22 avqust 2026 23:58
119

Almaniya Kansleri məzuniyyətdən sonra ilk səfərini meşə yanğını bölgəsinə edib

Almaniya Kansleri Fridrix Merts üçhəftəlik məzuniyyətdən sonra ölkənin Şimali Reyn-Vestfaliya əyalətində meşə yanğınlarının baş verdiyi Hürtgenvald bölgəsinə səfər edib.

“İki sahil” xəbər verir ki, Kansler meşə yanğınlarının fəsadları ilə tanış olub və yanğının söndürülməsində iştirak edən xilasedicilərə təşəkkür edib.

F.Merts bildirib ki, son illərdə irimiqyaslı təbii fəlakətlərin artması iqlim dəyişikliyi ilə bağlıdır. Onun sözlərinə görə, Almaniya gələcəkdə belə hadisələrin daha tez-tez baş verməsinə hazır olmalıdır.

“Təəssüf doğuran nəticə budur ki, belə hadisələrin sayının artacağını və daha tez-tez baş verəcəyini gözləməliyik. Bu, iqlim dəyişikliyidir. Bütün iqlim dəyişikliyini inkar edənlərə demək istəyirəm: burada baş verənlərə diqqətlə baxın”, - deyə Kansler vurğulayıb. O, federal hökumətin iqlim dəyişikliyinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcəyini bildirib.

F.Merts yanğının söndürülməsində yanğınsöndürənlərin, Bundesverin, texniki yardım və digər qurumların, eləcə də kənd və meşə təsərrüfatı əməkdaşlarının birgə fəaliyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Hürtgenvaldda baş verən yanğın nəticəsində təxminən 400 hektar meşə ərazisi yanıb.