24 avqust 2026 12:34
93

Gürcüstan Baş Prokurorluğu Qaribaşviliyə qarşı yeni korrupsiya ittihamı irəli sürüb

Gürcüstan Baş Prokurorluğu qanunsuz gəlirlərin leqallaşdırılmasına görə cəza çəkən keçmiş Baş nazir İrakli Qaribaşviliyə qarşı yeni korrupsiya ittihamı irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə brifinqdə Gürcüstanın Baş prokurorunun müavini Amiran Quluaşvili məlumat verib.

"Gürcüstan Prokurorluğu keçmiş Baş nazir İrakli Qaribaşviliyə bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq xüsusilə külli miqdarda rüşvət alma maddəsi üzrə ittiham irəli sürüb", — deyə Quluaşvili bildirib.

Yeni məlumatlara əsasən, keçmiş müdafiə naziri Cuanşer Burçuladze Qaribaşvili ilə Müdafiə Nazirliyinin ehtiyacları üçün müəyyən bir şirkətdən istənilən qiymətə avadanlıq alınması və bunun müqabilində nağd pul mükafatı əldə edilməsi barədə razılığa gəlib. Korrupsiya sövdələşməsi nəticəsində Müdafiə Nazirliyi real dəyəri 11,5 milyon lari (təxminən $4,4 milyon) olan tibbi aparatları və müxtəlif inventarları 18,5 milyon lariyə (təxminən $7,1 milyon) satın alıb.

Satınalmalarda iştirak edən biznesmen Burçuladzenin qohumu Vasil Mxeidzeyə 1,9 milyon lari (təxminən $0,7 milyon) verib. Mxeidze bu məbləğdən 400 min lari (təxminən $153,8 min) özünə saxlayıb, Burçuladze və Qaribaşvili isə hərəyə 750 min lari (təxminən $288,5 min) əldə ediblər.