrupunu və təhsil formasını diqqətlə yoxlamalıdırlar. Daha çox istədikləri ixtisasları sırf qəbul ehtimalı aşağıdır deyə arxa sıralara keçirmək düzgün deyil. Eyni zamanda, yalnız yüksək riskli seçimlər etmək də məqsədəuyğun deyil. Siyahıda həm arzulanan, həm real, həm də alternativ seçimlərin olması daha sağlam strategiyadır.
Üç sual, bir seçim
Ekspert qeyd etdi ki, ixtisas seçərkən şəxsi istək, bal və əmək bazarı birlikdə qiymətləndirilməlidir: “İstək motivasiyanı, bal real qəbul imkanını, əmək bazarı isə seçimin gələcək perspektivini müəyyənləşdirir. Yalnız yüksək bal topladığı üçün sevmədiyi ixtisası seçmək və ya yalnız arzusuna əsaslanaraq qəbul ehtimalını nəzərə almamaq düzgün yanaşma deyil. Abituriyent özünə üç əsas sual verməlidir: “Bu sahəyə marağım varmı?”, “Topladığım balla real imkanlarım hansılardır?”, “Bu ixtisas gələcəkdə hansı peşə və inkişaf imkanlarını yaradır?” Bu sualların cavabları seçimlərin daha məqsədyönlü qurulmasına kömək edir.
Başqasının arzusu ilə ixtisas seçmək...
P. Qədimovanın sözlərinə görə, valideyn və yaxınların məsləhəti faydalıdır, amma son qərar abituriyentin maraq və potensialına uyğun olmalıdır: “Dostların seçimi, ixtisasın yalnız “prestijli” hesab edilməsi və ya başqalarının gözləntiləri qərarın əsas meyarına çevrilməməlidir. Ən əsası isə seçim son dəqiqəyə saxlanmamalıdır. Qərar verildikdən sonra bütün məlumatlar yenidən yoxlanmalı və seçimlər soyuqqanlı şəkildə təsdiqlənməlidir. Doğru ixtisas seçimi gələcəkdə özünü inkişaf etdirə biləcəyin sahəni seçməkdir”.
Nigar Orucova, “İki sahil”
İsrail kəşfiyyatı HƏMAS-ın yeni hücumlar hazırlaması barədə ABŞ-yə məlumat verib